Şəmkir fermerləri məhsullarını sata bilmədiklərinə görə gileylənirlər.
Mərkəzi şəhərlərdə, o cümlədən paytaxtda kiloqramı bir manat civarında olan xiyarı Şəmkirdə fermerlər 5 qəpiyə satmaq məcburiyyətindədirlər. Xaşmazda 30-40 qəpiyə olan pamidor Bakı bazarlarında 1.5 manata satılır.
İstehsalçı ilə istehlakçı arasındakı bu qədər qiymət fərqi təbii ki, müəyyən suallar doğurur:
Axı, 250-300 kilometrlik məsafədə bu qədər qiymət fərqi necə yaranır?
Mütəxəssislərin rəyinə görə burda bir neçə vacib məqam var.
Birincisi, bölgədəki məhsulun ucuz olması mövsümidir. Az vaxt keçdikdən sonra qiymətlər regionlarda da qalxacaq.
İkincisi, mərkəzi şəhərlərdəki iri ticarət mərkəzinə girmək heç də asan deyil. İri ticarət şəbəkələrinin bir qismi öz mağazalarında istehlakçıya yalnız özlərinə məxsus aqroparklarda yetişdirilən məhsulları satır. Və bu zaman da qiyməti öz istəklərinə uyğun müəyyən edir.
MÖVZU İLƏ BAĞLI:
Kənd təsərrüfatını stimullaşdıran YENİ PLAN – “Ən xırda təsərrüfatlar da incələnməlidir”
Digər iri ticarət şəbəkələri isə mal sahiblərindən depozit tələb edirlər. Və bir çox fermerlərin də bu depoziti ödəmək imkanı olmur. Ona görə də fermerlər iri ticarət mərkəzlərinə girməkdə çətinlik çəkirlər.
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya bildirdi ki, son illər hökümət kənddən şəhərə layihəsi üzərində çalışsa da hələlik istənilən nəticə hasil olmayıb:
“Bu gün mərkəzi şəhərlərdəki bazarlar bütün fermerlər üçün əlçatan deyil. Ona görə də bölgələrdəki ucuz qiymətlərlə iri şəhərlərdəki baha qiymətlərlə uyğun gəlmir. Belə demək mümkünsə mərkəzi şəhərlərdəki bazarlar inhisarlaşıb. Onları məhsulla təmin edən qurumlar sindikat şəklində məzənnəni müəyyən edirlər. Beləcə, qiymət süni şəkildə formlaşır”.
Azərbaycan aqrar ölkədir. Ona görə də bu sektorda uzun illər müəyyən ənənələr formalaşıb. Həmin ənənələrdən biri də o idi ki, bir zamanlar bütün rayonlarda tədarük təşkilatları vardı.
Bu tədarük təşkilatları yerli istehsalçılarla qabaqcadan müqavilə bağlayırdılar. Və bu müqavilə istehsalçı üçün gözəl stimul idi. O bilirdi ki, yetişdirdiyi məhsul əlində qalmayacaq. Və hətta qabaqcadan tədarükçüdən avans da alırdı.
Amma bu gün bu ənənə ancaq findıqçılıq, tütünçülük, taxılçılıq, pambıqçılıq və çuğundur sahəsində qalıb. Digər kənd təsərrüfatı məhsulları üçün konkret tədarükçü yoxdur. Xüsus ilə tərəvəzçilik və meyvəçilik sahəsi əziyyət çəkir. Halbuki, fermerlərə subsidiya əvəzinə bu cür müqavilələr təklif olunsa, həm ölkədə məhsul bolluğu olar, həm də fermerin bazar problemi birdəfəlik həll edilər.
Akif Nəsirli bu məsələyə də öz münasibətini bildirib:
“Məsələ burasındadır ki, hazırda ölkəmizdə kənd təsərrüfatı məhsulları bizim təsəvvür etdiyimiz qədər də bol deyil. Məhsul azlığı da qiymətə öz təsirini göstərir. Bu gün bütün regionlarda xiyarın kiloqramı 5 qəpik deyil. Elə rayonlar var ki, orda xiyar 50-60 qəpiyə təklif olunur. Bəli, fermeri məhsul istehsalına həvəsləndirmək lazımdır. Fermerin bazar problemi olmasa, həm məhsul bolluğu olar, həm də qiymətlərdə ümumi sabitlik yaranar”.
Surxay Atakişiyev, Bizim.Media