Son zamanlar bank müştəriləri kartların tez- tez bloka düşməyindən şikayətçidirlər. Əslində, bu təhlükəsizlik baxımından yaxşı bir haldır, lakin bəzən belə hallar müştəriləri çətin vəziyyətə saldıqları üçün onların etirazlarına səbəb olur.
Müştərilər iddia edirlər ki, hər dəfə kart bloka düşəndə onun açılmasına kart sahibindən 2 manat vəsait tutulur. Bu məsələdə müştərilərin ən böyük etirazları isə kartının bloklanması barədə heç bir xəbərdarlığın olmamasıdır.
Bu cür hallar bəzi iddiaların yayılmasına səbəb olub. Belə ki, hər dəfə çətinliklə üzləşən müştərilər bankların qəsdən belə bir hərəkət etdiklərini iddia edirlər.
MÖVZU İLƏ BAĞLI:
Bank kartlarından pullar necə OĞURLANIR? – Qorunmaq üçün BUNU edin - VİDEO
Həqiqətənmi bank kartları səbəbsiz yerə bloka düşə bilər? Kartı blokdan açmaq üçün bank müştəridən ödəniş tələb edirmi?
Məsələ ilə bağlı Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, Beynəlxalq Bankda kartın blokdan açılması üçün müştəridən heç bir məbləğ tutulmur.
“Bu xidmətə görə hansısa məbləğin tutulması barədə yayılan xəbərlər əsassızdır. Siz özünüz də bankın xidmət tariflərinə də baxa bilərsiniz”.
Mətbuat katibi kartın hansı hallarda bloklanamsı haqqında da məlumat verib. Onun sözlərinə görə, bu bir neçə halda baş verir.
“Müştəri kartın məxfi şifrəsini bankomata 3 dəfə yanlış daxil etsə, kart dərhal bloklanır. Bundan başqa şübhəli əməliyyatlar olanda da bu hal təkrarlanır. Yaxud müştəri özü buna zərurət yarandıqda Məlumat Mərkəzinə zəng edərək və ya mobil tətbiq vasitəsilə kartını bloklaya bilər”.
Y. Cəfərli həmçinin qeyd edib ki, təhlükəli anlarda kartın bloklanması müştərinin hesabındakı vəsaitləri qorumaq üçündür.
Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Sədrəddinov isə məsələyə belə aydınlıq gətirib. O bildirib ki, kartların məhdudlaşdırılması fərqli səbəblərdən ola bilər:
"Kart üzrə aparılan əməliyyatların monitorinqi zamanı, qeyri-adi xərclər müşahidə olunduqda, maliyyə itkilərin qarşısının alınması məqsədi ilə, kart bloklanır. Bloka alınan kart haqqında müştəriyə dərhal məlumatlandırıcı SMS göndərilir. Əməliyyat müştərinin özü tərəfindən aparılarsa, kartı Birbank vasitəsilə və ya 196 Məlumat Mərkəzinə müraciət etməklə tam olaraq pulsuz aktivləşdirmək mümkündür. Həmçinin təhlükəsizlik qaydalarına uyğun olaraq kartın PIN kodu 3 dəfə səhv daxil olunarsa, kart bloklanır. Bu halda kartın PIN kod daxil olma cəhdləri sıfırlanmalı və ya yəni PIN kod təyin olunmalıdır".
Bank rəsmisi PİN əməliyyatının ödənişli olması barədə də məlumat verib.
"Birbank üzrə PIN cəhdlərin sıfırlanması 1 AZN, yeni PIN kodun təyin olunması isə 0,5 AZN-dir. 196 Müştəri xidmətinə müraciət olunduqda isə müvafiq olaraq 2 və 1 AZN-dir".
Sonda P.Sədrəddinov qeyd edib ki, istifadəyə veriləcək bankın yeni xidməti kart bloklanmalarının müəyyən qədər qarşısını alacaq. Belə ki, şübhəli əməliyyatlar zamanı anında müştəriyə robot tərəfindən zəng olunacaq və əməliyyatı müştəri özü apararsa, kartı zəng zamanı dərhal aktiv edə biləcək. Xidmət tam ödənişsiz olacaq.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov isə deyib ki, adətən sağlam bank sistemlərində belə hallar olmur. Onun sözlərinə görə, kartın blokdan çıxarılması üçün heç bir bank müştəridən ödəniş tələb etmir.
“Şəxsən mən belə situasiya ilə rastlaşmamışam. Bu cür hallarla rastlaşan müştərilərə tövsiyyə edərdim ki, o bankın xidmətindən imtina etsinlər. Ancaq burada da istisna hallar var, əgər belə bir tələb müştəri ilə bank arasında bağlanan müqavilədə varsa, bank təbii ki, bunu edə bilər”.
Mütəxəssis bildirib ki, bəzən bank kartları xırda bir hərəkətə görə bloka düşür. Onun sözlərinə görə, bu isə bankın təhlükəsizlik sisteminin düzgün qurulmamasından xəbər verir.
“Lakin son zamanlar kartlardan pul oğurlayan elektron oğrular, hakerlərin fəliyyəti güclənib və bu səbəbdən də banklar təhlükəsizlik sistemlərini yenidən nəzərdən keçirirlər. Ola bilər bu işlərin fonunda bəzi nüanslar nəzərə alnmır və kartlar belə mütəmadi bloka düşürlər. Lakin banklarda maksimum dərəcədə çalışır ki, bu cür haker hücumuna qarşı tədbirli olsun”.
Kartın bloklanması haqqında niyə bank müştərini xəbərdarlıq etmir?
Hüquqşünas kartın bloka düşməsi barədə bank tərəfindən müştəriyə bildiriş mesajlarının gəlməməsi məsələsinə də aydınlıq gətirib. O, bildirib ki, əslində qanunla belə tələb yoxdur.
“Ancaq bank sisteminə nəzər salsaq görərik ki, belə bir xidmət var. Çünki banklar çalışırlar ki, maksimal olaraq müştərini məmnun salsın. Vətəndaşlarımıza tövsiyyə edirəm ki, bank seçimində belə məsələlərə xüsusi diqqət yetirsinlər. Bəzən görürsən ki, böyük banklar özlərindən o qədər arxayındırlar ki, onlar öz xidmətlərini müştəri məmnuniyyətinin təmin edilməsinə yönəltmirlər. Orta səviyyəli, özəl banklar isə əksinə bu istiqamətdə çox yaxşı işlər görürlər. Bizdə müştəriyə bu cür sms xəbərdarlıq yollayan kifayət qədər özəl banklar var”.
Vüsalə Balayeva, Bizim.Media