Dünyada kəskin ucuzlaşan şəkər Azərbaycanda niyə BAHALAŞIR?

Dünyada kəskin ucuzlaşan şəkər Azərbaycanda niyə BAHALAŞIR?

Hazırda oxunan: Dünyada kəskin ucuzlaşan şəkər Azərbaycanda niyə BAHALAŞIR?

578065

Son illər dünya bazarlarında şəkərin qiyməti sürətlə ucuzlaşır. “TradingEconomics”in məlumatına görə şəkərin bir kiloqramının qiyməti son bir il ərzində 38%, bu ilin əvvəlindən isə 26% ucuzlaşaraq 0,32 dollara (54 qəpik) düşüb.

Xammal ucuzlaşsa da, qiymət artır

Məlumat üçün bildirək ki, Azərbaycan şəkər emalında istifadə olunan əsas xammallardan birini – şəkər qamışını Braziliyadan idxal edir. Bu ilin ilk 8 ayında Braziliyadan 247 min ton şəkər qamışı gətirilib ki, bunun da bir tonunun orta gömrük dəyəri 890 manat olub. Ötən ilin eyni dövründə Braziliyadan idxal edilən şəkər qamışının bir tonunun orta gömrük dəyəri 1000 manatdan artıq olub.

Onu da qeyd edək ki, son bir ildə şəkərin dünya bazarlarında ucuzlaşması, eyni zamanda Braziliyadan idxal edilən şəkər qamışının gömrük dəyərinin aşağı düşməsinə baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında ucuzlaşma qeydə alınmayıb.

Açıqlanan rəsmi məlumata görə, bu ilin əvvəli ilə müqayisədə sentyabr ayında marketlərdə şəkərin bir kiloqramının orta satış qiyməti 5 qəpik bahalaşaraq 2,94, şəkər tozunun orta satış qiyməti isə 3 qəpik artaraq 1,92 manata yüksəlib.

Dünya birjalarında baş verən ucuzlaşma fonunda ölkəmizdə şəkər niyə bahalaşır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirdi ki, beynəlxalq bazarda şəkərin qiyməti, əsasən, Braziliya, Hindistan və Tayland kimi ölkələrdəki istehsala bağlıdır:

“Azərbaycana şəkər əsasən idxal olunur və idxal zamanı logistika, daşınma, gömrük, sığorta və valyuta məzənnəsi kimi xərclər əlavə olunur. Son aylarda dolların qlobal güclənməsi idxal məhsullarının maya dəyərini artırır.

Azərbaycanda manatın məzənnəsi sabit görünsə də, effektiv məzənnə mənzərəsi tamamilə fərqlidir. İdxalçılar üçün ödənişlər dollarla edilir, bu da məhsulun maya dəyərinə təzyiq yaradır. Beləliklə, dünya bazarında ucuzlaşan şəkər Azərbaycan manatı ilə ifadədə ucuzlaşmaya çevrilmir.

Nəzərə alaq ki, Azərbaycanda şəkərin böyük hissəsi xam şəkərdən emal olunur. Bu xammal əsasən Latın Amerikası və Rusiyadan gətirilir. Emal zavodlarının öz enerji, işçi qüvvəsi və avadanlıq xərcləri artdığı üçün yerli satış qiyməti aşağı düşmür.

Yəni dünyada şəkər 40% ucuzlaşsa da, Azərbaycanda məhsulun maya dəyəri və ticarət zənciri o qədər çox aralıq xərclərdən ibarətdir ki, bu ucuzlaşma istehlakçı qiymətinə çatmır. Başqa sözlə desək, günah iqtisadı quruluşdadır. Əslində, bu vəziyyət bazarın liberallaşması, yerli istehsalın artırılması və idxal asılılığının azaldılması ehtiyacını bir daha göstərir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO