Rusiyanın neft nəhəngləri SANKSİYALARIN HƏDƏFİNDƏ – Qlobal bazarlarda təşviş BAŞLADI

Rusiyanın neft nəhəngləri SANKSİYALARIN HƏDƏFİNDƏ – Qlobal bazarlarda təşviş BAŞLADI

Hazırda oxunan: Rusiyanın neft nəhəngləri SANKSİYALARIN HƏDƏFİNDƏ – Qlobal bazarlarda təşviş BAŞLADI

577392

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Hazırda Azərbaycanda mülayim payız günləri müşahidə edilsə də, dünya bazarları təlatümlü dövrünü yaşamaqdadır. Çünki əmtəə bazarları böyük güclərin toqquşmasından doğan təsirlərlə üzləşir. Elə yola saldığımız həftə də belə halla qarşılaşdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın ixracı 330 milyard dollara çatdı - Qərb sanksiyalarına baxmayaraq


Qlobal bazarlar

Əgər bazar ertəsi London Əmtəə Birjasında “Brent” markalı neft 61 dollarla ticarətə başladısa və o biri gün də bu qiymət ətrafında stabilləşmişdisə, sükutun pozulması birdən-birə oktyabrın 22-də başladı. Məlum oldu ki, yüksək səviyyədə Budapeştdə keçirilməsi planlaşdırılan ABŞ-Rusiya liderlərinin görüşü baş tutmayacaq. Donald Tramp öz narazılığını heç gizlətmirdi də. Bu narazılıqlar fonunda cəmi bir neçə saat sonra ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki neft nəhəngi – “Rosneft” və LUKoil şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqladı.

Bundan sonra hərraclarda qiymətlər artıma doğru dəyişdi. Özü də kifayət qədər qısa zamanda. Artıq həmin gün Brent markalı neftin qiyməti 64,5 həddini keçdi və oktyabrın 23-də ən bahalı neft partiyasını müştərilər 66,32 dollar səviyyəsində qiymətləndirdilər.  

Maraqlıdır ki, bundan bir həftə öncə Rusiyanın bu şirkətlərinə qarşı sanksiyaları Böyük Britaniya hökuməti də qəbul etmişdi. Amma Okeanın o tərəfindən gələn sanksiyalar kifayət qədər ciddi və təsiredici gücə malikdir. Bazar iştirakçılarını təşvişə salan da elə bu məsələ oldu. Çünki bu iki şirkət gündəlik olaraq 5 milyon barelə qədər “qara qızıl” istehsal edir və həmin həcmlərin yarısının yarısı belə qlobal bazarlardan yığışdırılsa, bu istehlakçılar üçün fəsadsız ötüşməyəcək.

Sanksiyalarla tanış olduqda görmək olur ki, qadağalar nəinki ana şirkətləri, onların törəmə şirkətlərinə də şamil edilir. Sanksiyalar yalnız ABŞ ərazisindəki əməliyyatlara deyil, sövdələşməsi dollarla aparılan bütün beynəlxalq əməliyyatlara da şamil edilir. Bu isə faktiki olaraq həmin şirkətlərlə işləyən xarici treyderlər və banklar üçün birbaşa və dolayı risklər deməkdir. 

ABŞ-dən qlobal bazara gələn “göz ağartması”nı artıq Cinin davranışında belə  hiss edilməyə başlayıb. Reuters agentliyinin yaydığı məlumata görə, Çin hökumətinin nəzarətindəki, aralarında PetroChina və Sinopec kimi nəhənglər də olan 5 şirkət artıq oktyabrın 23-dən Rusiya neftinin ticarəti ilə bağlı yeni müqavilələr imzalamağı dayandırıblar.


Düzdür, burada söhbət dəniz ticarətindən getsə də, Çin gündəlik olaraq Rusiyadan 1,4 mln barel nefti tankerlərlə qəbul edən nəhəng bir bazardı. Bu baxımdan qarşıdakı həftə daha maraqlı hadisələrin olacağını indidən təxmin etmək olar.  

Qazaxıstanla strateji enerji sazişi

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yeni müstəvidə inkişafını xarakterizə etməklə yanaşı həmçinin dünyada yaşanan gərgin ab-havada Xəzərin o tayı ilə “xoş gündə də, dar gündə də” bir-birimizin yanında olmaq mesajı idi.

Qarabağdakı Zəfərimizdən sonra Azərbaycan lideri Mərkəzi Asiya ölkələrinə sayca 20-ci səfərini edirdi. Son 2 ayda Prezident İlham Əliyev 3-cü dəfə idi Xəzərin o tayına səfərə çıxırdı. Qazaxıstandan öncə Azərbaycan Prezidenti Türkmənistanda və Tacikistana səfər etmişdi. Maraqlıdır ki, dövlət başçımızın Xəzərin o tayındakı ölkələrə ən çox səfər etdiyi ölkə Qazaxıstan olub.

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimizin böyük potensiala malik olduğu energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli üzrə birgə işimizi məmnunluqla qeyd edən cənab Tokayev ötən il bu strateji xammalın Azərbaycan ərazisindən tranziti təxminən 1,5 milyon ton təşkil etdiyini xatırladıb və əlavə edib ki, yaxın vaxtlarda bu həcmi artırmaq, həm də xeyli artırmaq nəzərdə tutulur.
 

Burada əlavə edim ki, bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, yaxın illərdə Qazaxıstan Azərbaycanın üzərindən dünya bazarlarına çıxarılacaq neft həcmlərini 7 mln tonadək artırmağı planlaşdırır.


Amma Qazaxıstan təkcə neft daşımalarını artırmaqla kifayətmənkək fikrində deyil.

Xəzərin Qazaxıstan və Azərbaycan sahilləri bir qədər sonra sualtı data, yəni internet kabeli ilə birləşəcək. Bundan sonra isə hər iki ölkə sualtı yüksək gərginlikli elektrik xəttini işə salmağı planlaşdırırlar ki, yaşıl enerji ixracını Avropa İttifaqında həyata keçirmək imkanlarını gerçəkləşdirsinlər.

Onu qeyd edim ki, hər iki dövlət başçısının Astana görüşlərində infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılması gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Qazaxıstan tərəfinin hədəfi yükdaşımaların həcmini 10 milyon tona çatdırmaqdır.

Səfər çərçivəsində bir sıra sənədlər imzalanıb. Onların içərisində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i xüsusi ilə seçilir. Çünki Xəzərin o tayında neftlə zəngin olan ən iri ölkə məhz Qazaxıstandır ki, bu il 96 mln ton “qara qızıl” istehsal etməyi planlaşdırır, yaxın 5 ildə isə bu həcmləri 112 mln tona qədər artırmaq gözləntiləri var.

İxrac məsələsində isə Qazaxıstan Azərbaycanın imkanlarından yararlanmaqda maraqlıdır. Prezidentin Astanaya səfəri çərçivəsində həmçinin Qazaxıstan və Azərbaycanın müştərək İnvestisiya Fondu Azərbaycan Dövlət Neft Şirkəti ilə energetika sahəsində əməkdaşlığa dair saziş imzalayıb. İmzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar ki, bu da hər iki ölkənin yaşıl iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açmalıdır.

Neft xəzinəsinin gəlirləri

İnvestisiya imkanları üçün isə kapital gərəkdir. Azərbaycanın əsas kapitalının cəmləşdiyi institusional qurum Dövlət Neft Fondudur. Bu günlərdə Fondun açıqladığı məlumata görə, 30 sentyabr tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri tarixində ilk dəfə 70 mlrd dollar həddini aşmağa nail olub. Cari ilin əvvəlindən Neft Fondunun aktivləri 10,1 mlrd dollardan çox və ya 16,9% artım nümayiş etdirib.

Qeyd edim ki, Neft Fondunun gəlirləri ümumilikdə 13 milyard manatdan bir qədər çox təşkil edib, xərcləri isə 10,92 milyard manat olub. Gəlirlərin 7,8 milyard manatından çoxunu neft-qaz əməliyyatlarından daxilolmalar təşkil etsə də, onun 5,2 milyard manatı investisiya gəlirlərinin payına düşüb. Yəni artıq Neft Fondunun gəlirlərinin nə az, nə çox – düz 40%-i investisiya gəlirlərinin payına düşür. Soruşa bilərsiniz ki, bəs nədir bu investisiya gəliri ki, son zamanlar bu qədər artıb?
 

Neft Fondunun əlində olan aktivləri var ki, həmin vəsaitlərin idarə edilməsindən əldə edilən qazanc investisiya gəlirlərini formalaşdırır. Yəni Neft Fondu o vəsatləri yığıb bank hesabında və ya özünün “zirzəmisində” saxlamır.


Onları müxtəlif gəlir gətirən “zənbillərdə” yerləşdirir. Niyə belə edir? Çünki əlində olan kapitalı, birincisi, inflyasiyadan qorumaq kimi vəzifəsi var, yəni sadə dildə desək, o vəsaitləri dəyərsizləşməyə qoymur. İkincisi, həmin kapitalı elə pul gətirən sahələrə yönəldir ki, risk dərəcəsi minimum olsun. Daha doğru ifadə etsək, “pulu batırmasın”.

“Qarabağ” neft yatağının işlənməsi

Məhz Azərbaycanın neft gəlirlərinin azaldığı dövrdə vəsaitlərin idarəçiliyi önə çıxır. Çünki idarəçilikdən əldə edilən gəlirlərlə azalan neft gəlirlərinin tarazlığını tam olmasa da, amma kifayət qədər qorumaq mümkündür. Neft Fondunun neft-qaz gəlirlərinin əsas yükü isə təbii ki, “Azəri-Çıraq-Günəşli” layihəsindən dövlətə çatan mənfəət neftidir. Fondun açıqlamasına əsasən, cari ilin yanvar-sentyabr aylarında “Əsrin müqaviləsi” çərçivəsində AÇG yataqlar blokunun işlənməsindən 6,18 mlrd manat gəlir əldə edib. Bu isə 2024-cü ilin üç rübü ilə müqayisədə 21% azalma deməkdir.

Düzdür, "Şahdəniz" yatağının işlənməsindən gələn gəlirlər artıma gedir, amma hələ ki bu gəlirlər AÇG-nin azalan gəlirləri ilə belə müqayisə oluna bilməz. Məsələn, son 9 ayda “Şahdəniz”dən Neft Fonduna daxilolmalar 697 milyon manat təşkil edib (artım 12,5 %). Bununla belə görürük ki, “Şahdəniz”in gətirdiyi gəlir AÇG-nin qazancından  8,9 dəfə az olub.
 

Belə bir şəraitdə təbii ki, ölkənin qarşısında duran əsas vəzifələrdən biri kimi neft gəlirlərinin azalmasının qarşısını almaq durur. Bunun üçün isə yeni yataq gərəkdir. Müstəqillik illərində Azərbaycanda kəşf edilən yeganə neft-qaz yatağı isə “Qarabağ”dır. Düzdür, həmin yataq hələ 27 il öncə açılmışdı.


Amma digər yataqlarla müqayisədə ehtiyatları çox olmadığından eləcə işlənilməmiş qaldı. Heç SOCAR da neftin bahalı dövründə belə onun işlənməsinə maraq göstərmədi. Nəhayət, cari ilin iyununda layihəyə qoşulan, operatorluğun yükünü öz çiyinlərinə alan Britaniya şirkəti bp artıq bu həftə müqavilə sahəsindən karbohidrogen ehtiyatların çıxarılması ilə bağlı ilk addımı atdı.

Şirkətin hazırladığı ətraf mühitə təsir sənədində bildirilir ki, “Qarabağ” yatağından 2029-cu ildə ilk nefti çıxarılması planlaşdırılır. “Qarabağ” yatağı sualtı infrastrukturla Azəri-Çıraq-Günəşli layihəsi ilə birləşdiriləcək və nəticədə layihəni daha qısa müddətdə və daha az kapitalla istismar etmək mümkün olacaq.

Bu yataqda çıxarıla bilən neft ehtiyatları 21 mln ton cıvarında qiymətləndirilir. Amma ola bilsin ki, qiymətləndirmə quyuları qazıldıqdan sonra ehtiyatlar artsın. Bu baxımdan 2030-cu ildə Azərbaycanda neft hasilatının stabilləşməsi yönümündə biz real nəticələri görə bilərik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO