“İqtisadiyyatın tənzimlənməsi üçün inzibati və iqtisadi metodlardan istifadə edilir. Lakin bəzi sahələrdə iqtisadi alətlər təkbaşına nəticə vermir”.
İqtisadçı Eldəniz Əmirov bu fikirləri Bizim Media-ya açıqlamasında bildirib. Onun fikrincə, bu, xüsusilə spirtli içkilərin istehsalı və satışı kimi sahələrdə açıq şəkildə görünür.
Eldəniz Əmirov bildirib ki, spirtli içkilərin istehsal və satışında azad rəqabət, bir tərəfdən qiymətlərin aşağı düşməsinə şərait yaratsa da, digər tərəfdən təhlükəli proseslərə yol açır.
“Rəqabət şəraitində bəzi istehsalçılar qiymətdə udmaq üçün ucuz, lakin sağlamlıq üçün zərərli xammallardan istifadə etməyə meylli olur. Bu, artıq iqtisadi yox, inzibati müdaxilə tələb edən məsələdir,” – deyə iqtisadçı vurğulayıb.
Əmirovun sözlərinə görə, belə hallarda sadəcə bazar mexanizmlərinə güvənmək olmaz, dövlətin nəzarət və monitorinq sistemi aktiv işləməlidir.
Nəzrin Elxan, Bizim.Media




























































































