Nankorun aqibəti...

Nankorun aqibəti...

Hazırda oxunan: Nankorun aqibəti...

77888
Bu gün cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Bankdan kredit alan iş adamlarının, sahibkarların  kütləvi  həbs edilməsidir. Sizi bilmirəm, şəxsən mən bunu  bəyənirəm. Bəyənirəm demək hələ azdır, mən bunu  lap alqışlayıram. Məgər onlar  hələ də başa düşmürdülər  ki, bu bankın yiyəsi var və onun pulunu götürüb sağa - sola xərcləmək olmaz? Bəlkə onlar elə bilirdilər millətin 95 faizini  boğan bu şoğərib krediti onlara kef üçün verirdilər?  Xeyr, bir daha xeyr. Bax belə yerdə deyirlər ki, pulu olanın ağlı olmaz. Nə olsun pul qazanmağı bacarırlar, xərcləməyi, daha doğrusu, saray vergisini ki, vaxtında verməyi bacarmırlar. Yəqin onlar fikirləşiblər ki, mirasa qalmış krediti alanda baş sahibkar-baş bankir, Mərkəzi Bankın əvəzolunmaz prezidenti  Elman əkə tərəfindən qoyulmuş  taksanı, ”x9dşapka”x9dnı-20 faizi  verəndən sonra nə istəsələr edə bilərlər. Amma onlar qanmırdılar ki, bununla iş bitmir. O krediti götürüb hər ay faizini ödəmək öz yerində, qazancı da qəpiyinə qədər vermək lazım idi axı. Daha yaxşı olardı ki, əvvəllər dərisi boğazından çıxarılmış  həmkarlarından ibrət götürüb  hops- topla qamarlanıb içəri atılan sahibkarlar krediti alan kimi onu ümumi "katyol"a ötürəydi, onda işləri daha “xod“ gedərdi.                                                                                                                                Bununla belə, ömrü boyu bu hakimiyyət tərəfindən  tasa oturulmuş, soğan kimi soyulmuş, dərdini heç kəsə deyə bilməyən- içi özünü, çölü özgəsini yandıran sahibkarkarı, onların qohum əqrəbalarını arxayın edirəm ki, narahat olmasınlar, papaqlarını köndələn qoysunlar, ürəklərini buz kimi saxlasınlar. Puldan ötrü sinov gedən bu  hakimiyyəti həmişə yemləyən  iş adamlarını heç də  siyasi məhbuslar kimi şərləyib uzun müddət içəridə saxlamayacaqlar. Sadəcə onların  bütün var- yoxlarını, qızıllarını, daşınar və daşınmaz əmlaklarını, xaricdəki pullarını, bir sözlə, hər şeylərini əllərindən alıb onları xoruza yük edəcək,  sonra da  dinməzcə buraxacaqlar.                                                                                                  
Əlbəttə, necə deyərlər, imam üçün  ağlayanda yezid üçün də ağlamaq lazımdır. Əgər onlar bunu qanmırdılarsa gərək Beynəlxalq Bankın baş cibgiri Cahangir əkə onları başa salaydı. Söhbət  o  Hacıyevdən gedir ki, bu hakimiyyət cəmiyyət qarşısında, millət qarşısında rüsvay olmaq hesabına  da olsa onun həyat yoldaşını  dünya malına-pula görə oğurlayan bandanı tutmağa məcbur olmuşdu. Yoxsa banda ilə nə işləri var idi ki?   Uzun illər dövlət strukturunda maskalanmış bu banda gül kimi fəaliyyət göstərir, sifarışlə insanları oğurlayıb bir göz qırpımında torbasını tikirdilər. Cahanir əkəni  də  vəzifədə otuzduranlar bu yardımı ona görə etməmişdilər ki, o,  yaxşı mütəxəssisdir, 20 ildir Beynəlxalq Bankda külüng çalır, tər tökür. Bunu ona görə etmişdilər ki, onu özlərinə  hamıdan yaxın, sədaqətli bilmişdilər. Gərək Cahangir əkə bu yaxşılığı ömrü boyu unutmayaydı və gecə - gündüz onlara təmənnasız xidmət göstərəydi. Axı onun da həyat yoldaşının taleyi  oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin mayoru  Mahir Abdullayevin, təmiz qələminə görə qapısında qanına qəltən etdirilən jurnalist Elmar Hüseynovun, ölkənin rəhbərliyinin ünvanına  sərt tənqidi fikirlər səsləndirən, dilini dinc qoymadığına görə ağzından güllələnən akademik Ziya Bunyadovun, yüzlərlə  insanların taleyi kimi ola  bilərdi.                                                                                                                                                                     
Ona görə də elə bilirəm siz də mənimlə razılaşarsınız ki, sadəcə işdən çıxarılmaqla C. Hacıyev canını qurtara bilməz, günahını heç cür yuya bilməz, mərhəmət qazana bilməz. Onun cəzası daha ağır  olmalıdır, ən azından Şimali Koreyanın müdafiə nazirinə verilən cəza  kimi. C.Hacıyev  ona bəslənilən etimadı  axıra qədər  şərəflə doğrultmadığına, əmanətə xəyanət etdiyinə  görə Bakının ən görkəmli yerində  topun qabağına qoyulmalı, prezident Aparatından açılan  yaylım atəşi ilə parça-parça edilməlidir ki, tikəsi ələ də gəlməsin.                                                                                               
Beləliklə də tətbiq ediləcək bu ağır, ağır olduğu qədər də ədalətli cəza gələcəkdə ağasına qarşı nankorluq edəcək başqalarına da bir dərs olardı...                                                                                                                                   
  Mətləb Mütəllimli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO