Maliyyə Nazirliyi 2025-ci ilin doqquz ayı üzrə dövlət və icmal büdcələrin icra göstəricilərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29.1 milyard manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1.4 milyard manat və ya 5.1% çoxdur.
Gəlirlər strukturuna görə, qeyri-neft sektorunun payı 51.4% (15 milyard manat), neft sektorunun payı isə 48.6% (14.1 milyard manat) olub.
Xərclər üzrə icra 24.7 milyard manat təşkil edib. Əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin bərpası, dövlət proqramları və məqsədli tədbirlər, eləcə də dövlət borcu üzrə öhdəliklər və digər vacib xərclər təqdim olunan xərc sifarişləri əsasında tam və vaxtında maliyyələşdirilib.
Xərclərin strukturunda cari xərclər 61%, əsaslı xərclər 32.9%, dövlət borcuna xidmət xərcləri isə 6.1% təşkil edib.
İcmal büdcənin göstəricilərinə əsasən, hesabat dövründə gəlirlər 35.9 milyard manat, xərclər 29 milyard manat, büdcə artıqlığı (profisit) isə 6.8 milyard manat olub.
Bizim.Media