Yanvarın 21-də Binəqədi Rayon Məhkəməsində Almaniya vətəndaşı Vüsal Şilderin qətlə yetirilməsindən təxminən 20 gün öncə ona qarşı daha bir uğursuz cinayət törədənlərin-maşınına narkotik ataraq məsuliyyətə cəlb etmək istəyən şəbəkənin məhkəməsində gözlənilməz hadisə baş vermişdi. Belə ki, məhkəmə başlayan kimi prosesə sədrlik edən hakim Rəşad Əliyev özü- özünə etiraz etdiyini bildirmişdi və bunu belə əsaslandırmışdı ki, dəmir barmaqlıqlar arxasında oturan təqsirləndirlilən şəxşlərdən biri ”“keçmiş polis mayoru İlham Məmmədovun əleyhinə bir neçə ay öncə mətbuatda açıqlama verərək onun da oğlu Nofəlin ölümündə məhz İlhamın günahkar olduğunu bildirən Qəzənfər Dadaşovla doğrudan da qohumdur və hətta rəhmətlik Nofəllə yaxından münasibətləri olub, ancaq səmimi şəkildə bildirir ki, qohumun mətbuatda İlhama qarşı açıqlamasından dünən xəbər tutub. Ona görə də onun bu prosesi aparması doğru olmaz. Maraqlıdır ki, qətlə yetirilən Vüsal Şilder ailəsinin vəkili Aslan İsmayılov bundan öncəki prosesdə vəsatət qaldıraraq hakim Rəşad Əliyevin əleyhinə ittihamla çıxış etmişdi ki, prosesi kobud qanun pozuntularıyla aparır, dəmir barmaqlıqlar arxasında oturan İlham Məmmədova “İlham müəllim” deyə müraciət etsə və bütövlükdə təqsirləndirlilən şəxslərə qarşı hədsiz mülayimlik sərgiləsə də dəfələrlə ona-zərərçəkmişin vəkilinə “otur aşağı” deyə qışqırıb, buna görə də onun bu prosesi aparmasna etiraz edir. Ancaq həmin vaxt vəsatət təmin edilmədiyinə görə Aslan İsmayılov və Şilderlər ailəsi prosesi boykot etmişdi...
Xatırladaq ki, hələ yayda, Vüsal Şilder mayın
5-də qətlə yetiriləndən təxminən bir ay sonra bütün dünya bu olaydan xəbər
tutanda Qəzənfər Dadaşov adlı bir iş adamı da mətbuata açıqlamasında İlham Məmmədovun
əleyhinə ittihamla çıxış etmişdi. Q. Dadaşov bildirmişdi ki, oğlu Nofəl Dadaşov
Xətai Rayon Polis İdarəsinin kapitan rütbəli əməkdaşı olub və İlham Məmmədovla
tələbə yoldaşı və dost olublar. Ancaq məhz İlhamın evində guya elektrik cərəyanı
vurması nəticəsində dünyasını dəyişib. Amma o ilk gündən istintaqın bu
versiyasına inanmayıb və əmindir ki, oğlunu məhz onunla Taryel Ağayev arasında
münaqişə olduğuna görə elə Taryelin qohumu İlham Məmmədov qisasçılıq yoluyla
aradan götürüb. Hər halda mərhum Nofəlin atası bu iddianı səsləndirmişdi.
Qeyd edək ki, hakim Rəşad Əliyevin gözlənilməz
bu qərarı verilərkən Almaniyanın Azərbaycandakı səfirliyinin bir diplomatı da
prosedə iştirak edirdi. Moderator.az-ın əməkdaşı həmin diplomatdan “Almaniya
hökuməti öz vətəndaşının qətlinin üstünün açılması istiqamətində hansı işləri
görür və azərbaycanlı həmkarlarıyla necə əməkdaşlıq edirlər” sualına cavab istəsə
də ondan hər hansı açıqlama vermək səlahiyyəti olmadığı cavabını almışdı, eyni
zamanda söz vermişdi ki, səfirlik bu sualı cavablandıracaq.
Bu gün səfirlikdən Moderator.az-la əlaqə
saxlayaraq bildirildi ki, onlar bu prosesi diqqətlə izləsələr də istintaqın
işinə qarışmırlar. Ümid edirlər ki, günahkarlar layiqli cəzalarını alacaq.































































































