“Gəl, danış” ictimai-sosial verlişdə müğənni Mətanət Əsədovanın yalanı üzə çıxıb.
Bizim.Media xəbər verir ki, oğlu və nəvəsi üçün sözügedən proqrama pənah gətirən Firəngiz adlı qadın Mətanətlə bağlı iddia ortalığa atıb.
Həmin qadının sözlərinə görə, M.Əsədova onun qudasının evini öz evi, nəvəsini isə qızı kimi təqdim edib:
"Oğlum həbs edildi. Həyat yoldaşı Günel isə o ərəfədə ondan ayrıldı. Onun anası məşhur “Lady Məryəm” idi. 2016-cı ildə Günel anasını öldürdü. Nəvəm Zəhra hazırda uşaq evindədir. Bir gün gördük Mətanət Əsədova evini göstərir ki, mənzilimdən cadu çıxdı. Həmin ev Məryəmin evi idi. Mənim nəvəmi isə deyir, qızımdır. Uşaq onların əlində oyuncaq olub”.
Verilişin gedişatında Mətanət Əsədova telefonla canlı efirə bağlanaraq, məsələ ilə bağlı açıqlama verib.
“O nənə bu zamana kimi harada idi? O evdə çəkiliş olub. Zarafatla dedilər ki, de ki Zəhra sənin uşağındır. Məni də çox istəyirdi. Hamı bilir ki, subayam. Allah o Zəhradan hamıya qismət eləsin. Həmin o xanımgilin evinə qonaq gəlmişdim.
Onda maqazin verilişi qəfil gəlib çəkiliş etmək istədiklərini söylədilər. Razılığını verdim, çəkiliş oldu. Hətta orada dedim ki, lazım deyil, uşağı mənim qızım kimi təqdim etmək. Heç uşaq mənə oxşamır. O sarışın, gözləri göydür. Yəqin atasına oxşayır (gülür). Heç o xanımı tanımıram. Məryamı tanıyıram”, - deyə Mətanət vurğulayıb.
Qeyd edək ki, sözügedən çəkiliş bir neçə il əvvəl olub.
Rəşad Əliyev, Bizim.Media