Azərbaycanda aqrar sahənin təşviqi üçün ayrılan subsidiyanın baza həcmi bir hektara 200 manat hesablanıb. Bu məbləğ 2020 və 2021-ci il ilə analogiya təşkil edib, indiyə qədər heç bir dəyişlik aparılmayıb.
Üç ildə artım görməyən baza subsidiya məbləği müasir bazar şərtləri çərçivəsində fermer və əkin işlərini qane edirmi?
İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlaması zamanı bu məbləğin mövcud şərtlər daxilində fermerlərin heç bir ehtiyacını qarşılaya bilmədiyini bildirib:
“Son 1 il 4 ay əvvəldə yanacağın qiymətinin 30% artmasına rəğmən subsidiyalar normal kompensasiya edilmədi. Bununla yanaşı, yalnız yanacaq deyil, fermerlərin digər xərcləri də artıb”.
MÖVZU İLƏ BAĞLI:
Susuzluğun fermerlərə yaratdığı PROBLEMLƏR – Məhsuldarlığın artırılması üçün həll yolları nələrdir?
Ekspert bir sıra fermerin, ümumiyyətlə, subsidiya ilə təmin olunmadığını da qeyd edib:
“Subsidiya məbləğinin aşağı olması ilə bərabər, subsidiyanın ödənilməsi qaydası da uyğun deyil. Birincisi, subsidiya almaq üçün fermer qeydiyyatdan keçməlidir və bu da internet üzərindən, onlayndır. Təəcüblü deyil ki, fermerlərin çoxu bunu bacarmır. Ona görə də bir çox fermerlər bu subsidiyadan kənarda qalır. Yaxşı olardı ki, hər bir fermerə torpağının dövlət aktına uyğun olaraq, hökümət subsidiya versin. Dövlət aktının nömrəsini təqdim etməklə fermerin subsidiya almaq imkanları olmalıdır”.
Fermerə ödənilən subsidiyanın heç də hamısını nağdlaşdıra bilməməsi və bəzi şirkətlərin bundan sui-istifadə etdiyini də iqtisadçı diqqətə çatdırıb:
“Fermerin nağdlaşdıra biləcəyi məbləğ ödənilən subsidiyanın 25%-dir. Yəni 100 manatdan yalnız 25 manatını fermer nağdlaşdıra bilir və 75 manatına isə fermerə lazım olan gübrə, bitkilərin qidalandırılması ilə bağlı pestistlər almalıdır. Bunları da ölkəyə bəlli şirkətlər gətirir, bunu öz monopoliyalarında saxlayırlar. Bununla bir qrup şirkətə fermeri təhkim edirlər. O şirkətlər də bilir ki, fermer gübrə, toxum və sairəni almaq məcburiyyətindədir.
Seçim yoxdur, ən keyfiyyətsiz, ən ucuz məhsulu fermerə baha qiymətə satırlar. Bu da kənd təsərrüfatına dövlət dəstəyinin səmərəsini aşağı salır”.
Akif Nəsirli hesab edir ki, subsidiyaların həcmi ən azı 3 dəfə artırmaq və subsidiyaların tam məbləğinin nağdlaşdırılması üçün fermerə imkan yaradılmalıdır ki, fermer onu azad şəkildə bazardan alsın. Və bu zaman keyfiyyətdən, məhsuldarlıqdan söhbət etmək olar.
Mia Quliyeva, Bizim.Media