Dekabrın 23-nə keçən gecə Bakı şəhər Sabunçu rayonunda yerləşən 1 saylı İstintaq Təcridxanasında özünü asaraq intihar edən Manaf Paşayevə dünən məhkəmədə hökm oxunmalı imiş.
Dünən səhər saatlarında təcridxana əməkdaşları 1958-ci il təvəllüdlü Paşayev Manaf Məmməd oğlunu məhkəməyə gətirmək üçün onun kamerasına gediblər və məhbusun özünü asaraq intihar etdiyini görüblər.
M.Paşayev daha əvvəl 8 dəfə məhkum edilibmiş və sonuncu dəfə Bakıda oğurluq etdiyinə görə tutulubmuş.
Lent.az-ın əldə etdiyi məlumata görə, 57 yaşlı M.Paşayev ilk dəfə 1982-ci ildə məhkum edilib. O daha çox oğurluqla məşğul olurmuş. 2 dəfə isə xuliqanlıq əməlinə görə həbsxanaya salınıbmış. Ümumilikdə isə M.Paşayev həyatının 25 ilə yaxınını dəmir barmaqlıqlar arxasında keçirib.
Qeyd edək ki, M.Paşayevin intiharı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intiharın səbəbi araşdırılır.
**
1 saylı Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Lent.az-ın məlumatın görə, təcridxanada saxlanılan Manaf Paşayev özünü asaraq intihar edib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, M.Paşayev 9-cu məhkumluğunu yaşayırmış. Sonuncu dəfə o, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum edilib.
































































































