Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiyaya açılan iki qapıdan biridir

Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiyaya açılan iki qapıdan biridir

Hazırda oxunan: Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiyaya açılan iki qapıdan biridir

89365

90-cı illərin əvvəllərində Aşqabad-Bakı münasibətləri subyektiv səbəblərdən gərgin idi və zəif inkişaf edirdi. Bu gərginlik Trans-xəzər Qaz Kəməri layihəsinin həyata keçirilməsinə də mane olmuşdu. Lakin, Q.Berdımuhamedov hakimiyyətə gəldikdən sonra münasibətlər yüksələn xəttlə inkişaf etməyə başladı. Türkmənistan səfirinın Bakıya qayıtması, qarşılıqlı rəsmi səfərlər və Dostluq yatağının birgə istismarı bu inkişafın əyani nümunələridir.  

Bizim.Media Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin “Telegram” kanalına istinadən məlumat verir ki, münasibətlərin yaxşılaşması geoiqtisadi imkanlara yol açdı.

Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiyaya açılan iki qapıdan biridir. Türkmənistanın okeanlara çıxışı olmadığından qonşu ölkələrlə əməkdaşlığı qaçılmazdır.

Ələt Limanının tikintisi və Türkmənbaşı limanının modernizasiyası ölkələr arasında yük daşımaları artırdı. Xəzərin hər iki tərəfində lazımi infrastrukturun formalaşdırılması digər ölkələrin də iştirakına şərait yaratdı.

Bu il Avqustun 2-də isə Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər nazirləri Trans-Xəzər Nəqliyyat Dəhlizinin yaradılmasında koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı razılıq əldə etdilər. Azərbaycan Özbəkistanla qonşu olmadığından Türkmənistanın bu layihədə iştirakı obyektiv tələbatdır.
Özbəkistan buna qədər artıq Türkmənistanla müvafiq danışıqlar aparmış və Türkmənbaşı limanına çıxış əldə etmişdi. Azərbaycanın da okeanlara çıxışının olmadığını nəzərə alsaq, Gürcüstan və Türkiyənin iştirakının qaçılmaz olduğu aydın olur.  

Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi isə Azərbaycana Türkmənistan və ya Qazaxıstan vasitəsilə Çinə alternativ çıxış imkanı yaradır. Bununla Türkmənistan Azərbaycan vasitəsilə 600 milyona yaxın istehlakçısı olan Avropaya, Azərbaycan isə Türkmənistan vasitəsilə 3 milyarddan çox istehlakçısı olan Hind-Sakit okeanı regionuna çıxa bilər.  

Azərbaycan-Türkmənistan əməkdaşlığının ikinci əsas istiqaməti enerjidir. Aİ-Azərbaycan arasında Strateji Tərəfdaşlıq sazişi Avropaya qaz ixracının iki dəfə artırılmasını nəzərdə tutur.

15 avqust tarixində Avropa bazarlarında bir m3 qazın qiyməti 2700 dollara çatıb. Rusiyadan qaz idxalının azalması fonunda qışda bu qiymətin daha da artacağı ehtimal olunur. Bu şəraitdə Aİ qarşısında götürdüyü öhdəliklər Azərbaycanın enerji təhlükəsizliyini aktual edir. 2021-ci ildə Azərbaycan İran vasitəsilə Tükrmənistandan SVOP şəklində 1,5 milyard kub metr qaz almaqla bağlı razılıq əldə etmişdir.

Lakin, enerji zəncirinin normal fəaliyyəti ölkələr arasında münasibətlərin sabitliyini tələb edir. Türkmənistan-İran arasında vaxtaşırı yaranan iqtisadi-hüquqi narazılıqlar və ya İranın Azərbaycana qarşı siyasi həmlələri iqtisadi əməkdaşlığı siyasi spekulyasiya qurbanına çevirmək riskini özündə daşıyır.  

Türkmənistan qaz ehtiyatlarına görə dünyada 4-cü olsa da, enerji xəttlərinin məhdudluğuna görə potensialını tam reallaşdıra bilmir.
Türkmən qazının İran və Rusiya kimi əsas alıcıları isə onu ucuz alıb, baha satmaqda maraqlıdırlar. Belə şəraitdə əməkdaşlığın növbəti mərhələsi daha böyük həcmdə türkmən qazının Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılması ola bilər. Bu orta-uzaq perspektivdə əməkdaşlığın srateji hədəfinə çevrilə bilər.  

Türkmənistanla əlaqələr həm də üçtərəfli (Türkiyə-Azərbaycan-Türkmənistan) və çoxtərəfli (Türk Dövlətləri Təşkilatı, Azərbaycan–Mərkəzi Asiya) formatlarda da inkişaf edir.

Türkmənistanın özəlliyi neytral dövlət olmasıdır. 1995-ci ildə “daimi tərəfsizlik” statusu elan etmiş Türkmənistan, Aİİ, KTMT, NATO və ŞƏT kimi birliklərdən uzaq durur.

Neytrallıq, ölkəni Rusiya, İran və Qərbin siyasi təzyiqindən qoruyub və bu Bakı və Ankaraya siyasi risklər olmadan Aşqabadı iqtisadi əməkdaşlığa cəlb etməyə imkan verir. Türkmənistanın digər dövlətlərlə açılım siyasəti Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verir. Buna Türkmənbaşıda Azərbaycan konsulluğunun açılması, SOCAR-ın Türkmənistanda yataqların istismarında iştirakı, Türkmənistanda “Azərbaycan ticarət evinin” açılması, humanitar-mədəni əlaqələrin genişlənməsi müsbət töhfə verə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO