Dünya Bankı ilə rəqəmsal inkişaf, özəl sektorun diaqnostikası, idarəetmə texnologiyaları, innovasiyalar və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və müasir texnoloji yeniliklərin ölkəyə gətirilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Nazir, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bankın ölkədə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Asiya İnkişaf Bankı Qaradağ Günəş Elektrik Stansiyasının inşasına kredit ayıracaq
Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən olunan strateji istiqamətlər üzrə 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiya hazırlanıb.
Yeni inkişaf strategiyası dövlət sektorunun yeni keyfiyyətə transformasiyasını, ekosistemin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını, özəl sektorun, insan kapitalının davamlı inkişafını, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılmasını nəzərdə tutur.
Öz növbəsində Sebastian Molineus Bankın Azərbaycanla səmərəli əməkdaşlığını diqqətə çatdırıb, ölkədə aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları qeyd edib.
Tərəflər Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri, Bankın növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri, birgə layihələrin icrası, enerji səmərəliliyi, “yaşıl enerji” və s. kimi məsələlər barədə müzakirələr aparıblar.
Bizim.Media