İllərlə işləyib, hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalı toplanan vətəndaşlarımızı düşündürən məsələlərdən biri də həmin kapitalın onlara verilib-verilməyəcəyi ilə bağlıdır. Digər məsələ isə şəxs pensiya yaşına çatmadan anidən həyatını itirərsə, toplanmış həmin məbləğin sonrakı aqibətinin necə olacağı ilə əlaqəlidir. Vətəndaşların əksəriyyəti sığorta vəsaitinin onlara verilməyəcəyini güman edir.
İqtisadçı ekspert Eldəniz Əmirov toplanan pensiya kapitalının taleyinə aydınlıq gətirib. Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, yığılan pensiya kapitalının batmaması hədəflənir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ölən şəxsin pensiyası ailə üzvlərinə veriləcək – YENİLİK
Vətəndaş dünyasını dəyişərsə, kapitalın ailə üzvləri arasında bölüşdürülməsi nəzərdə tutulur:
“Sonuncu dəyişiklik məhz bununla bağlıdır. “Əmək pensiyaları haqqında” qanunda 18-ci maddə üzrə olan dəyişiklik bunu ehtiva edir. Belə ki, ailə üzvlərindən biri öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Sadə dildə desək, həyat yoldaşlarından biri dünyasını dəyişərsə, onun pensiyası ailə üzvüləri arasında bölüşdürülür.
Həmçinin ailədəki digər yaşa, yaxud əlilliyə görə pensiya alan pensiyaçı isə öz pensiyasını alacaq. Bu maddəyə digər bir dəyişiklik isə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınmasıdır. Yəni, pensiyaçı ailə başçısı dünyasını dəyişdikdə, lakin ailə pensiya almaq hüququnu bir müddət sonra qazanarsa, ortadakı həmin müddət ərzində pensiyanın sığorta hissəsi indeksasiya edilir”.
Ekspert əlavə olaraq bildirib ki, yaşa görə əmək pensiyasına çıxmış şəxslər də yığılmış kapitaldan istifadə edə biləcək:
“37-ci maddəyə görə isə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir.
Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır.
Bunu da sadə dilə belə izah edək ki, işləyən pensiyaçının yığımi sistem tərəfindən avtomatik olaraq 6 ildən sonra hesablanaraq pensiya məbləğinə əlavə olunacaq”.
E.Əmirov pensiya ödəniş müddətinin isə adi qaydada olduğu kimi 144 ay yox, işlədiyi ayların sayı qədər olacağını bildirib. Amma bu da 72 aydan çox ola bilməz.
Səkinə Yusibli, Bizim.Media