Şərlə əməkdaşlıq “səadəti”x9d

Şərlə əməkdaşlıq “səadəti”x9d

Hazırda oxunan: Şərlə əməkdaşlıq “səadəti”x9d

63950

Dövlətlər də insanlar kimidir. Hər bir insan kimi hər bir dövlətin də siması var. Hansı ki, pis və ya yaxşı, xoşagələn və ya xoşagəlməz olmasından asılı olaraq, bu sima həmin dövlət haqqında elə ilk anda aydın təsəvvür yaradır. Yəni dövlətin adı səslənən kimi onun öz siyasəti əsnasında formalaşdırdığı siması yada düşür ki, bu sima qeyri-ixtiyari ya rəğbət, ya nifrət, ya da sadəcə etinasızlıq yaradır.

Bu baxımdan Rusiyanın simasının bütün dünyada hansı təəssürat yaratdığı hər kəsə məlumdur. Əsrlər uzunudur ki, yürütdüyü imperialist siyasəti nəticəsində onlarla dövlətin və xalqın təməl hüquqlarına qəsd edən, onların haqlarını tapdalayan, təcavüz və təhdidə məruz qoyan Rusiya, bu gün də sivil dünyanın varlığı üçün ən ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır. Məhz bu səbəbdən də Rusiya sivil dünya üçün öz cazibəsini çoxdan itirib.

Rusiya şəri təmsil etdiyi, şərə xidmət etdiyi üçün dünyanın demokratik ölkələri onunla əlaqələri ya kəsmiş, ya da önəmli dərəcədə məhdudlaşdırmış vəziyyətdədir. Qərb Rusiya ilə iqtisadi əlaqələri yalnız o nisbətdə saxlayıb ki, bu nisbət Qərb üçün iqtisadi müstəvidə təbəddülatsız keçimək üçün gərəklidir. Bir sözlə, Qərb demokratik düşüncə tərzinə və hörmət ediləcək simaya malik olduğu üçün şərlə əməkdaşlıq hesabına qazanc götürmək niyyətindən uzaqdır. Təbii, Qərb mələk deyil, amma aşkar şəkildə şərlə bir sırada yer almaq qənaətindən də uzaqdır. 

Azərbaycan isə məsələyə fərqli aspektdən yanaşır. Sivil dövlətlərin Rusiyadan üz döndərdiyi, onunla iqtisadi-siyasi və hərbi əməkdaşlığı kəsdiyi bir ərəfədə Azərbaycan öz hazırkı simasına uyğun olaraq, Rusiya ilə ciddi yaxınlaşma xətti götürməyə başladı. Batmağa məhkum gəmini xatırladan Rusiyanın daxili bazarına milyonlarla vəsait qoyan, bu ölkədə daşınmaz əmlakdan tutmuş bank səhmlərinə qədər bir çox mük və imtiyaza yiyələnən Azərbaycan, bunu özünün hədsiz uğuru kimi təqdim etməkdədir. Rəsmi Bakının bu yöndə apardığı təbliğata inansaq, bu gün dünyada heç bir ölkə Azərbaycan diplomatiyası qədər uzaqgörənliyə və zəkaya malik deyil və məhz buna görə də kimsə fürsətdən istifadə edib Rusiya bazarında təmsil olunmağa, bu böyük bazarda yer tutmağa, daha çox qazanmağa çalışmır. Başqa sözlə desək, bunu Azərbaycandan başqa kimsə ağıl edə, Rusiya ilə bağlı mövcud situasiyanın digərləri üçün nə qədər faydalı olduğunu dərk edə bilmir.

