2021-ci ildə Azərbaycana idxal olunan avtomobillərin sayında ciddi artım olub.
Belə ki, Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 835 376,72 min ABŞ dolları dəyərində 81 726 vahid avtomobil idxal olunub.
Qeyd edək ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 45% və 70,8% çoxdur.
Avtomobil idxalındakı sürətli artımla bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Elməddin Muradlı əvvəlcə bu tendensiyanın müsbət və mənfi tərəflərinə toxunub:
MÖVZU İLƏ BAĞLI:
Ölüm saçan auksion maşınları – Təhlükənin qarşısı necə alınmalıdır?
“Azərbaycanda avtomobillərin sayı durmadan artır. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər ondan ibarətdir ki, ölkəyə istifadə olunmuş da olsa, nisbətən yeni avtomobillər gətirilir və avtomobil parkı yenilənir. Bu, təhlükəsizlik cəhətdən müsbət amildir. Lakin təəssüflər olsun ki, həmin avomobillər arasında ağır qəza keçirmiş və suda batmış maşınlar da ölkəyə gətirilir ki, bu da insanların sağlamlığı baxımından təhlükəni daha da artırır”.
Ekspert, qeyd olunan həcmdə böyük artımın səbəblərini də sadalayıb:
“Avtomobil idxalındakı bu cür sürətli artımın əsas səbəbi yanvardan etibarən rüsumların artırılması məsələsinin qüvvəyə minməsidir. Buna görə də, maşın alveri ilə məşğul olanlar kütləvi şəkildə ölkəyə avtomobil gətirməyə çalışırlar. Hətta bu yaxınlarda, bir gün ərazində 650 avtomobil gömrükdən keçirilib və bu rekord göstəricidir. Artıq vəziyyət pandemiyadan əvvəlki göstəriciyə çatmaq üzrədir”.
Elməddin Muradlı gələn ildən etibarən ölkəyə hibrid və elektriklə işləyən avtomobillərin daha çox idxal olunacağı ilə bağlı da proqnozunu bölüşüb:
“Yəqin ki, gələn ildən, ölkəyə gətirilən hibrid və elektrik avtomobillərinin də sayı artacaq. Bu il də ölkəyə idxal olunan maşınların əksəriyyəti hibrid avtomobillər idi. Lakin təəssüflər olsun ki, onların əksəriyyəti işlənmiş və mənşəyi məlum olmayan maşınlardır”.
Digər önəmli nüans, ölkəyə ənənəvi olaraq Gürcüstandan yox, digər bazarlardan da avtomobil idxalının aktuallaşmasıdır. Belə ki son dönəmlərdə ABŞ və Cənubi Koreya bazarları alıcılar arasında daha da populyarlaşıb.
Müşahidələrimiz isə onu göstərir ki, bazarda avtomobil sayı artsa da bu qiymətlərin azalmasına səbəb olmayıb. Əksinə, avtomobil bazarında ciddi bahalaşma müşahidə olunur.
Bu səbəbdən də, alıcıların əksəriyyəti 2006-2010-cu illərdə istehsal olunan, qiyməti 15 min manatdan yüksək olmayan, ekonom avtomobillərlə üstünlük verirlər.
Ekspertlərin fikrincə isə, həmin avtomobillərin rahatlıq və sürət göstəricilərinin yüksək olmaması, bəzi alıcıları 2006-cı ildən öncə istehsal olunmuş, eyni zamanda qeyd olunan tələblərə cavab verən avtomobillərə maraq göstərməyə vadar edir. Belə olan halda isə, istehsal ili köhnə olan maşınların qiymətində də hər hansı azalma istisna olunur.
Murad Əhmədov, Bizim.Media