Neft bazarında YENİ REALLIQ – Növbəti müharibə siqnalları fonunda ENERJİ DİPLOMATİYASI

Neft bazarında YENİ REALLIQ – Növbəti müharibə siqnalları fonunda ENERJİ DİPLOMATİYASI

Hazırda oxunan: Neft bazarında YENİ REALLIQ – Növbəti müharibə siqnalları fonunda ENERJİ DİPLOMATİYASI

606764

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftə dünya neft bazarı klassik fundamental faktorların deyil, daha çox siyasi siqnalların və psixoloji gözləntilərin təsiri altında hərəkət etdi. Xüsusilə ABŞ–İran müharibəsində baş verən hadisələr qiymətlərin qısa zamanda sınıq xətt üzrə dəyişməsinə gətirib çıxartdı.

Qlobal bazarlar

Həftənin əvvəli Brent markalı neftin qiyməti  111,89 dollar səviyyəsində ticarət edilsə də, lakin ABŞ prezidenti tərəfindən İranın danışıqlara razılaşdığı və 2 həftəlik atəşkəs elan olunduğu barədə açıqlama dərhal bazarı dəyişdi. Nəticədə qiymətlər qısa zamanda 90 dollar səviyyəsinə doğru irəlilədi.
 

MÖVZU İLƏ BAĞLI:

“Brent” neftinin qiyməti 102 dolları ötdü


Ancaq növbəti gün qiymətlərin yenidən 97 dollar həddini aşması göstərdi ki, treyderlər nə Vaşinqtondan, nə də Tehrandan verilən bəyanatlara heç də etibar etmirlər. Burada əsas məsələ ondan ibarətdir ki, həm ABŞ, həm də İran eyni vaxtda “qalib” ritorikasından istifadə edir.

Bu isə real kompromisin əldə olunmadığını, yalnız taktiki fasilə verildiyini göstərir. Başqa bir tərəfdən əgər Tramp öz dediklərinə inanırsa, onda nədən NATO ölkələrindən kömək umur? 

Treyderlərin ehtiyatlandığı əsas məqamlar isə ondan ibarətdir ki, Hörmüz boğazı ilə bağlı risklər aradan qalxmayıb, oradan tankerlərin təhlükəsiz keçidi ilə bağlı dəqiq fikir hələ də yoxdur. İranın ixrac imkanlarının necə dəyişəcəyi qeyri-müəyyəndir: sanksiyaların yumşaldılması realdırmı, yoxsa bu, yalnız ehtimaldır?

Ürək açmayan proqnozlar

İslamabad görüşü fonundakı şübhələr isə özünü ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2026-cı il üzrə yeni qiymət proqnozunda da əks etdirib. Artıq neftin cari ildəki orta qiyməti 96 dollar həddində qiymətləndirilir. Diqqətimi çəkən başqa bir məqam isə proqnozda II rüb üzrə Brent markalı neftin orta qiymətinin 115 dollar olması ehtimalıdır.

Bu, ilk baxışdan bazardakı cari dalğalanmalar fonunda kifayət qədər yüksək rəqəmdir, çünki martda neftin orta qiymətinin 103 dollar olması bildirilib. Yəni Vaşinqtondakı analitiklər belə hesab edir ki, hətta aktiv hərbi faza zəifləsə belə, İran faktoru və Hörmüz boğazı ətrafında qeyri-müəyyənlik hələ bir müddət bazara neqativ təsirlərini göstərməkdə davam edəcək.

Azərbaycan-Gürcüstan əlaqələri

Bu həftənin ilk iş günü Azərbaycan Prezidenti İlham Əliyevin  qonşu Gürcüstana dövlət səfəri ilə başladı. Qeyd edim ki, Gürcüstan bizim üçün təkcə qonşu deyil, həm də xarici bazarlarla əlaqələrimizdə məxsusi rol oynayan bir ölkədir, Qərb istiqamətində neft və qaz kəmərlərimiz, magistral avtomobil və dəmir yollarımız Gürcüstan üzərindən keçir. Ona görə də Gürcüstaqnla əlaqələrimiz strateji xarakter daşıyır və rəsmi Bakı ilə Tiflisin müsətqillik illərindəki anlamlı dialoqu ikitərəfli münasibətlərin stabil inkişafında önəmli məqamdır.

Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin “Azərbaycan bizim ən iri ticarət tərəfdaşlarından biri kimi qalır və həmçinin iqtisadi münasibətlərin artırılan sərmayələr sayəsində daha da dərinləşəcəyini gözləyirik” bəyanatını səsləndirməsi rəsmi Tiflisin Azərbaycanla qarşılıqlı münasibətləri daha da dərinləşdirmək arzusundan xəbər verir.

Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Gürcüstanda mövcud olan sərmayə iqlimini çox müsbət qiymətləndirmiş və indiyə qədər Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyduğunu bildirib. Düzdür bu sərmayələrin böyük bir qismi enerji sektoruna aiddir.

Xatırladım ki, hələ 1996-cı ilin oktyabrında məhz Ulu Öndər Heydər Əliyevin təkidi ilə Azərbaycanın qərb istiqamətində ilk infrastruktur layihəsi Bakı-Supsa neft kəmərinin çəkilməsinə dair qərar verilib və 1999-cu ilin aprelindən bu kəmər istismardadır. Bundan əlavə məhz Gürcüstan Azərbaycan Dövlət Neft Şirkətinin ölkə sərhədlərini aşaraq xarici ölkədə sərmayə yatırdığı ilk ölkə olub. SOCAR əvvəlcə Gürcüstanın neft məhsulları bazarında, bir qədər sonra isə qaz bazarında önəçli oyunçuya çevrilib. 2008-ci ilin mayından isə Qara dənizin Gürcüstan sahilində SOCAR-a məxsus Kulevi terminalı fəaliyyətə başlayıb.

Gürcüstana verdiyimiz enerji

2025-ci ilin yekunlarına görə, Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi  881,3 milyon dollar təşkil edib ki, bunun da 712,7 milyon dolları Azərbaycanın ixracının payına düşüb. Azərbaycanın ixracının isə yarıdan çoxunu enerji məhsulları təşkil edib ki, bu da qonşu ölkənin enerji təhlükəsizliyində ölkəmizin oynadığı mühüm rolun göstəricisidir.

Dövlət Statistika Komitəsinin “Xarici ticarətin vəziyyətinə dair” bülletenində dərc edilmiş məlumatlara əsasən, ötən il Azərbaycan Gürcüstana 13 nomenklatura üzrə 393,7 milyon dollarlıq enerji məhsulu ixrac edib. Və bunun da 250,2 milyon dollarını təbii qaz, 105,4 milyonunu dizel yanacağı, 28,9 milyon dollarını isə elektrik enerjisi təşkil edib.  

Serbiya ilə qaz əməkdaşlığı

Yola saldığımız həftə həmçinin Azərbaycan və Serbiya arasında iqtisadi və enerji əməkdaşlığı diqqətdə olub. Belə ki, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayevlə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş zamanı ölkələr arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Sahil Babayev enerji əməkdaşlığının əsas istiqamətlərinə toxunaraq 2023-cü ilin sonundan Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.

Burada bir haşiyəyə çıxıb xatırlatmaq istərdim ki, Azərbaycan Energetika nazirliyinin məlumatına əsasən, iki ildən artıq müddətdə Azərbaycan ümumilikdə Serbiyaya 444,6 mln kubmetr qaz ixrac edib. Dövlət Statistika Komitəsinin hesabatlarına görə, 2025-ci ildə Azərbaycandan Serbiyaya nəql edilən təbii qaz həcmi 226,1 mln kubmetr təşkil edib ki, bu da 2024-cü ilin nəticələrindən 3,13 dəfə çox olub. 

Serbiyanın enerji istəyi

Öz növbəsində serbiyalı nazir iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, cari ilin fevralında imzalanmış və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Qeyd edim ki, enerji məsələlərini Serbiyanın mədən və energetika naziri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəflə birlikdə də müzakirə edib.

"Görüşdə ölkələrimizin strateji tərəfdaşlığını və iqtisadi münasibətlərin inkişaf dinamikasını qeyd etdik. SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq", - deyə Milkayıl Cabbarov bu haqda sosial şəbəkə hesabında qeyd edib.

Serbiya ilə Azərbaycan yaxın perspektivdə enerji daşıyıcılarının tədarükü, eləcə də birgə infrastruktur təşəbbüslərinin həyata keçirilməsi məsələlərinə dair danışıqları davam etdirir.

Serbiya təkcə Azərbaycandan qaz idxal etməklə kifayətmək fikrində deyil. Rəsmi Belqrad SOCAR-ın Serbiyada təbii qazın istilik-elektrik enerjisinə çevrilməsi layihəsində iştirakını istəyir. Cari ilin 15 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya və Azərbaycan arasında iqtisadi sahədə imzalanan sənədlər içərisində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiyada qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” xüsusi ilə diqqət mərkəzində oldu.

Ona görə də bu dəfə Bakıda həmin məsələnin diqqətdə olması onu göstərir ki, tərəflər SOCAR-ın Serbiyanın Niş şəhəri yaxınlığında tikilməsi planlaşdırılan istilik-elektrik stansiyası layihəsinin iştirakında maraqlıdırlar.

SOCAR-a olan diqqət

Qeyd edim ki, SOCAR yaxın və uzaq ölkələrin enerji bazarında mühüm rol oynamaqla yanaşı, həmçinin Azərbaycan iqtisadiyyatının müstəqillik illəri boyu lokomotivi rolunda çıxış edən bir şirkətdir. Özü də dövlət şirkəti olmaqla yanaşı, həm də dövlətin hasilatın pay bölgüsü sazişlərində maraqlarını hüquqi baxımdan qoruyan bir qurumdur. Ona görə də SOCAR-a münasibət də ciddidir. Bu baxımdan təqribən son bir ildə Hökumətin üç iclasının neft-qaz sektorunun, eyni zamanda SOCAR-ın fəaliyyəti ilə bağlı məsələlərə həsr edilməsi başadüşüləndir.    

7 apreldə Azərbaycan Respublikası Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən, neft emalı və neft-kimya ilə bağlı strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövrə neft məhsullarına ölkə daxili tələbatın dayanıqlı təmin olunması kimi məsələlər müzakirə obyektində olub.

Nazirlər Kabinetinin rəsmi açıqlamasına görə, gündəlikdə olan məsələlər ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. Amma bir enerji eksperti kimi deyə bilərəm ki, bu iclasda hökumətin neft-qaz sektorunun vəziyyətindən razı və ya narazı olduğu dəqiq bildirilməyib. Çünki ictimailəşdirilən məlumatlar əsasında bu yöndə hansısa qənaətə gəlmək çətindir. Baxmayaraq ki, qeyd edilib ki, iclasın yekununda müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Biz bu tapşırıqları bilməsək də, təxmin edə bilərik ki, hazırda neft-qaz sektorumuz dünyada baş verən hadisələrlə əlaqədar yeni reallıqlarla üzləşib ki, Hökumət də İqtisadi Şura timsalında  yığışıb görünə bilən və proqnozlaşdırılması qəliz ola biləcək belə problemləri kollegial şəkildə müzakirə ediblər.

Fikrimcə, məsələ hansısa problemin ortaya çıxmasında deyil, çünki ortada iş varsa, müəyyən problemin olması da labüddür, əsas məsələ onu zamanında aşkarlayıb və yerindəcə həll etmək bacarığıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO