İqtisadçı alim, ADR sədri Qubad İbadoğlu azalan neft qiymətləri fonunda gələn ilki büdcədə neftin hansı qiymətdə götürülməsinin doğru olacağıyla bağlı Moderator.az - a ehtimallarını bildirib:
"Əvvəlki illər bu günə qədər növbəti ilin dövlət büdcəsinin konturları ilə bağlı məlumatlar açıqlanırdı. Hesab edirəm ki, bu il bu bir qədər ləngiyəcək. Çünki hazırda 2016-cı ilin büdcəsini proqnozlaşdırmaq əvvəlki qədər asan olmayacaq. Hesab edirəm ki, real proqnozlaşdırma daha çox neftin növbəti il üçün dünya bazar qiymətinin düzgün təyin edilməsindən asılı olacaq. Hazırda proqnozlar neftin dünya bazarında orta qiymətinin gələn il bu ilkindən aşağı olacağını deməyə əsas verir. Bu isə o deməkdir ki, hökümət bu ilki səhvini gələn il təkraralamamaq üçün büdcə gəlirləri üçün real səviyyəni müəyyənləşdirməlidir.
Bu səviyyə 40 - 50 dollar arasında ola bilər. Hesab edirəm ki, büdcə proqnozlaşdırılması üçün əsas məsələlərdən biri də bu ilki büdcənin icra vəziyyətdir. Odur ki, parlamentə müzakirəyə təqdim ediləcək son variantda bu ilki büdcənin 9 aylıq yekunları əsasında korrektələr edilməlidir. Çox güman ki, parlament seçkiləri ilə əlaqədar olaraq onun Milli Məclisdə müzakirəsi bu il ənənəvi vaxtdan gec başlayacaq. Bu da hökümət üçün əlavə vaxt qazancıdır ki, daha real proqnozlar müəyyənləşdirə bilsin. Nəhayət bir məsələyə də diqqəti çəkmək istərdim ki, hazırda büdcə üçün neftin baza qiymətinin müəyyənləşdirilməsi əvvəlkı illər qədər əhəmiyyət kəsb etmir. Çünki, bu qiymət səviyyəsi ARDNŞ-nin və BP-nin ödəyəcəyi vergilərə daha çox təsir edir. Onların büdcə ödənişləri də 10-15 faiz arazısnda dəyişir. Büdcənin əsas gəlir mənbəyi Dövlət Neft Fondundan transfer edilən sabit məbləğdir. Bu transferin məbləği bu il üçün 10,38 milyard manat təsdiq edilib, halbuki il ərzində Neft Fondunaun ümumi gəlirləri 8 milyarddan çox olmayacaq. yerdə qalan məbləğ çox güman ki, Azərbaycanın valyuta ehtiyatlarından transfer hesabına ödəniləcək. Odur ki, başlıca məsələ Neft Fondunun büdcə gəlirlərinin düzgün proqnozlaşdırılmasıdır. Neftin qiymətinin ən çox təsiri məhz Neft Fondunun büdcəsindədir. Ona görə də təklif edirəm ki, ilk növbədə Neft Fondunun gələn il üçün büdcəsi proqnozlaşdırılmalı və onun əsasında da dövlət büdəcinə real tarnsfer məbləği müəyyənləşdirilməlidir və bundan sonra dövlət büdcəsinin növbəti il üçün parametrlərini daha dəqiq təyin etmək mümkün olacaq."