Son aylar Bakıda aparılan genişmiqyaslı söküntü işləri kirayə mənzil bazarına ciddi təsir göstərib. Əvvəlcədən 500-600 manata kirayə verilən mənzillərin qiymətləri indi 700-800 manata qədər yüksəlib. Sökülən ərazilərdə yaşayan sakinlər yeni ev axtarışına çıxıb, bu isə bazarda süni tələbat yaradaraq qiymət artımına səbəb olub.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak eksperti Elşad Əliyev bildirib ki, hazırda paytaxtın kirayə bazarı demək olar ki, “çökmüş vəziyyətdədir”:
“Qiymətlər günü-gündən artır. Münasib qiymətə ev tapmaq artıq mümkünsüzdür. Hazırda tələbat təklifi üstələyir. Bu vəziyyətin əsas səbəblərindən biri paytaxtda aparılan söküntü işləridir. İnsanlar məcburən yeni mənzil axtarışına çıxır və nəticədə kirayə bazarında sıxlıq yaranır”.
Ekspert problemin həlli yollarından biri kimi təhsil müəssisələrinin və iri şirkətlərin paytaxtdan kənara köçürülməsini təklif edib:
 
“Universitetlər və digər təhsil ocaqları tədricən şəhərdən kənara köçürülərsə, tələbə axını azalar və kirayə bazarındakı gərginlik bir qədər səngiyər. Təbii ki, bu, uzunmüddətli prosesdir, amma real çıxış yollarından biridir”.
Elşad Əliyevin sözlərinə görə, yaxın aylarda da kirayə bazarında ciddi ucuzlaşma gözlənilmir. Əksinə, payız mövsümündə tələbələrin çoxalması qiymət artımını bir qədər də sürətləndirə bilər.
Aygün Hüseyn, Bizim.Media
					






























































































