(Birinci söhbət)
Həkimə getmişdiniz, döşünüzdə mastopatiya olduğunu dedilər, həyəcanlandınız? Stressə düşməyin. Bilin ki, süd vəzinin 50-dən çox xoşxassəli xəstəliyi var, mastopatiya da onlardan biridir. Bu termin süd vəzində klinik olaraq düyünlü bərkimə, ağrı, bəzən süd axarlarından ifrazat gəlməsi kimi əlamətlərlə xarakterizə olunan xoşxassəli patologiyalarda işlədilir. Klinik müayinələr nəticəsində qadınların 20 faizində, mammoqrafik, exoqrafik və histoloji müayinələr nəticəsində isə 50 faizində mastopatiya aşkar edilir.
Ötən söhbətlərimizdən SVX-nin risk faktorları arasında mastopatiyanın olmadığını bilirsiniz. Yersiz stressə düşməmək, əsassız həyəcan yaşamamaq üçün onu da yadda saxlayın ki, mastopatiya xərçəngönü xəstəlik deyil. Amma yenə də diqqətli olmaq lazımdır. Çünki SVX ilə xəstələnmənin yüksək faiz təşkil etdiyi ölkələrdə mastopatiyalar da geniş yayılmışdır. Bu səbəbdən bir sıra alimlər düşünürlər ki, mastopatiya süd vəzi xərçənginin əmələ gəlmə ehtimalını 1,5-2 dəfə çoxaldır.
İndi gəlin bir çox qadınların şikayətləndiyi döş ağrılarının, daha doğrusu, mastopatiya xəstəliyinin kökünü araşdıraq. Az öncə dedik ki, mastopatiya süd vəzində düyünlü, yaxud diffuz bərkimələrin əmələ gəlməsi, ağrının olması, bəzən də gilədən ifrazatın gəlməsi ilə xarakterizə olunan patoloji prosesdir. Bu proses hormonal pozğunluqlar nəticəsində əmələ gəldiyi üçün dishormonal adlandırılır.
Xəstəlik zamanı döşün toxumasında əmələ gəlmiş xarakter dəyişikliklər histoloji müayinə ilə aşkar edilir və bu nasazlıq süd vəzində birləşdirici toxuma, kista, axar və payların genişlənməsi kimi dəyişikliklərlə xarakterizə olunur. Həkim hansı komponentin üstünlük təşkil etdiyinə diqqət yetirərək yekun diaqnozu qoyur.
Təcrübə göstərir ki, mastopatiya əsasən intellektual əməklə (zehni fəaliyyətlə) məşğul olan, stress və psixoloji gərginlik keçirən qadınlar arasında geniş yayılıb. Əgər mastopatiyalı xəstələrin ümumi portretini çəkməli olsaq, görərik ki, həmin qadınların əksəriyyəti reproduktiv yaşdadır, aktiv sosial və cinsi həyatı var, ailəlidir, anamnezində əksəriyyəti abortla nəticələnmiş bir neçə hamiləlik olub, az uşaq doğub və az əmizdirib. Bu qənaətlərdən belə nəticəyə gəlmək olur ki, süd vəzilərinin vəziyyəti qadınların sosial, psixoloji və fiziki sağlamlığının güzgüsüdür.
Hə, əziz xanımlar. Mastopatiyanın 50-yə yaxın forması var, onunla xəstələnmənin pik həddi 45 yaşdır. Müayinələr zamanı bu patologiyaya SVX ilə müqayisədə 200 dəfə çox rast gəlinir, yəni daha geniş yayılıb. Statistika göstərir ki, yaşı 30-dan yuxarı olan xəstələrin 20-60 faizində mastopatiyanın müxtəlif formaları aşkar edilir. Bu xəstəliyə ən çox reproduktiv yaşda (25 yaşından 45 yaşına qədər) rast gəlinir və bir çox hallarda aybaşıdan kəsildikdən sonra xəstəliyin bütün əlamətləri yoxa çıxır.
Hal-hazırda mastopatiya üçün spesifik olan risk faktoru yoxdur. Mastopatiya multifaktoral xəstəlik olmaqla həm genetik amillərdən, həm də ətraf mühit amillərindən asılıdır. Süd vəzilərində dishormonal xəstəliklərin inkişafında isə əsas rolu hipotalamo-hipofizar sistemin vəziyyəti oynayır. Qadının neyrohumoral sistemində baş verən dəyişikliklər hormondan asılı olan orqanlara, o cümlədən süd vəzilərinə təsir göstərir. Belə ki, yumurtalıqların steriod hormonları, prolaktin, qalxanabənzər vəzin hormonları döşdə proliferativ proseslərin aktivləşməsinə səbəb olur. Deməli, mastopatiyanın əmələ gəlməsinin səbəbi neyro-humoral amillərdir. Elə “neyro”x9d sözündən məlumdur ki, bu xəstəliyə sinir sisteminin
xəstəlikləri ”“ stress, depressiya, nevrozlar səbəb ola bilər. Ona görə də özünüzü əsəbiləşməkdən, hirslənməkdən qoruyun. Bilirik, işin yorğunluğu, uşaqların dəcəlliyi, ailə qayğıları bəzən sizi hövsələdən çıxardır. Amma yenə də əsəblərinizi cilovlamaq öz əlinizdədir... “Humoral”x9d faktor isə orqanizmin daxili mühitini bildirir ki, bunun da vəziyyəti bioloji aktiv maddələrin təsirindən, məsələn, hormonlardan asılıdır.
Qadınların əksəriyyəti mastopatiyalara ciddi əhəmiyyət vermir. Amma bilin ki, dishormonal hiperplaziya sizin sağlamlığınıza ciddi zərbə vura bilər, lazımi müalicənin vaxtında aparılmaması fibroz düyünlərin bədləşməsinə səbəb olar... Bilirsiniz ki, normal halda hormonların aylıq dövriyyəsi nəticəsində aybaşı qabağı döşlər şişir və postmenstruasyon mərhələdə involyusiya (geri inkişaf) baş verir. Hər hansı mənfi amilin təsirindən hormonal balans pozulur, nəticədə onlar ya normadan az, ya da çox ifraz olunur ki, bu da süd axarlarının genişlənməsinə, birləşdirici (fibroz) toxumanın və vəz toxumasının dəyişilməsinə səbəb olur. Bu halda menstruasiya önü dövrdə yaranmış xarakterik bərkimələr menstruasiyadan sonra da qalır.
Bizə elə gəlir ki, süd vəzinin toxumasında genetik zədələnmə olduqda risk faktorlarının təsiri nəticəsində döşdə xərçəng inkişaf edir. Əgər hüceyrələrdə genetik zədələnmə yoxdursa, o halda etnik risk faktorları mastopatiyanın müxtəlif formalarını yaradır.
Tədqiqatçıların əksəriyyəti süd vəzi toxumasındakı patoloji dəyişiklikləri onunla əlaqələndirir ki, menstruasiya siklinin sonunda sıfıra yaxınlaşmalı olan estrogenlərin miqdarı azalmır, əksinə yüksək qalır. Xəstəliyin başqa bir səbəbi isə hipofiz vəzində sintez olunan, süd vəzilərinin inkişafına səbəb olan, süd əmələ gətirən və analıq instinktini formalaşdıran prolaktinin ifrazının çoxalmasıdır. Prolaktin hormonu hamiləlik dövründə, süd vəzi laktogenezə hazırlaşan dövrdə xüsusilə vacibdir. Çünki o, süddə protein, karbohidrat və lipidlərin sintezini təmin edir. Laktasiya (uşaq əmizdirmə) qurtardıqdan sonra prolaktinin miqdarı hamiləlikdən əvvəlki dövrdə olan miqdaradək enir. Bu hormonun miqdarının
hamiləlikdən və uşaq əmizdirmə dövründən kənar çoxalması isə mastopatiyanın inkişafına səbəb olur. Çox vaxt prolaktinin miqdarı əsasən gecə vaxtları artır, buna görə də standart hormonal müayinə zamanı aşkar edilmir. Hormonun sekresiyasının belə qeyri-müntəzəm artması döşlərin şişməsinə, ödemli və ağrılı olmasına (xüsusilə menstrual siklin ikinci yarısında, yaxud menstruasiya qabağı), həmçinin vegetativ pozğunluqlara, miqrenə bənzər baş ağrılarına, ətrafların ödeminə, qarında ağrıya və meteorizmə səbəb olur. Bu kompleks aybaşı qabağı sindrom kimi xarakterizə edilir. Əlamətlər isə menstrual qanaxma başlandıqdan sonra çox vaxt itir. Prolaktinin normadan çox sekresiya olunması süd vəzilərinin xronik stimulyatoru olmaqla yanaşı mastopatiya əmələ gətirir.
