Xəbər verdiyimiz kimi, ötən ilin sonunda “Yeni Ulduz” mahnı yarışmasının məşhur iştirakçısı, müğənni Samir Cabbarov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, mərhum ifaçının həyat yoldaşı, müğənni Oksana xanım yaxınlarını bir araya toplayıb, Samirin xatirə gecəsini keçirib.
Oksana həyat yoldaşı ilə bağlı xatirələrini “Space maqazin” verilişi ilə bölüşərkən, göz yaşlarına boğulub:
“Yaxşı ki, Samirdən qalan yüzlərlə səs və videogörüntülər var. Ağladığım zaman onun arxivinə baxıram. Elə bilirəm ki, bir anlıq və saniyəlik onunla qarşılaşıram. Onu eşidib, vizual olaraq gördüyüm üçün şükür edirəm. Təsəllimi onunla alıram. Bunlar olmasaydı bəs necə olardı? Amma təsəlli heç nə vermir. Bir-birinə bağlı olan insanlar birdən qopanda... (ağlayır). On gün bundan öncə Samirin 33 yaşı olacaqdı. Sadəcə o yaşına bir ay bir günü çatmadı.
O cənnətə qovuşdu. Xəstə vaxtında günlərini sayırdı. Deyirdi ki, 33 yaşımda rəhmətə gedəcəyəm. Elə də oldu... Kaş ki, bunlar baş verməzdi. Onun 33 yaşını bir yerdə keçirərdik. Dörd divar arasında qalanda hisslərimi və fikirlərimi yalnız sosial şəbəkədə yazdıqlarımla çatdıra, bölüşə bilirəm. Bununla elə bilirəm ki, o, məni eşidir”.
Rəşad Əliyev, Bizim.Media