Ölkəmizdə elektromobillər və hibrid avtomobillərin kreditlə satış qaydası dəyişir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.
Yeni qaydalara görə, kreditlə istehsal tarixi 3 ildən az olan elektromobil almaq istəyənlər onun dəyərinin 10%-i qədər ilkin ödəniş edəcək.
İstehsal tarixi 3 ildən çox olan elektromobillərin kreditləşdirilməsi üçün isə ilkin ödəniş tələbi 40% olacaq. Hibrid mühərrikli avtomobillər üzrə kreditin rəsmiləşdirilməsi üçün istehsal tarixi 1 il və yaxud ondan az olduqda ilkin ödəniş 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% təşkil edəcək.
Bizim.Media-ya açıqlamasında dəyişikliyi şərh edən ekspert Ramil Osmanovun fikrincə, atılan bu addım avtomobillərin qiymətinin bahalaşmasına səbəb olacaq:
“Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanda avtomobilləşmə ilə təmin olunma və onun daha sürətli inkişafı üçün bank sektorunun da prosesdə iştirakı vacibdir. Amma onu bir qədər daha düşünülmüş və daha mütərəqqi qaydalara əsaslanaraq etmək lazımdır.
Azərbaycanda avro standartlarının tətbiqindən sonra Mərkəzi Bank ölkəmizdə avtonəqliyyat vasitələrinə kredit ayrılması qaydalarına dəyişiklik edib. O zaman, yeni avtomobillərlə bağlı 50 faizlik ilkin ödəniş olmaqla kredit verilməsi qaydası müəyyən edilmişdi. Köhnə nəqliyyat vasitələrində isə ilkin ödəniş 80 faiz həndəvərində idi.
Bu da ondan irəli gəlirdi ki, ölkədə avtomobil parkının sürətlə köhnəlməsi tendensiyası baş verirdi. Nəticədə istehlak kreditlərinin həcm payı da kəskin artırdı. Hibrid və elektromobillərin kreditlə satışı qaydasında edilən dəyişiklik tələbin artmasına gətirib çıxaracaq.
Bank da bu sahəyə qoşulursa, deməli ora pul axını artacaq. Bu da öz növbəsində tələbi artıracaq. Tələbin artması isə öz növbəsində maşınların qiymətinin bahalaşmasına mütləq şəkildə təsir göstərəcək”.
Ekspert qeyd edir ki, 2017-2018-ci ildən əvvəl istehsal olunmuş hibrid avtomobillərə kredit verilməsi tamamilə dayandırılmalı və kreditlə satış ancaq elektromobillərə şamil edilməlidir:
“Çünki bəlkə də artıq xarici ölkələrdə istismardan çıxarılan, yararsız hibrid avtomobillərin ölkəmizə kəskin axını var. Bu hal qarşıdakı illərdə ciddi problemlərə gətirib çıxara bilər. Ona görə də il məsələsində daha diqqətli olmalıyıq. Kreditlə satış yalnız elektromobillərə şamil edilməlidir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:30 / 26.09.2022
Mərkəzi Bankın tətbiq etdiyi yeni qayda AVTOMOBİL bazarını bahalaşdıracaq - EKSPERT
Hazırda oxunan: Mərkəzi Bankın tətbiq etdiyi yeni qayda AVTOMOBİL bazarını bahalaşdıracaq - EKSPERT
Hazırda oxunan: Mərkəzi Bankın tətbiq etdiyi yeni qayda AVTOMOBİL bazarını bahalaşdıracaq - EKSPERT
95851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.