“Neçə gündür səngimək bilməyən mövzuya bir vergül də mən qoymaq istəyirəm. Baxıram ki, nöqtə qoymaq fikirləri yoxdur, yəqin ki, sonra da kimsə bu mövzunu davam etdirəcək. Rayondan, əyalətdən, kənddən, qıraqdan gələnlər, yerli-yersiz söhbətlər. Biz qıraqdan gələn olduq? Siz yerlisiz, biz qıraq? Siz asfaltsız, biz torpaq? Ömür boyu şəhərin kəndə işi düşüb. Rayonun qatığı, südü, buğdası, əti, qaymağı mədənizə gedəndə yaxşıdır? İndi özümüz pis olduq?”
Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamasında deyib.
Sənətçi Əməkdar artist Bəhram Bağırzadənin istər cəmiyyətdə, istərsə də məşhurlar arasında müzakirə predmetinə çevrilən “rayonlu-şəhərli” fikirlərinə münasibət bildirib.
Nazilə açıqlamasında rayonda yaşayan insanları şəhərdəkilərdən üstün tutduğunu deyib:
“Qarapapaq türküyəm, Borçalı əsilliyəm, 1993-cü ildən Azərbaycan vətəndaşıyam. Müharibədə dayım oğlu da savaşdı, 5 gün itkin düşdü. Valideynlərini şirin dilə basa-basa, anasının ürəyi dayanmasın deyə, bir-bir morqları gəzəndə, itkinlərin içində qardaş deyib ağlayanda, özümü döyəndə biri soruşaydı... Ki, sən hara, morq hara, döyüş hara? Gürcüstanlısan burada nə gəzirsən? Dəvəniz düzə çıxdı? İndi qıraq olduq?
Səngərdəki oğlanların 90 faizi rayonludur. Vətənin o başı, bu başı var? Qarabağı almaq üçün rayonlu da, bakılı da döyüşdü. İndi bu nə təxribatdır yaratmısınız? Rayon camaatı ikinci növdür? Niyə belə edirsiniz? Rayonda ən kasıb balası da ziyalıdır. Bakıya gəlib kimin damını uçurtmuşuq? Şoran, neft qaynayan torpaqlarda ev tikib yaşayırıq. Kimin gözünü çıxardırıq
Yayda canınızı od basanda nə yaxşı dağa gedirsiniz? Getməyin də, deyin ki, nə olsa, Bakıdır.
Fikir vermişəm, rayon söhbətini salanların birinin də Bakıdan xəbəri yoxdur. Deyir mədəniyyət şəhərdədir. Salyanlılar toy danışmağa gəlmişdilər, tələsirdilər. Dedilər ki, rayona teatr gəlib, orada iştirak etməlidirlər. Camaat rayonda teatra gedir. Bakıda heç 10 faiz getmir. Bir sözü deyəndə fikirləşin ki, neçə ürək qırırsınız. Ziyalılardan nə qədəri rayonludur?
Onsuz da bizi bölüblər də... Borçalı, Təbriz yetim kimi mələyir, Dərbənd orada bağlı qalıb. Siz nə edirsiniz? Əziz bakılılar, bilirəm ki, bu sizin işiniz deyil, heç vaxt gəlmə söhbəti etməmisiniz. Bu hansı təbliğatdırsa, yaxşı iş görmürsünüz”.
Rəşad Əliyev, Bizim.Media