Azərbaycan hansı ölkələrə QAZ SATIR? – Gəlirlərin MİQDARI

Azərbaycan hansı ölkələrə QAZ SATIR? – Gəlirlərin MİQDARI

Hazırda oxunan: Azərbaycan hansı ölkələrə QAZ SATIR? – Gəlirlərin MİQDARI

85382

Xəbər verdiyimiz kimi, iyulun 18-də Azərbaycan və Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb. Bu saziş çərçivəsində Azərbaycan yaxın bir neçə il ərzində Cənub Qaz Dəhlizi vasitəsilə ötürücülük gücünü illik 20 milyard kubmetrə çatdıracaq.

İyulun 21-də isə Azərbaycan qazının alıcılarından olan Bolqarıstanın baş naziri Kiril Petkov ölkəmizə səfər edib.

Bolqarıstanın hökumət başçısı səfərinin səbəbləri ilə bağlı açıqlama verərəkən Prezident İlham Əliyevlə görüşündə Azərbaycandan qaz tədarükünün artırılması məsələsini müzakirə edəcəklərini qeyd edib.
Bəs, ümumilikdə, Azərbaycan hansı ölkələrə qaz ixrac edir?

Energetika Nazirliyinin 2021-ci il üçün hesabatına əsasən cəmi xaricə qaz satışı 18,9 milyard kubmetr olub. Bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,8 faiz çoxdur.

Azərbaycan qazının alıcıları isə aşağıdakı ölkələrdir:

Türkiyəyə - 8,5 milyard kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz az); O cümlədən o cümlədən-TANAP-la 5,6 milyard kubmetr (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çox);

Avropaya (Yunanıstan, Bolqarıstan və İtaliyaya) - 8,2 milyard kubmetr;

Gürcüstana – 2,2 milyard kubmetr.

Bir sıra ölkələrsə müxtəlif vaxtlarda Azərbaycan qazının idxalında maraqlı olduqlarını açıqlayıblar. Həmin ölkələr siyahısına Almaniya, Niderland, İsveçrə, Avstriya, Ruminya və Moldova daxildir. 

İxrac olunan qazın həcmi

Azərbaycan qazı xarici bazarlara əsasən Cənub Qaz Dəhlizi vasitəsilə çıxarılıb. Belə ki, Avropa və Türkiyəyə ixrac olunan qaz yalnız bu kəmər vasitəsilə mənzil başına çatdırılıb. 

Gürcüstanla isə vəziyyət bir qədər fərqlidir. Bu ölkəyə nəql olunan qazın yarısı (1,1 milyard kubmetri) Cənub Qaz Dəhlizi, yerdə qalan yarısı isə Qazıməmməd-Qazax qaz kəməri vasitəsilə nəql olunub.

Məlumat üçün qeyd edək ki, TAP kəməri vasitəsilə Azərbaycandan Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz tədarük olunur. Bu kəmər vasitəsilə qaz nəqlinə 2020-ci il dekabrın 31-dən start verilib. 2021-ci il üzrə bu kəmər vasitəsilə Avrozonaya 8,2 milyard kubmetr qaz hasil olunub, bu il üçün sözügedən rəqəmin 10 milyard kubmetr olması nəzərdə tutulur.

2022-ci ilin ilk 5 ayı ərzində isə Azərbaycanda hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetrini ixraca yönəldib. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata əsasən, hasilatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur.

Nazir əlavə edib ki, yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 % çox olub. İxracın 48 %-i Avropanın, 38 %-i Türkiyənin, 14 %-i Gürcüstanın payına düşüb.

Qaz ixracından əldə olunan gəlirlər

2021-ci ildə Azərbaycanın qaz satışından əldə etdiyi gəlir 5 milyard 534 milyon 398 min dollar olub. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir. Bir il ərzində bu qədər böyük artımın olmasının səbəbiysə TAP kəmərinin işə salınması və nəticədə ixrac olunan qazın həcminin 61,3 faiz artmasıdır.
Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, 2022-ci ilin ilk yarısında Azərbaycan təbii qaz ixracından 7 milyard 440 milyon dollar gəlir əldə edib.

Bu da ötən ilin müvafiq dövrüylə müqayisədə 4,7 dəfə çoxdur. Müvafiq dövrdə qaz ixracının həcmi isə cəmi 11 faiz artıb. Qaz ixracından gəlirin bu qədər artmasının səbəbi isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhran və dünya bazarlarında qazın qiymətinin sürətlə bahalaşması olub.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO