Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və sair sahələrdə nəzarəti həyata keçirəcək. Ekspertlər hesab edirlər ki, bu, zərgərlik məmulatları bazarının tənzimlənməsi üçün çox əhəmiyyətli dəyişiklikdir. Belə ki, nəzarət gücləndirildikdən sonra süni qiymət artımının, saxta məhsulların bazara daxil olmasının qarşısını alacaq.
Qeyd edək ki, Qurum dövlət əyar nəzarətini – Azərbaycanda istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanması və damğalanmasını da həyata keçirəcək.
MÖVZU İLƏ BAĞLI:
Zərgərlik məmulatlarına dövlət əyar damğasını bu orqan vuracaq – RƏSMİ
Bəs zərgər özü düzəltdiyi bəzək əşyası üzərində dövlət əyar damğası olmadan məhsulu satışa çıxararsa bu qanuna ziddir? Hansı məsuliyyətlə nəticələnə bilər?
Hüquqşünas Cavid Yolçuyevin Bizim.Media-ya verdiyi məlumata görə, Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, digər zərgərlik məmulatları xüsusi laborator analizlərdən sonra dövlət əyarı ilə damğalanmalıdır.
“Əgər zərgərlik məmulatı üzərində dövlət əyar damğası olmadan satışa çıxarılarsa bu, qanuna ziddir və cinayət məsuliyyəti ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 238‐1 maddəsinə görə, üzərində dövlət əyar damğası olmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zinət əşyalarının satışı qadağandır. Belə zərgərlik məmulatların satışına görə fiziki şəxslər 100 manatdan 400 manata qədər, hüquqi şəxslər 1000 manatdan 3000 manata qədər cərimələnə bilər”.
Şəfiqə Şəfa, Bizim.Media























































































