Lüksemburqda Malayziyanın “Petronas” dövlət holdinqin Azərbaycandakı neft-qaz aktivlərini də idarə edən iki törəmə şirkətinin əmlakına həbs qoyulub. Müsadirə olunan məbləğ iki milyard dollardır. Şirkətlər Malayziyanın Sulu Sultanının varislərinin iddiası əsasında həbs edilib.
Bizim.Media Böyük Britaniyanın “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, Sulu varisləri ilə “Petronas” Holdinqi arasında 6-cı ildir davam edən məhkəmə çəkişmələri son günlər nəzərəçarpacaq dərəcədə intensivləşib.
MÖVZU İLƏ BAĞLI:
Aktiv məşğulluğa cəlb olunanların sayı açıqlandı
Malayziyanın son müsəlman sultanının varisləri şirkətdən 144 il əvvəl bağlanmış müqavilə əsasında 15 milyard dollar tələb edirlər.
Varislər hazırda dövlətə məxsus neft-qaz holdinqi “Petronas” tərəfindən istismar edilən Sabah ştatında neftlə zəngin torpaqların qanuni sahibləri olduqlarını iddia edirlər. Bu iddia əsasında Lüksemburq məhkəmə icraçıları iyulun 11-də “Petronas”ın Azərbaycandakı aktivlərini idarə edən iki törəmə şirkətinin əmlakına həbs qoyub.
Britaniya nəşri qeyd edir ki, Sulu Sultanının varisləri ilə məhkəmə çəkişməsi malayziyalıların “Şahdəniz” yatağındakı paylarının Rusiya şirkətinə satılmasını başa çatdırmasına mane olub.
Yada salaq ki, Malayziyanın “Petronas” dövlət şirkəti 2014-cü ildə Norveçin “Statoil” şirkəti “Şahdəniz”dəki 15,5 faizlik payını 2,2 milyard dollara sataraq konsorsiumdan çıxdıqdan sonra Azərbaycanın “Şahdəniz” yatağının səhmdarına çevrilib.
2021-ci ilin oktyabrında isə məlum oldu ki, “Petronas” “Şahdəniz” yatağındakı 15,5 faiz payını Rusiyanın “Lukoil” şirkətinə satmaq niyyətindədir. Daha sonra bu məlumatı “Lukoyl”un nümayəndəsi də təsdiqləyərək “Petronas”ın 2 milyard 225 milyon dollarlıq payının alınması ilə bağlı ilkin razılığın əldə olunduğunu bildirib.
Lakin bir ay sonra “Lukoyl” planlaşdırılan sövdələşmədən imtina etdi. Şirkətin yaydığı bəyanatda qeyd olunub ki, imzalanmış ilkin müqaviləyə düzəliş edilib, ona görə Lukoil “Petronas”dan 15,5 faiz əvəzinə 9,99 faiz alıb və onlar üçün 1,45 milyard dollar ödəyəcək.
Surxay Atakişiyev, Bizim.Media