Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində müxtəlif bitki sortlarının sınağına həsr olunan tarla seminarı keçirilib.
Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Agentliyin rəhbərliyi, yerli sort müəllifləri, toxum idxalçıları, fermerlər və yerli qurum nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Agentliyin sədr müavini Cəfər Məhərrəmov qurumun əsas fəaliyyət istiqamətlərindən birinin kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasının aparılması olduğunu bildirib.
Burada əsas məqsəd kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər təsərrüfat faydalı göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi və dövlət reyestrinə daxil edilməsi, həmçinin seleksiyaçı hüquqlarının qorunmasını və yerli şəraitə adaptasiya oluna bilməyən, buna görə də istehsal problemlərinə səbəb olan sortların istehsala çıxışının qarşısının alınmasıdır.
Tədbirdə Agentliyin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Möhtəsim Əhmədov “Yerli torpaq-iqlim şəraitinə daha yaxşı adaptasiya olunan sortların əhəmiyyəti” barədə ətraflı məlumat verib.
Tarla seminarında iştirakçılar tərəfindən hazırda sınaqda olan müxtəlif bitkilərin 46 sort və hibrid üzrə yerli torpaq-iqlim şəraitinə daha yaxşı adaptasiya oluna bilən, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə fərqlənən sortların sınaq əkinlərinə baxış keçirilib.
Tədbir çərçivəsində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Bizim.Media