Azərbaycanda avtomobil yanacağı istehsalı niyə azalıb? - İlham Şabanın TƏHLİLİ

Azərbaycanda avtomobil yanacağı istehsalı niyə azalıb? - İlham Şabanın TƏHLİLİ

Hazırda oxunan: Azərbaycanda avtomobil yanacağı istehsalı niyə azalıb? - İlham Şabanın TƏHLİLİ

88382

Yola saldığımız həftənin enerji həyatı əsasən Azərbaycanda gündəmə gələn hadisələr və Xəzər ətrafı ölkələrin Azərbaycanla əlaqələri ilə yadda qalıb. Energetika nazirliyi və Dövlət Statistika Komitəsi ölkəmizin neft və qaz sektoru ilə bağlı iyul ayı üçün statistikaları açıqladılar. Və bunların içərisində həqiqətən maraq doğuracaq məlumatlar var ki, ilk baxışda gözə dəymir, çünki təhlilə ehtiyac duyulur. Mənim işim də onları oxuculara çatdırmaqdır. 

Qərblə enerji əlaqələri. Bu həftə rəsmi Brüssel Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsini bir daha təsdiqlədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – İlham Şabandan PROQNOZ 


Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Times of Malta” qəzetinə göndərdiyi yazılı açıqlamada “Azərbaycan Avropa İttifaqının mühüm enerji tərəfdaşıdır və bu sahədə əməkdaşlığımız güclənir” bəyanatı ilə çıxış edib.

İyulun 18-də Bakıya səfərindən və Azərbaycanla Avropa İttifaqı arasında qaz əməkdaşlığına dair yeni Memorandumun  imzalanmasından sonra Aİ prezidenti bəzi Avropa dairələrinin tənqidi ilə üzləşib.

Avropa Komissiyasının sədri isə ittihamları rədd edir və Azərbaycanın strateji əhəmiyyətini ortaya qoyur.

Məlum olduğu kimi, Bakıda imzalanmış memoranduma uyğun olaraq, Azərbaycan Avropaya illik yanacaq tədarükünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağa hazır olduğunu bildirib. Öz növbəsində Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsinə, eləcə də Azərbaycanın Xəzər dənizində yeni qaz yataqlarının işlənməsinə sərmayələrin yatırılmasını təşviq edəcəyinə söz verib.

İmzalanan memorandum Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çox mühüm addım olsa da, bir sıra Avropa mediası Ursula fon der Leyeni Azərbaycanla qaz sazişi imzalamaqla “insan hüquqları problemlərinə göz yummaqda” ittiham edib.


Avropa Komissiyasının sədri cavabında bildirib ki, Azərbaycan Avropanın mühüm enerji tərəfdaşıdır və Bakıda imzalanmış Anlaşma Memorandumu Azərbaycandan Avropaya qaz tədarükünü nəinki iki dəfə artıracaq, həm də uzunmüddətli əməkdaşlığın əsasını qoyacaq, enerji səmərəliliyi və təmiz enerji sahəsində tərəfdaşlıq əlaqələrinə yol açacaq.

Eyni zamanda Ursula fon der Leyen bildirib ki, Aİ Azərbaycanla insan hüquqlarına hörmət və qanunun aliliyinə dair siyasi dialoqa əsaslanacaq yeni hərtərəfli əməkdaşlıq və tərəfdaşlıq sazişi üzrə danışıqlar aparır.

“Yeni tərəfdaşlıq sazişi həm də Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, biznes və xarici sərmayələr üçün əlverişli mühit yaratmaq səylərini dəstəkləyəcək. Yeni əməkdaşlıq məsələlərinə vətəndaş cəmiyyətinin, azad və müstəqil medianın daha geniş formada iştirakı daxildir”, ”, - deyə Avropa Komissiyasının rəhbəri bildirib. 

Dediklərimiz Azərbaycana Qərbdən baxışların necə mürəkkəb bir şəraitdə baş verdiyinin nümunəsi idi, amma Azərbaycana Şərqdən, daha doğrusu Xəzərin o tayından da diqqət artır.

Xəzərin o tayı ilə enerji əməkdaşlığı. Diqqətin artması hazırda dünyada baş verən siyasi-iqtisadi proseslərdən qaynaqlanır. Çünki fevraldan başlanan Rusiya-Ukrayna müharibəsinin indiyə qədər davam etməsi və bu hərbi münaqişənin nə zaman başa çatmasının məchul qalması, o cümlədən Rusiyanın indiyə qədər heç bir dövlətin üzləşmədiyi sanksiyalar həlqəsi ilə sıxışdırılması səbəblərindən bəlli olan odur ki, müharibə bitsə də onun fəsadlarının aradan qaldırılması üçün uzun illər, bəlkə də onilliklər lazım olacaq. Ona görə də dünya ölkələri yeni iqtisadi əlaqələr, əvvəlki ticarət əlaqələrinə çatmaq üçün yeni yollar arayırlar. Bu yollardan biri də Xəzərin o tayındakı ölkələr üçün Azərbaycan üzərindən keçir. 

Məsələ təkcə Şərq-Qərb infrastrukturunun genişləndirilməsi ilə məhdudlaşmır.

İndi Qazaxıstan və Türkmənistan kimi enerji ilə zəngin ölkələr öz neft və neft məhsullarını dünya bazarlarına çıxartmaq üçün Azərbaycanın mövcud ixrac infrastrukturlarından daha çox istifadə etməkdə maraqlı olduqlarını ortraya qoyurlar.

BTC kəməri ilə tranzit nəqli 36% artıb. Azərbaycan Dövlət Statistika Komitəsinin 2022-ci il 7 ayın yekunları ilə bağlı açıqladığı məlumata görə, Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə daşınan tranzit neftinin həcmi 2 mln 614,4 min ton təşkil edib. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 36,3% artım qeydə alınıb.

İlk baxışda valehedici xəbərdir. Amma aylıq tranzit həcmlərini təhlil etdikdə görürük ki, iyul ayında nəql edilən tranzit neftinin həcmi mayla müqayisədə 41,6% azalıb. Yəni 7 aylıq artım ona görə çoxalıb ki, ötən il onun həcmi əvvəlki illərlə müqayisədə xeyli azalmışdı. Azərbaycan üzərindən qonşu olkələrin neft daşıma həcmlərini artırmaq istəyi isə ilknövbədə  kommersiya maraqlarından doğur.

Çünki Rusiya limanları vasitəsi ilə hazırda dünya bazarlarına neft çıxartmaq əvvəlki cəlbediciliyini itirib. Əvvəla, Rusiya limanlarına yan alan tankerlərin sığorta haqqı fantastik dərəcədə artıb, çünki risk dərəcəsi yuxarıdır. İkincisi, Xəzəryanı ölkələrin Rusiyadan neft ixracı hiss ediləcək məbləğlərdə mənfəətin itirilməsi deməkdir, çünki Rusiya neftinin satış qiyməti (üçüncü ölkələrin Rusiya üzərindən bazara çılxarılan xammalı da Rusiya markaları adı altında satılır) 20-25% daha ucuzdur.
 

Elə bu səbəbdən də Azərbaycan martdan Novorossiysk terminalından neft ixracını tamam dayandırmaq qərarına gəlib və illik 1 milyon tondan çox neft həcmlərini BTC kəmərinə yönəldib. 


Əvvəllər öz neft ixracını Azərbaycan və Rusiya üzərindən həyata keçirən Türkmənistan da artıq Mahaçqalaya neft daşımır, həcmləri Səngəçal terminalına yönəldir və oradan da Aralıq dənizinə qədər uzanan BTC-nin imkanlarından yararlanır. 

Bir daha burğulamaq istəyirəm ki, Xəzərin o tayındakı qonşularımızın Azərbaycan vasitəsi ilə ixracı artırmaları siyasi qərar deyil, sırf iqtisadi xarakter daşıyan məqamdır.  

BTC ilə tranzit neftinin nəqli 2008-ci ildən başlayıb, 2009-da olmayıb və 2010-cu ilin iyulundan başlayaraq stabil həyata keçirilir. İndiyə qədər tranzit neftinin BTC ilə daşınmasının ən böyük həcmi 2017-ci ildə qeydə alınıb - 6 mln 432,4 min ton (orta aylıq nəql 536,03 min ton). 2021-ci ildə bu göstərici 3 mln 598,4 min ton olmuşdu.
 

Gəldiyimiz nəticə isə bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi BTC ilə tranzit neft həcmlərinin artımına təsir edib. Bundan sonrakı dövrdə də tranzit həcmləri artıma gedə bilər.