(İkinci söhbət)
Hə, əziz xanımlar, çoxsəbəbli xəstəlik olan mastopatiya genetik və etioloji faktorlarla, həmçinin qadınların yaşayış tərzi ilə əlaqədardır. Get-gedə qadınların daha çox sosiallaşması, karyera dalınca düşməsi, gənc yaşda ailə qurmağa meylinin azalması bu xəstəliyə təkan verən amillərdəndir. Zəmanəmizdə süd vəzi xəstəliklərinin artması bilavasitə doğuşların sayının az olması ilə, gecikmiş doğuşlarla, abortlarla əlaqədardır. Mastopatiya əsasən əsəbləri zəif olan qadınlarda rast gəlindiyindən bəzən həkimlər bu xəstəliyi “histerik şiş”x9d adlandırırlar.
Yadda saxlayın ki, qeyri-müntəzəm cinsi həyat qadın orqanizmində hormonal balansı pozur. Müasir dövrdə bir çox qadınlarımız taleyin gərdişindən normal qadın həyatı yaşaya bilmirlər. Nəticədə cürbəcür xəstəliklər meydana gəlir. Praktika göstərir ki, qadının yalnızlığı, davamlı ailə münasibətlərinin olmaması süd vəzilərində patoloji proseslərin inkişafına təkan verir. Ona görə də, tək yaşamağa məcbur qalmış qadınlar sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar.
İtaliyada aparılmış maraqlı bir tədqiqatın nəticələri çox ibrətamizdir: ölkənin qadın monastrlarında kütləvi tədqiqatlar aparılıb və... məlum olub ki, uşaq
doğmayan və normal cinsi həyat yaşamayan qadınlarda süd vəzi ilə bağlı problemlər normal həyat tərzi keçirən qadınlara nisbətən xeyli çoxdur.
Deməli, müntəzəm cinsi əlaqə, müsbət hamiləlik, körpəni uzun müddət əmizdirmək qadın gözəlliyinin əsas atributlarından olan döşlərin xəstələnməsinin qarşısını almaq üçün yaxşı profilaktikadır. Bu, eyni zamanda mastopatiyanın erkən mərhələdə müalicəsi üçün ən yaxşı yoldur. Çünki qadın kimi normal həyat tərzi yaşayan şəxsdə süd vəzinin toxuması cavanlaşır və xırda kistalar təbii yolla sorulur.
Amma... onu da bilin ki, təkcə normal cinsi həyatınızın olması sizi süd vəzi xəstəliklərindən sığortalaya bilməz. Niyə? Deyək ki, ailəlisiniz, əriniz yanınızdadır, planlaşdırdığınız sayda uşaqlarınız var. Daha uşaq istəmirsiniz. Amma hamiləlikdən yayınmaq mümkün olmur. Siz də məcburən vaxtaşırı aborta gedirsiniz. Bilin ki, hamiləliyin süni yolla pozulması süd vəzilərində patoloji proseslərin inkişafını sürətləndirir. 3 dəfə və daha artıq tibbi abort keçirən qadında mastopatiyanın inkişaf etmə riski 7,2 dəfə çoxalır.
Mastopatiyadan qorunmaq istəyirsinizsə, yemək-içməyinizə də diqqət edəcəksiniz. Çünki bu patologiyanın qida ilə əlaqəsinin olduğu daha bir isbat edilmiş hipotezdir (ehtimaldır). Əlbəttə, qida ləzzətli olmalıdır. Ancaq heyvan mənşəli yağlardan, qızardılmış və hisə verilmiş məhsullardan, qəhvə və şirniyyatdan çox istifadə etmək doğru deyil. Bu məhsulların həddindən çox istifadəsi maddələr mübadiləsinin pozulması ilə nəticələnir ki, bu da orqanizmdə ciddi disbalans yaradır, yəni balansı pozur. Yadda saxlayın ki, gündəlik qida rasionumuza ekoloji təmiz məhsullar, vitaminlə zəngin olan qidalar (xüsusilə beta-karotin və vitamin C) daxil etməliyik.
Hər yaşda gözəl olmağa can atan Azərbaycan xanımları bəzən artıq çəkidən özlərini qoruya bilmirlər. Bunun ziyanı barədə çox eşitmisiniz. Ancaq aranızda köklüyün mastopatiyaya da təsir etdiyini bilən az tapılar. Unutmayın ki, piy
toxuması orqanizmə hava, su, qida ilə daxil olan toksik birləşmələri tutub saxlamaq qabiliyyətinə malik olduğundan artıq çəki süd vəzilərində patoloji proseslər əmələ gətirir. Həmçinin piy toxumasında süd vəzilərinə spesifik təsir edən estrogenlərin toplanması nəticəsində hormonal tarazlıq pozulur.
Orqanizmin daxili mühit faktorlarından piylənmə, şəkərli diabet və arterial hipertenziya da mastopatiyanın əmələ gəlməsində müəyyən rol oynaya bilər. Məlumdur ki, bunlardan hər üçünün bir xəstədə olması mastopatiya və SVX-nin əmələ gəlmə riskini 3 dəfə artırır. Yumurtalıqların iltihabi xəstəlikləri də cinsi hormonların əmələ gəlmə prosesini pozur.
Əgər el arasında deyildiyi kimi, “zob”x9dunuz varsa, bu da risk faktoru ola bilər. Çünki bir sıra qadınlarda mastopatiyanın yaranmasına qalxanabənzər vəzin xəstəliyi təkan verir. Yəni bu vəzin hipofunksiyası (endokrin vəzilərinin funksiyasının zəifləməsi) zamanı mastopatiyanın yaranma riski 3,8 dəfə çoxalır. Həmçinin qaraciyər, öd yolları və öd kisəsinin də xəstəlikləri mastopatiyanın yaranmasına təsir edə bilir. Məlumdur ki, qaraciyər orqanizmdə estrogenlərin parçalanmasında çox vacib rol oynayır. O xəstələndiyi halda orqanın bu qabiliyyəti zəifləyir, bəzən hətta itir ki, nəticədə hormonun (estrogenin) orqanizmdə miqdarı artır.
Bunu da unutmayın ki, süd vəzinin travmaları, hətta mikrotravmalar belə ciddi ağırlaşmalara səbəb ola bilər. Məsələn, metroda və avtobuslarda sıxılmalar, evdə və ya yolda təsadüfən dirsəklə, yaxud çanta ilə vurulan zərbələr və s.
İndi isə dediklərimizi ümumiləşdirək və mastopatiyanın risk faktorlarını yadda saxlayaq:
* Doğmayıb, yaxud cəmi 1 uşağı varsa;
* İrsən ana xətti ilə belə problemlərlə qarşılaşdıqda;
* Uşaq əmizdirməyib, yaxud az əmizdiribsə;
* Müntəzəm cinsi həyatı yoxdursa;
* Tez-tez stresslərə məruz qalırsa;
* Mənfi ekoloji şəraitdə yaşayırsa;
* Piylənmə, şəkərli diabet, yumurtalıqların iltihabi xəstəlikləri, qalxanabənzər vəzin və qaraciyərin xəstəlikləri varsa;
* Alkoqol və siqaret istifadə edirsə;
* Süd vəziləri hətta cüzi travmaya məruz qalıbsa.
Xəstəlikdən qorunmağın ən yaxşı yolu onu önləmək olduğu üçün bu əlamətlərə diqqət yetirin. Bilin ki, onlar çox vaxt mürəkkəb qarşılıqlı əlaqədə olmaqla, mənfi fon yaradırlar. Bacardıqca özünüzü qoruyun. Hər insan ilk növbədə özü özünün həkimi olmalıdır. Amma iş işdən keçib, xəstələnmisinizsə, qorxmayın və özünüzü üzməyin. Hər dərdin bir çarəsi var. Sizin də şəfa tapmaq şanslarınız yüksəkdir.


































































