Təbii, baş verənlərin ictimaiyyətə bu formada təqdim edilməsinin özü məntiqli deyil və bu təqdimatın özü cəmiyyəti aldatmaq deməkdir. Çünki Qərb və digər sivil dövlətlər indiki şəraitdə Rusiya ilə ona görə əməkdaşlıq etmir ki, bunun üçün gərəkli ağla və uzaqgörənliyə malik deyil. Onlar Rusiya ilə ona görə əməkdaşlıq etmir ki, Rusiya öz ənənəvi şər simasını bu gün daha çox, daha aşkar formada nümayiş etdirir. Öncə Gürcüstan, ardınca Ukraynaya təcavüz edən, qərbdən şərqə doğru mütəmadi surətdə bir çox ölkənin hava sərhəddini pozan, davamlı şəkildə əzələ nümayiş etdirən Rusiya Qərbdə aşkar bir ikrahla qarşılanmaqdadır. Məhz bu səbəbdən də Qərb Rusiya ilə qazanc məqsədli əməkdaşlıqdan imtina etmiş vəziyyətdədir. Qərb çox yaxşı bilir ki,  hansısa dövlətin şəri təmsil edən Rusiya ilə əməkdaşlığı hər hansı bir şəxsin hansısa oğru, qatil, cinayətkarla əməkdaşlığı deməkdir.  Doğrudur, cəmiyyətin yaxına buraxmadığı, hər kəsin uzaq tutmağa çalışdığı oğru və ya qatil ilə əməkdaşlıq, ticarət maddi anlamda faydalı ola bilər. Çünki normal cəmiyyətdə çox az adam tapılar ki, oğru ilə alqı-satqıda maraqlı olsun. Bu isə o deməkdir ki, alıcı qıtlığından faydalanıb istənilən bir şeyi oğru və cinayətkardan bazar qiymətindən daha ucuz almaq mümkündür. Lakin belə bir alqı-satqı namuslu adam üçün əsla qazanc sayıla bilməz. Çünki hər bir məntiq və ləyaqət sahibi bilir ki, oğru ilə əməkdşlığın doğru yanı yoxdur. Kimsə sırf maddi anlamda qazanclı çıxmaq arzusu ilə öz nüfuz və ləyaqətini heçə sayıb bu əməkdaşlığa gedirsə, bu, həmin adamın daha ağıllı və ya müdrik olduğuna dəlalət etmir. Habelə, oğru ilə əməkdaşlığı qeyri-adi bir uğur və ya böyük səadət kimi vəsf etmək də ən azından əxlaqdan uzaqdır.

 Bu gün Rusiya da Kremlin yürütdüyü siyasət səbəbi ilə dünya üçün eyniylə qatil, oğru, cinayətkar imicə malikdir. Sivil ölkələri Rusiyadan uzaq tutan, onunla iqtisadi və digər əməkdaşlıqlardan çəkindirən də budur. Yoxsa hər kəs bilir ki, dünyanın özündən uzaqda tutduğu Rusiya, İran, Şimali Koreya və s. kimi ölkələrlə ən azından iqtisadi-ticari əməkdaşlıq iqtisadi baxımdan kifayət qədər faydalıdır. Ən azından ona görə ki, dövlətlərin çoxu onlarla əməkdaşlıqda maraqlı deyil və bu səbəbdən də müəyyən mənada təklənən bu dövlətlər qapılarını döyən hər kəsə bu qapını böyük məmnuniyyətlə, qarşı tərəf üçün sərfəli şərtlərlə açmağa hazırdır.

Göründüyü kimi, bu gün Azərbaycanın Rusiya ilə əməkdaşlığı hər hansı bir şəxsin oğru ilə əməkdaşlıqdan heç nə ilə fərqlənmir. Bu əməkdaşlıq Azərbaycan üçün az və ya çox dərəcədə faydalı ola bilər, fəqət bu, nəticə etibari ilə dövlətimizin simasının mənfiyə doğru dəyişməsi deməkdir. Dünya əsla oğrunun yanında yer alan, onunla bir səfdə dayanan şəxsi doğru qəbul edə bilməz. Eyniylə, “dostunu mənə göstər, kim olduğunu deyim”x9d məsələndə olduğu kimi, bizim Rusiya ilə dostluğumuz bizim kimliyimizin göstəricisi, kimlik vəsiqəsidir. Və biz bu kimlik, bu sima ilə ən yaxşı halda Rusiyanın yanında yer ala bilərik. Necə ki, artıq bu yolun başlanğıcı görünməkdədir.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO