Polis Qarabağ veteranının bağını əlindən alıb

Polis Qarabağ veteranının bağını əlindən alıb

Hazırda oxunan: Polis Qarabağ veteranının bağını əlindən alıb

33580

 “12-ci polis bölməsində 2-ci mərtəbədə otururdu. Məni çağırmışdı yanına. Getdim, təklif elədi ki, sənin bağ sahənin hər sotuna 1000 dollar verirəm. Dedim, mən torpaq satmıram. O da dedi, elə etmə ki, cibinə narkotik atdırım”. Qaraçuxurda yaşayan Qarabağ müharibəsi veteranı Ələmdar Mirzəyevin bağ evi əlindən alınıb. O, iddia edir ki, vaxtilə ona Kürdəxanıda keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə verilmiş bağ sahəsini Sabunçu rayon Polis İdarəsinin ekspert-kriminalisti, polis mayoru Rauf Məmmədov zəbt edib.

Şikayətçi: “Bağ mənə 6430 saylı müqavilə əsasında verilib. 12 sot bağ sahəsini daş hasara alıb ağaclar əkmişdim. 12 sot torpağımı qanunsuz zəbt edib. Bir dəfə bağa gedəndə gördüm ki, sahəm şumlanıb, ağaclar qırılıb atılıb. Ustalar da vardı. Hasarı sökürdülər. Hay-küy saldım, özümü basıb döydülər. Məlum oldu ki, torpaq sahəsindən xoşu gələn Rauf Məmmədov bələdiyyə işçiləri ilə əlbir olub, saxta sənədlərlə mənim torpağımı arvadının adına keçirib. Guya torpaq sahəsi onlara icarəyə verilib. Hansı ki, həmin torpaq sahəsi mənə icra hakimiyyəti tərəfindən verilmişdi, bələdiyyə torpağı deyil”.
Ələmdar Mirzəyevin dediyinə görə, torpaq sahəsi icra hakimiyyətinin fonduna aid olduğu halda, yerli bələdiyyə 2007-ci ildə həmin torpağı Rauf Məmmədova bağ sahəsi kimi icarəyə verib. Müqavilə Rauf Məmmədovun həyat yoldaşının adına rəsmiləşib: “Bununla kifayətlənməyib, mənə təzyiqlər göstərir, hətta məni öz adamlarına da döydürüb. Nəticədə dişlərim sınıb, sağ ayağım zədələnib”.
Mübahisəli torpaq sahəsinin kimə məxsus olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTRXK) verdiyi cavabda göstərilir ki, bağ sahəsi Kürdəxanı bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmaqla vətəndaşların istifadəsinə verilmiş bağ sahəsidir.
Ələmdar Mirzəyev məhkəmədə Rauf Məmmədova, onun həyat yoldaşı Anaxanım Məmmədovaya və Kürdəxanı Bələdiyyəsinə qarşı iddia qaldırıb. O, məhkəmədən torpağın icarəyə verilməsinə dair bələdiyyə qərarının ləğv edilməsini, torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş tikilinin qarşı tərəfin hesabına sökülməsini tələb edib. Məhkəmə ərizənin baxılmamış saxlanmasına dair qərardad çıxarıb. Məhkəmə hesab edib ki, iddiaçı Ələmdar Mirzəyev ərizənin qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyi, cavabdeh tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır.
Sabunçu rayon Polis İdarəsinin ekspert-kriminalisti Rauf Məmmədov Ələmdar Mirzəyevin dediklərini təkzib edib: “O, kontuziyalı adamdır. Nə danışdığını bilmir. Getsin, bağ sahəsini başqa yerdə axtarsın”. 
İndi Ələmdar Mirzəyev iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Dövlət Torpaq və Xəritəçəkmə 
Komitəsinin Bakı şəhər şöbəsinin bağ sahəsi ilə bağlı verdiyi mütəxəssis rəyini ləğv etdirmək üçün.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO