Neft Fondunun aktivləri artıb - I RÜBÜN HESABATI

Neft Fondunun aktivləri artıb - I RÜBÜN HESABATI

Hazırda oxunan: Neft Fondunun aktivləri artıb - I RÜBÜN HESABATI

70263

Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 0,5% artaraq 45 264 milyon ABŞ dollarına çatıb.

Bizim.Media ARDNF-ə istinadən xəbər verir ki, rüb ərzində qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib.

Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir.

Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri - ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub ki, bu da ARDNF – nn investisiya portfelinə təsirsiz ötüşməyir.
Bununla yanaşı, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnib ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olub.

Bu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 955,9 milyon manat, büdcə xərcləri isə 2 764,5 milyon manat təşkil etmişdir.

2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat təşkil etmişdir. Beləliklə, qeyd edilən dövrdə ARDNF – nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnozanisbətən təqribən 45% səviyyəsində icra edilmişdir.

Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 milyon manat olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 757,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO