“Bu təşəbbüs prosesdə müəyyən neqativ izlər buraxacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Rəşad Həsənov Vergi Məcəlləsinə nağdsız ödəniş zamanı geri qaytarılan ədv faizinin artırılması, nağd ödənişdə isə bu faizin azaldılmasını nəzərdə tutan dəyişiklik paketinə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
YENİLİK: 100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV - VİDEO
Ekspert düşünür ki, nağd ödənişlər üzrə ƏDV ödənişlərinin 10 faizdən 5 faizə endirilməsi insanların prosesə marağını zəiflədəcək:
“Nəticədə insanlar nağd alış-veriş zamanı qəbizləri elə də həvəslə tələb etməyəcəklər. ƏDV geri al addımının fəlsəfəsində isə məhz qəbizlərin tələb olunması dayanırdı ki, bu dolayısı ilə iqtisadiyyatı leqallaşdırsın. Amma təklif olunan dəyişiklik əks effekt verəcək, insanların prosesə marağına neqativ təsir edərək, onu aşağı salacaq. Bu da əslində nağd dövriyyənin risqlərini daha da artıracaq”.
Ekspert dəyişikliyin hər iki istiqamətdə ödənişlər üzrə verilən faizlərin artırılması istiqamətində aparılmasını daha məqbul hesab edir:
“Nağd ödəniş zamanı ƏDV faizinin azaldılması deyil, 10-faizdən 15 faizə qədər artırılması daha yaxşı olardı. Nağdsız ödənişlərdə isə bu rəqəm 15-dən 30 faizə qaldırılsın. Bu gizli iqtisadiyyatla mübarizədə və insanların kütləvi şəkildə prosesdə iştirakının təmini üçün daha effektivdir. Nəticədə iqtisadiyyatın leqallaşma prosesi daha böyük sürət ala bilər”.
R.Həsənov bildirir ki sözügedən təklif yalnız nağdsız ödənişlərin stimullaşdırılması baxımından əhəmiyyət kəsb edəcək:
“Hökumətin nağdsız ödənişlərə daha çox əhəmiyyət verməsi bu istiqamətdə təşəbbüsləri daha da dərinləşdirəcək. Belədə müəyyən mənada onun da faydası olacaq. İnsanları əvvəlki dövrə nisbətən daha artıq dərəcədə nağdsız ödənişlərə təşviq edəcək”.
Rüfət Sultan, Bizim.Media