Dünyaca nüfuzlu “Morgan Stanley” şirkəti cari ilin sonu və 2023-cü il üzrə neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb. Belə ki, bu ilin üç və dördüncü rüblərində “Brent” markalı neftin bir bareli üçün qiymətin 95 dollardan yüksək olacağı təxmin edilir. 2023-cü ildə isə qiymətlərin müvafiq olaraq 100 dollardan yüksək olması ehtimal olunur.
Məsələyə Azərbaycan kontekstindən yanaşdıqda isə bir sıra maraqlı nüanslar ortaya çıxır. Belə ki, Energetika Nazirliyinin açıqladığı son statistikaya görə, bu ilin ilk 8 ayında Azərbaycan 17,6 milyon ton neft və kondensatı ixrac edib. Digər tərəfdən neftdən gələn gəlirlərin artdığı da məlumdur.
Bəs, azalan hasilat və yüksək qiymətlər fonunda Azərbaycanın neft gəlirləri necə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, bu il neftdən gələn gəlirlərimizin artma səbəbi dünyada İkinci Dünya Müharibəsindən sonra ən böyük savaşın davam etməsi ilə bağlıdır:
“Baxmayaraq ki, adını Üçüncü Dünya Müharibəsi qoymayıblar, faktiki olaraq dünya iki hissəyə parçalanıb və bir-birilə savaş aparır. İkincisi isə dünyanın əvvəllər yaranmış ticari əlaqələr sistemi kəskin “korrektirovka” edilib və yeni əlaqələr yaradılır. Buna görə də il ərzində neftin orta qiyməti 100 dolların üzərində olub. Bunun nəticəsində ötən illə müqayisədə neftdən gələn gəlirlərimiz 50% artıb.
Energetika Nazirliyi tərəfindən verilən açıqlamaya görə Azərbaycanda bu ilin ilk 8 ayında neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon ton azalıb. Bu azalma gələn illərdə də davam edəcək, çünki neft yataqları qocalıq dövrünü yaşayır. Qiymətlərin azalacağı təqdirdə neft sektorundan gələn gəlirlərmizin azalması da qaçılmazdır”.
İlham Şaban neft qiymətləri ilə bağlı verilən proqnozlara da münasibət bildirib:
“Bu sahədə heç bir proqnoz indiyədək özünü doğrultmayıb. İndiki situasiyada isə heç kim deyə bilməz ki, bir həftə sonra Rusiya-Ukrayna müharibəsi dayanmayacaq. Sadəcə bunun elan edilməsi belə neftin qiymətinin 15-20 dollar enməsinə gətirib çıxaracaq. Digər tərəfdən 2023-cü ildə atom bombası da atıla bilər ki, nəticədə neft qiymətləri 300 dollara çata bilər. Ona görə də mövcud imkanlardan danışmaq daha məqsədəuyğundur və indiki situasiyada proqnoz vermək həddən artıq çətin məsələdir”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:00 / 15.09.2022
“Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: “Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: “Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ
93848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.