Azərbaycanı 2019-ci ildə “Truth” mahnısı ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Səudiyyə Ərəbistanının Məkkə şəhərini ziyarət edən Çingiz "Kəbə" evinin qarşısında çəkdirdiyi fotonu izləyiciləri ilə paylaşıb.
“Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm. Hətta rayondakı evimizdə də divarda Məkkənin fotosu var idi. Bu müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Kəbəyə yaxınlaşmağa başlayanda içimdən heç vaxt hiss etmədiyim və heç vaxt təkrar olunmayacaq hisslər keçirdim. Sanki ürəyim lotos gülü kimi açılmağa başladı. Hətta bir anlıq qorxu gəldi içimə, elə bildim özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin”, - deyə Ç.Mustafayev qeyd edib.
Rəşad Əliyev, Bizim.Media