Azərbaycanda fındıq ləpəsinin qiymətində kəskin artım müşahidə olunur. Belə ki, əvvəl kilosu 18-22 manat olan ləpənin qiyməti indi 30-35 manat arasında dəyişir. Bir çox satış mərkəzlərinin satıcıları da bu vəziyyətdən narazılıq edir.
Dediklərinə görə fındıq ləpəsi yerində bahadır və bu səbəbdən satışları zəifləyib. Onlar bu ləpəni 28 manata alıb, 30 manata satırlar.
Bəs, fındığın bahalaşmasına səbəb nədir?
İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında qeyd edib ki, fındıq ləpəsinin qiymətinin artmasında ilk olaraq ixrac tələbinin artması rol oynayır.
"Xüsusilə Türkiyə və Avropa ölkələri Azərbaycan fındığına böyük tələbat göstərir. İxrac üçün daha çox məhsul alındığından daxili bazarda təklif azalır və qiymət artır".
“Məhsuldarlıq azalıb..."
Akif Nəsirli vurğulayıb ki, 2025-ci ilin yayında bir çox bölgələrdə (xüsusən Qəbələ, Zaqatala, Balakən, Qax) quraqlıq və dolu hadisələri müşahidə olunub:
“Bu, məhsulun həm miqdarını, həm də keyfiyyətini aşağı salıb. Həmçinin yanacaq, enerji və əməkhaqqı xərclərinin artması da qiymətə təsir edir. Fındığın yığılması və qurutma prosesi bahalaşdıqca son qiymətə təsir göstərir. O cümlədən manatın dollar və avroya nisbətdə zəifləməsi də ixrac yönümlü məhsulların daxili qiymətini artırır, çünki ixracatçılar xarici bazarlarda daha çox qazanc əldə edirlər".
Bəs fındıq ləpəsinin artan qiyməti sabit qalacaq?
"İlin sonuna qədər fındıq qiymətində sabit qalma və ya cüzi artım mümkündür.
Bunun səbəbi mövsümi tələbatın artması, yeni məhsul mövsümünün artıq bitməsi, əlverişsiz hava şəraitinə görə ehtiyatların məhdud olmasıdır.
Yalnız hökumət tərəfindən ixrac tənzimlənməsi və ya əlavə idxal tədbirləri görülərsə, qiymət stabilləşə bilər" - deyə Akif Nəsirli qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media