Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

Hazırda oxunan: Tender və kotirovkalarda dempinq limiti - Hansı halda iştirakçı kənarlaşdırılır?

590270

Dövlət satınalmaları sahəsində ən çox müzakirə olunan məsələlərdən biri tender və kotirovkalarda təqdim edilən həddindən artıq aşağı qiymət təklifləridir. Bu halda mövcud qanunvericiliyə əsasən, sifarişçi qurum real bazar şərtlərinə uyğun olmayan dərəcədə aşağı qiymət təklifini şübhəli hesab edə bilər.

Araşdırmalar göstərir ki, sifarişçi qurumlar belə hallarda iştirakçıdan qiymətin necə formalaşdığı ilə bağlı yazılı əsaslandırma, maya dəyəri hesablamaları və texniki izahat tələb etmək hüququna malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu sahibkarlara maliyyə sanksiyası tətbiq edilməyəcək


Əgər təqdim olunan izah qənaətbəxş hesab olunmazsa, qiymət təklifi rədd edilə bilər. Xüsusilə də xidmət və tikinti sahəsində keçirilən satınalmalarda ehtimal qiymətindən çox aşağı təqdim edilən təkliflərin keyfiyyət və icra riskləri yaratdığı vurğulanır.

Bəs ümumilikdə, tender və kotirovkalarda ehtimal qiymətindən neçə faiz aşağı qiymət təklifi verdikdə iştirakçı kənarlaşdırılır?

İqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında satınalma prosesindəki qiymət prinsiplərindən danışıb:

“Əgər bütün iştirakçılar ehtimal olunan qiymətdən yüksək təklif veribsə, satınalma ləğv olunur. Amma qiyməti aşağı təklif olunduqda, Qanunun 35.1.8.-ci maddəsində deyilir ki, təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə, 20%-dən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında, təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edilir. Daha sonra isə satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda həmin təchizatçı kənarlaşdırılır.

Məsələn, ehtimal olunan qiymət 50.000 manat olaraq təyin edilibsə, amma təchizatçı 10.000 təklif edirsə, o zaman tender komissiyası ona sorğu göndərir. Ola bilər ki, doğrudan da qiymət budur. Yəni bəlkə də, ehtimal olunan qiymətin özü düzgün deyil. Bu halda iştirakçı kənarlaşdırılmır. Məlumdur ki, dövlət qurumlarında ehtimal olunan qiymət formaldır”.

Manipulyasiya meyilləri və imkanları

İqtisadçı ekspert Rəşad Həsənov isə tender qaydalarının hüquqi əsasları barədə məlumat verib.

O, qeyd edib ki, bir çox hallarda iddia edilir ki, 20%-dən aşağı qiymət verildiyi zaman iştirakçıdan heç bir izahat tələb olunmadan satınalmadan kənarlaşdırılır:

“Lakin bu, doğru yanaşma deyil. Əslində qanunvericilik bu istiqamətdə dəqiqləşdirmələr aparılması tələbini müəyyən edir. Nəzərə almaq lazımdır ki, bu tenderlərin keçirilməsinin fəlsəfəsi məhz optimal qiymətin tapılmasıdır.

Ola bilsin ki, dövlət qurumları ehtimal qiymətin müəyyən edilməsi prosesində ciddi çətinliklərlə üzləşsinlər. Çünki bəzi hallarda bazar iştirakçılarının sayı az olur və müvafiq təhlillərin aparılması zamanı informasiya şirkətlər arasında bir-birinə ötürülməklə qiymətlərin müəyyən edilməsinə təsir göstərilir.
 

Burada manipulyasiya meyilləri və imkanları da genişdir. Amma buna baxmayaraq, satınalmanın məqsədi prosesi optimal qiymətlə həyata keçirməkdir. Əgər komissiya satınalmada iştirak edən şirkətlər arasında bir sövdələşmə və satınalma qiymətlərinə təzyiq meyilləri olduğunu müəyyən edərsə, bu halda da təchizatçılar kənarlaşdırıla bilər”.


Bəs tenderlərdə ehtimal qiymətindən aşağı qiymət təklifi nə zaman dempinq sayılır?

“Aşağı qiymət təklif olunduğu halda, həqiqətən də, bu qiymətin bazar qiymətindən bilərək aşağı verildiyi və fərqli məqsədlərə xidmət edildiyi müəyyən olunursa, bu, artıq dempinq olaraq qiymətləndirilə bilər. Əgər təchizatçı daha əlverişli şərtlərlə xidməti təşkil edə bildiyi üçün aşağı qiymət təklif edirsə, o zaman bu, dempinq sayılmır”, - deyə ekspert bildirib.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO