Çindən Avropaya gedən qatar Zəngəzur dəhlizindən keçəcək - Vüqar Bayramovun ŞƏRHİ 

Çindən Avropaya gedən qatar Zəngəzur dəhlizindən keçəcək - Vüqar Bayramovun ŞƏRHİ 

Hazırda oxunan: Çindən Avropaya gedən qatar Zəngəzur dəhlizindən keçəcək - Vüqar Bayramovun ŞƏRHİ 

70775

Aprelin 20-də Çin dəmir yolları Çin və Almaniyanı birləşdirəcək yeni Sian-Mannheim qatarının işə salındığını elan edib. Yeni reys Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək və beləliklə, qatar iki dənizi - Xəzəri və Qara dənizi keçməklə yanaşı, 11,3 min kilometr məsafə qət etməklə mənzil başına çatacaq.

Məlumatda aprelin 13-də idman malları ilə yüklənən ilk qatarın Sian şəhərindən yola düşdüyü də qeyd olunub.

Sözügedən marşrutla yükdaşımalarının Azərbaycana qazandıracağı dividendləri Bizim.Media üçün şərh edən millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı mümkün proqnozlarını açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Bayramovdan Qazaxıstanın buğda və un ixracı ilə bağlı TVİT: “Aclıq riskləri artacaq”


“Yeni marşrut Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirməklə yanaşı, eyni zamanda dövlət gəlirlərinin artmasına imkan yaradacaq. Nəzərə alaq ki, xüsusilə Rusiya və İrana tətbiq olunan sanksiyalar fonunda regiondan yükdaşımaların miqdarında artımların olacağı gözlənilir. Azərbaycan yükdaşımlar baxımından bölgədə vacib ölkələrdəndir və son dövrlərdə regional layihələrin reallaşdırılması onu göstərir ki, Azərbaycan bütövlükdə beynəlxalq daşımalarda regional haba çevrilməkdədir”.

Deputat qeyd edib ki, Bakı-Tiblisi-Qars da, sözügedən dəmir yolu marşrutuna inteqrasiya olunacaq: 

“Xatırladaq ki, Bakı-Tiblisi-Qarsın reallaşması ilə bağlı həmin zaman bir sıra Qərb ölkələrinin ciddi təzyiqləri vardı. Buna rəğmən Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində həmin dəmir yolu xətti reallaşdı. Bu gün artıq həmin dəmir yolu Asiya və Avropanı birləşdirən ümumi nəqliyyat xəttinin bir elementinə çevrilib, eləcə də beynəlxalq yük daşımalarında vacib rola malik olub”.

Vüqar Bayramov sözügedən marşrutun işə düşməsi nəticəsində Azərbaycan üzərindən daşınmalarda artımların müşahidə olunacağını da sözlərinə əlavə edib:

“Azərbaycanın dövlət gəlirləri və valyuta daxilolmaların artmasına da imkan yaranacaq. Qeyd etməliyik ki, 2019-cu ildə pandemiyadan əvvəl Azərbaycan üzərindən daşınan qeyri-neft məhsullarının həcmində 65% artım qeydə alınmışdı. Bu isə ondan xəbər verir ki, mövcud infrastruktur, eyni zamanda beynəlxalq yükdaşımalarla bağlı prosedurun elektronlaşması nəticə etibarilə Azərbaycandan keçməklə Çindən Almaniyaya qədər uzanacaq yolun ölkə iqtisadiyyatının inkişafına şərait yaradacaq. Bu həmçinin, dövlət gəlirlərinə daxilolmalarda qeyri-neft sektorunun payının artmasına imkan verəcək”.

Əlavə edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Quo Min ötən ilin iyulunda mətbuata verdiyi açıqlamasında Zəngəzur dəhlizinin ölkəsinin inkişafı üçün əsas proyektlərdən biri hesab olunan “Bir kəmər, bir yol” layihəsinə əsaslı töhfələr verəcəyini qeyd edib.
Eyni zamanda Zəngəzurdan keçməsi nəzərdə tutulan marşrutun Bakı-Tiblisi-Qars xəttindən 366 km daha qısa olduğu da məlumdur.

Bütün bunlar və regionda cərəyan edən prosesləri nəzərə alaraq söyləyə bilərik ki, Azərbaycanın yaxın perspektivdə beynəlxalq logistik mərkəzə çevrilməsi üçün mühüm imkanlar yaranıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO