Avropada noyabr ayı üçün qaz fyuçerslərinin qiyməti kəskin şəkildə azalıb.
Bizim.Media xəbər verir ki, bunu "ICE Futures"in məlumatları sübut edir.
Belə ki, mavi yanacağın qiyməti 3% azalaraq 1 000 kubmetr üçün 1 015 ABŞ dolları olub.
Qiymətin aşağı düşməsi “Qazprom”un Avropanın yeraltı qaz anbarlarını doldurmaq planları ilə bağlı xəbərlər fonunda baş verir.
Niderlandın TTF indeksinə əsasən növbəti qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının açılışında min kubmetr üçün 1 062,7 ABŞ dolları olub, gün ərzində isə 1 030-1 050 ABŞ dolları səviyyəsində qalıb. Ticarətin sonunda qiymət 3% azalaraq min kubmetr üçün 1 014,8 ABŞ dollarına düşüb.
Avropada qazın qiyməti son aylarda kəskin artıb. Oktyabrın 6-da isə min kubmetr üçün tarixi maksimuma - 1 937 ABŞ dollarına çatıb. Daha sonra qiymət aşağı düşməyə başlayıb.
Ekspertlər Avropada qazın qiymətinin qalxmasını bir neçə amillə əlaqələndirirlər: qitənin yeraltı qaz anbarlarının aşağı səviyyədə doldurulması, əsas təchizatçılardan tədarükün azalması və Asiyada mayeləşdirilmiş təbii qaza yüksək tələbat.
Bizim.Media