Yaradıcı və öz üzərində işləməyi sevən insanlar daima yenilik axtarışında olurlar. Dünya görüşünün artması, bilik və bacarıqların daha da zənginləşməsi və üstəlik yeni-yeni tanışlar əldə etmək üçün başlayırıq əcnəbi dilləri öyrənməyə. Əvvəllər bu addımı maraq naminə atsaq da, sonradan bunu günün reallığı olduğunu görürük. Hal-hazırda bir çox parametrlərlə yanaşı, dil biliklərinin hansı səviyyədə olması belə önəmlidir. Hətta bir neçə dildə danışan insanlara belə həsədlə baxırıq çox vaxt.
Düzü razılaşmaq lazımdır ki, hazırda dünyaya açılan qapılar əksər hallarda əcnəbi dil biliyindən başlayır. Bu bizim karyeramızda və həyatımızda böyük bir üstünlükdür.Lakin təəssüf doğuran məqam odur ki, bəzi insanlarheç öz doğma dillərində fikirlərini düzgün ifadə edə bilmədikləri halda, necə qarşıya bunu günün reallığı olaraq qoyabilərlər axı? Hesab edirəm ki, biz başqa dili, mədəniyyəti və həmin ölkənin həyat tərzini öyrənməzdən əvvəl ilk öncə özümüzdə olanı qiymətləndirməliyik. Dil bilmək yaxşıdır, lakin bunu əsas faktor olaraq görmək nə dərəcədə düzgündür? Bəs görəsən həmin insanlar düşünürlər ki, dil bilməklə hər şey həll olunmur axı? Və hesab edirəm ki, bu əsas göstərici kimi deyil, əlavə üstünlük kimi sayılmalıdır. Məsələyə bir az da başqa tərzdən baxmaq lazım olduğunu düşünürəm. O qədər kreativ və məntiqli düşünən insanlar var ki, halbuki heç bir əcnəbi dili bilmirlər. Lakin öz sahələrinin ən aparıcı və əvəzolunmaz liderləridir.Fikrimcə istedadsız və savadsız olub, dil biliyini əsas götürüb gözə girməkdənsə, öz dilini hərşeydən üstün tutub ortaya mükəmməl iş qoymaq, yaradıcılıq və təvazökarlıq daha önəmlidir.
Son zamanlar bu sanki bir adət halını alıb. Bəzi gənclərimiz hətta düşünürlər ki, oxumasamda olar əsas dili bilsəm bəsimdir. Bu haqqda düşünəndə belə bəzən dəhşətə gəlirəm. Gənclər təhsil alın! Oxuyun! Savadlı olun! Təhsilsiz, savadsız öyrənilən beş dil belə mənasızdır məncə. Çünki hər şeyin təməlində ilk öncə orta məktəbdən, daha sonra isə ali məktəbdən öyrəndiyimiz biliklər durur. Təbii əgər biliyimiz və bacarığımız varsa, əlavə üstünlüyümüz sayılan əcnəbi dili də biliriksə, niyə də ölkəmizi onun hüdudlarından kənarda tanıtmayaqki!
Hər birimizə doğma olan, ilk dəfə dil açıb danışmağa başladığımız və ana dili kimi sevdiyimiz Azərbaycan dili dünyada mənim üçün ən əvəzolunmaz bir dildir. Hətta ölkəmizə xaricdən gələn qonaqlar belə bizim dilin gözəlliyinə və şirinliyinə valeh olur. Bu dildə mahnılar səslənir, şeirlər oxunur, əsərlər yazılır. Və inanıram ki, gün gələcək bizim dildə danışan əcnəbilərin sayı daha da artacaq. O zaman biz də hər hansı bir dili öyrənəndə öz marağımız və gələcəyimiz naminə öyrənərik.




























































































