Azərbaycanda bazar qiymətləri necə tənzimlənir? – Ekspertlərin CAVABI

Azərbaycanda bazar qiymətləri necə tənzimlənir? – Ekspertlərin CAVABI

Hazırda oxunan: Azərbaycanda bazar qiymətləri necə tənzimlənir? – Ekspertlərin CAVABI

91726

Bu gün hər kəs qiymət artımından şikayətlənir. Dünya bazarında qiymətlər sabitləşsə də bizdə qiymətlər durmadan artır. Ən maraqlısı da odur ki, dünyada hazırda qiymətlərdə enmə müşahidə olunur. Amma bu enişi biz istehlak bazarımızda görmürük. Təəccüblüsü də odur ki, artan qiymətlər bir daha enmir.

Bu isə bazar münasibətlərinin tələblərinə tamamilə ziddir. Çünki, qiymət artımını şərtləndirən səbəblər var və müəyyən dövrdən sonra o səbəblər aradan qalxır.

Bu zaman isə qiymətlərin enməsi imkanları yaranır. Amma nədənsə bizdə bu tendensiyanı gözləmirlər. Bu gün istehlak etdiyimiz 5 məhsuldan 4-nü biz xaricdən alırıq. Ona görə də dünyadakı qiymət təlatümləri bizim bazara çox tez təsir edir. Amma bir tərəfli qaydada, yəni qiymətlər qalxanda. 

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Əkrəm Həsənov Bizim.Media ilə söhbətində bildirib ki, birincisi, qiymətlər bazarın tələb və təklifindən formalaşır:

“İkinci tərəfi isə dövlət tərəfindən tənzimlənən qiymətlərdir. Reallıqda bunların heç biri xalis şəkildə yoxdur. Avropanın ən inkişaf etmiş ölkələrində belə qiymətləri tamamilə bazar tənzimləmir. Çin və KXDR  kimi dövlətlərdə isə qiyməti yalnız dövlət tənzimləyir. Bizə gəldikdə isə müəyyən qiymətləri dövlət tənzimləyir. Əsas qiymətlər isə bazarda formalaşır. Amma bəzi dövlətlər də var ki, qiymətləri dövlətdə təmsil olunan bəzi məmurların şəxsi istəyi formalaşdırır. Bax, bizdəki qiymətlər daha çox üçüncü variant yolu ilə tənzimlənir”. 

Əkrəm Həsənov daha sonra əlavə edib ki, hazırda bizdə qiymətlər daha çox böyük şirkətlər tərəfindən müəyyən edilir:

“Belə vəziyyətdə isə kiçik və orta sahibkarlıq nəinki inkişaf etmir, hətta bazardan sıxışdırılıb çıxarılır. Çox təəssüf ki, bir müddət əvvəl bazarda ən azı 5-6 iri tutumlu oyunçu var idisə, onların sayı bu gün 1-2-ə enib. Bu da təbii ki, bazarda sağlam rəqabəti aradan qaldırır, qiymət artımına şərait yaradır. Etiraf etmək lazımdır ki, bizdə qiymətləri tələb edən tərəf yox, təklif edən tərəf müəyyənləşdirir. Özü də heç bir texniki hesabat təqdim etmədən. Bu gün az-çox bazar münasibətləri aqrar sektorda var. Hələlik kiçik və orta fermerlər bu və ya digər şəkildə bazardakı qiymətlərə təsir edə bilir. Amma digər sektorda azad rəqabət mühiti yoxdur”.

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya məsələ ilə bağlı açıqlamasında bildirdi ki, Azərbaycan bazarı nəzəri, bir qədər də praktik cəhətdən hazırda dünya bazarına inteqrasiya olunub:

“Çünki dünya bazarında hansısa malın qiyməti enib-qalxanda müəyyən qədər bizdə də həmin proseslər təkrarlanıb. Lakin, pandemiya dövründə və son ümumdünya maliyyə böhranında gördük ki, Azərbaycan bazarı heç bir hadisəyə reaksiya vermir. Halbuki, Cənab Prezidentin iqtisadi yığıncaqlarda dediyi kimi bazarda manopoliya var, kartel sövdələşmələri- yəni qiymətlərin bir qrup insanlar tərəfindən müəyyənləşdirilməsi  var. Doğrudur, dövlət müəyyən məqamlarda qiymətlərin qalxmasına müdaxilə edir. Əlindəki rıçaqlar vasitəsi ilə dövlət müəyyən tənzimləmələrə gedir. Bu əsasən ƏDV və kömrük rüsumlarına edilən dəyişiklikllərlə aparılır. Amma bütövlükdə dövlət qiymətlərin tənzimlənməsinə müdaxilə etmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO