Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 oktyabr - 7 noyabr tarixlərində keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası başa çatıb.
Bizim.Media xəbər verir ki, yarmarkada 100 tondan artıq arıçılıq məhsulu satılıb.
Yarmarkada iştirak edən hər bir arıçıya bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.
Builki yarmarkada dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası səbəbindən hər bir iqtisadi rayondan maksimum 40 olmaqla ümumilikdə 250 arıçı iştirak edib. İştirak edən arıçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 25 arı ailəsi, eləcə də COVID-19 pasportuna və ya immun sertifikatına malik olması tələbi qoyulub.
Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib.
Bu il ilk dəfə olaraq bal yarmarkasına işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında olan təsərrüfatlardan arıçılıq məhsulları çıxarılıb. Bu məhsullar alıcılar tərəfindən maraqla qarşılanıb və yarmarkanın ilk həftəsində tamamilə satılıb.
Yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 250 arıçı yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 51 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı”, 32 arıçı isə nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı” ilə təltif olunublar.
Bizim.Media