Bu ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank” ASC olub. Şikayət olunan bankların siyahısında “Yelo Bank” ASC ikinci, “Unibank” ASC isə üçüncü olub.
Ən diqqətçəkən məqam “Yelo Bank”ın bu siyahıda birdən-birə üç pillə yüksəlməsidir. Belə ki, 2024-cü ildə ən çox şikayət olunan bankların siyahısında “Yelo Bank” 5-ci yerdə olub. Bundan əlavə bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata qədər azalıb.
Öhdəliklərin azalmasında əhalinin bankdan pullarını geri götürməsi rol oynayıb. Belə ki, maliyyə qurumunun depozit portfeli 2024-cü ilin son rübü ilə müqayisədə (928,774.35) 15 milyon 296 min manat azalaraq 913,477.90 min manata düşüb.
Təbii ki, artan müştəri narazılığı və depozit portfelinin azalması “Yelo Bank” barədə yaxşı perspektiv vəd etmir.
Məsələylə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə bankla bağlı artan narazılıqlar əsasən rəqəmsal xidmətlərdəki texniki problemlər, kredit siyasətində sərtləşmə və müştəri xidmətlərinin yüklənməsi ilə bağlıdır:
“Mobil tətbiq və onlayn əməliyyatlarda yaranan gecikmələr, həmçinin müraciətlərə ləng cavablar müştərilərin etimadına mənfi təsir göstərib.
Maliyyə göstəriciləri də bu tendensiyanı təsdiqləyir.
Bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata enib. Əhalinin depozit portfeli də 15 milyon 296 min manat azalıb – 913,4 milyon manata düşüb.
Deməli, depozitlərin azalmasına həm müştəri etimadının zəifləməsi, həm də digər bankların daha yüksək faiz təklif etməsi kimi faktorlar təsir edib. Bundan başqa, “Yelo Bank” likvidliyi qorumaq məqsədilə bəzi qısamüddətli borc öhdəliklərini də ixtisar edib.
Hesab edirəm ki, bank müştəri xidmətləri və rəqəmsal infrastrukturda islahatlar aparmasa, şikayətlərin artımı və depozit itkisi ilin sonuna qədər davam edə bilər”.
Məsələ ilə bağlı “Yelo Bank” ASC-yə sorğu ünvanlasaq da, cavab ala bilmədik.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media