Çünki Azərbaycanın neft həcmləri ilbəil azalma nümayiş etdirsə də, Türkmənistan və Qazaxıstanda bu həcmlər artır. Ötən il 85 milyon ton neft hasil edən Qazaxıstan bir neçə il sonra hasilatı 120 milyon tonadək artırmaq niyyətindədir. Təbii ki, neft ixracı həcmlərini ötən il 93%-nin Rusiya üzərindən həyata keçirən Qazaxıstan bundan sonra ixracın şaxələndirilməsi məsələsini başlıca vəzifə kimi görür və Azərbaycan üzərindən daşımaların artımı gələcəkdə labüddür. 

Baxmayaraq ki, dünən Qazaxıstanın energetika naziri Bolat Akçulakov payızdan etibarən BTC neft kəməri ilə Qazaxıstanın 1,5 milyon ton neft nəql etmək niyyəti ilə əlaqədar hökumətlərarası sazişin imzalanması məlumatını təkzib edib.

Bu məlumat çox həssas məqamdır. Çünki bir qədər əvvəl Qərb mediası məlumat yaymışdı ki, Qazaxıstan öz neftinin bir hissəsini Azərbaycanın əsas ixrac boru kəməri vasitəsi ilə dünya bazarlarına çıxartmağa hazırlaşır və bu məqsədlə iki ölkənin hökumətləri arasında sənədin imzalanmasına hazırlıq gedir. 

Qazaxıstanın energetika nazirnin açıqlamasında isə Azərbaycan üzərindən neft daşımalarının həyata keçirilməsi təkzib edilmir, çatdırılır ki, bu saziş hökumət qurumları arasında imzalanan sənəd olmayacaq.  

“Bu xəbəri oxudum, əslində, BTC ilə neft nəqlinə dair hər hansı saziş imzalayacağımızı düşünmürəm. Belə texniki məsələlər milli şirkətlər səviyyəsində müzakirə olunur, nəzərdən keçirilir, çünki bu cür vəzifə qoyulur”, - Akçulakov Atırauda keçirdiyi brifinqdə bildirib.

Nazir dəqiqləşdirib ki, milli şirkətlər səviyyəsində bu cür danışıqlar aparıla bilər, lakin bu cür sazişlər “birmənalı olaraq respublikanın Energetika Nazirliyi ilə razılaşdırılmalıdır”.

Gördünüzmü! Bu daşımalar şirkətlər arasında (nefti satan və nefti nəql edən) olan kommersiya sazişləri vasitəsi ilə həyata vəsiqə qazanır.  Azərbaycanda avtomobil yanacağ istehsalı azalıb. 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11,6% - 2 milyard 167,3 milyon manata qədər (cari məzənnə ilə $1,274 milyard) azalıb. 

Hesabat dövründə 646,2 min ton avtomobil benzini (azalma 6,4%), 169,1 min ton birbaşa qovulan benzin - nafta (azalma 31,6%), 1 milyon 76,7 min ton dizel yanacağı (azalma 26,2%), 21,7 min ton sürtkü yağları (azalma 37,8%), 97,2 min ton neft koksu (azalma 36,8%) istehsal edilib.

Düzdür, artımı olan neft məhsulları da olub, amma mənim məqsədim azalmanın səbəblərini göstərməkdir.

Diqqət yetirdikdə görürük ki, avtomobil yanacağının istehsalında xeyli geriləmə var. Amma bu ondan qaynaqlanır ki, 2022-ci il aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu həyata keçirilən modirnizasiya işləri ilə əlaqədar fəaliyyətini tam dayandırmışdı. Ötən ilin müvafiq dövründə isə zavod işlədiyindən neft məhsullarının bu ilki istehsalı müqayisədə nəzərə çarpacaq səviyyədə azalıb. 

Qaz ixracımız stabil artır. 2022-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 12 milyard 20,2 milyon kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23% çoxdur. 
 

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən,  hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 52,4%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.


Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya ixrac olunur. 2021-ci ildə “Şahdəniz” qazının ixrac həcmi 17 milyard 618 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 43,6% çoxdur. Qeyd edim ki, Azərbaycan “Şahdəniz” yatağından qaz ixracına 2007-cı ildən başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO