Şirkətlər, şəxslər öz məhsullarını daha çox insana çatdırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Öz işini tanıtmaq, məhsulunu satmaq istəyənlər özlərini müxtəlif vasitələrin köməyi ilə reklam edirlər. Bu vasitələrdən ən sadəsi, küçədə insanları fiziki olaraq məlumatlandırmaqdır. Bu işi isə promoterlər görür. Onlar küçələrdə insanlara reklam materialı haqqında məlumatlar, bukletlər təqdim edirlər.
Azərbaycanda da bu geniş yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana gələn turistlər ən çox hansı rayonlara üstünlük verir? – SİYAHI
Bu işlə əsasən tələbələr məşğul olurlar. Onlar bu vasitə ilə həm əlavə qazanc əldə edir, həm də təcrübə toplayırlar. Xüsusilə, turizm sahəsi ilə məşğul olan tələbələr bu imkanlardan istifadə edib xarici dil biliklərini də təkmilləşdirə bilirlər.
Bu, bir tərəfdən turizm xidmətlərinin tanıdılması üçün effektiv üsul sayılır, digər tərəfdən isə bəzi mütəxəssislər bunun ictimai asayişə zidd hərəkət hesab edirlər.
Son günlər isə İçərişəhərdə promoterlərin fəaliyyəti qadağan edilib. Bu isə həm promoterləri, həm də turizm şirkətlərini narahat edib. Turizm şirkətlərinin məlumatına görə, onların gəlirlərinin təxminən 70 faizi məhz promoterlərin cəlb etdiyi turistlər hesabına formalaşırdı.
Azərbaycanda hazırda turizmlə bağlı vəziyyəti qiymətləndirərək promoterlərin fəaliyyəti ilə bağlı qərar turizmə necə təsir edə bilər?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov deyib ki, küçələrdə insanlara yaxınlaşmaq, onlara nəsə təklif etmək bəzi insanlar üçün xoş deyil və bezdirici ola bilər:
“Amma bu həm də satış fəaliyyətidir. Yaxşı olar ki, hazırkı dövrdə internet, sosial şəbəkələr mövcuddur, hər kəsin ağıllı adlandırılan telefonları var və bu telefonlara çatma üsulları mövcuddur. Yəni heç kimi narahat etmədən daha mədəni, etik formada hansısa posterlər, məlumat lövhələri, QR kodla müxtəlif məlumatlar qoyula və ötürülə bilər”.
O, bunun dəqiq səbəblərini bilməsə də, İçərişəhərin qoruq olduğunu qeyd edib:
“İnsanlar ora qoruq kimi gəlirlər, oranı kəşf edirlər, ona görə də promoterlərin turistləri həddindən artıq narahat etmələri bəzən xoş olmaya bilər. Ehtimal edirəm ki, yəqin ki bununla əlaqədardır. Bir çox şəhərlərdə bu kimi halları görə bilirik, amma bunun daha səliqəli forması olsa, yaxşı olar”.
Günay Şahmar, Bizim.Media



























































































