Bugünlərdə Müsavat başqanı İsa Qəmbər yaxın gələcəkdə təmsil etdiyi partiya ilə AXCP arasındakı əməkdaşlığı istisna edən açıqlama ilə çıxış edib. İ.Qəmbər bildirib ki, o, yaxın gələcəkdə Müsavatla AXCP-ni eyni blokda görmür.
İ.Qəmbərin bu açıqlamasından yol alan siyasiləri isə hesab edir ki, əslində Müsavat başqanının məlum açıqlaması iki partiya arasındakı münasibətlrin kifayət qədər gərgin olduğunu göstərməklə yanaşı, müxalifətin gələcək birgə əməkdaşlığı baxımından da ciddi problemlər vəd edir. Belə ki, əksər siyasilər demokratik qüvvələrin birgə əməkdaşlığını üçün Müsavat və AXCP-nin eyni blokda təmsilçiliyini zəruri hesab etsə də, İ.Qəmbərin məlum açıqlaması bu birliyin hələ bəlli bir müddət müzakirə predmeti olmayacağını göstərir.
Maraqlıdır, Müsavat və ya AXCP-dən hər hansı birinin təmsil olunmadığı istənilən bloku müxalifətin birliyi baxımından kamil, qənaətbəxş ittifaq hesab etmək mümkündürmü? AXCP və Müsavatın eyni blokda təmsil olunmadığı, ayrı-ayrı cəbhələrdə mübarizə apardığı bir blokdan qələbə gözləməyə dəyərmi?
Moderator.az-a açıqlama verən Müsasvat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, müxalifətin qələbəsi üçün onların heç də hamısının eyni ittifaqda cəmləşməsi şərt deyil:
“Bu, hər partiyanın öz ətrafında hansı qüvvələri toplaya bilməsindən asılıdır. Bu baxımdan AXCP və ya Müsavatın hər hansı birinin təmsil olunmadığı bloku müxalifətin birliyi baxımından qənaətbəxş ittifaq hesab etmək olar. Müxalifətin seçkilərdə uğur qazanması bütün müxalifətin bir yerdə olması ilə şərtlənmir. Bunu son seçkilərdəki proseslər də bir daha təsdiqlədi. Baxmayaraq ki, bütün partiyalar bir yerdə idi və ideal namizəd də mövcud idi. Amma insanların seçkilərdə aktiv şəkildə iştirakını təmin etmək və ya seçkilərin nəticəsinin reallığa uyğun şəkildə rəsmiləşdirilməsini təmin etmək mümkün olmadı. Bu baxımdan hesab edirəm ki, uğur qazanmaq, seçkilərdə qalib gəlmək üçün müxalifətin hamısının bir yerdə olmasına ehtiyac yoxdur”.
Seymur Əliyev





























































































