Qubad İbadoğlu “Azərenerji” və “Azərsu”nu qınadı

Qubad İbadoğlu “Azərenerji” və “Azərsu”nu qınadı

Hazırda oxunan: Qubad İbadoğlu “Azərenerji” və “Azərsu”nu qınadı

31305


Rusiyanın xarici borcunun artaraq 700 milyard dollara çatmasıyla bağlı xəbər ölkə mətbuatının gündəminə damğasını vurub. Görəsən Azərbaycanın xarici borcu nə qədərdir? Digər tərəfdən, xarici borclar hansı həddə çatanda bu, dövlət üçün kritik hədd hesab olunur?

Moderator.az saytı bu suallara cavab tapmaq sorağıyla tanınmış iqtisadçı Qubad İbadoğluna müraciət edib. Onun qiymətləndirməsini təqdim edirik: 

“Əfsuslar olsun ki, Azərbaycanın xarici borcunun həcmiylə bağlı verilən rəsmi məlumatlar həm dəqiqliyinə, həm də struktur elementlərinə görə şübhə doğurur. Amma biz xarici borcları hesablayanda yalnız dövlətin xarici borclarından, yəni dövlətin təminat verdiyi və aldıqdan sonra icraçıya ötürdüyü borclardan danışırıq. Bu borclar daxilində biz ayrı-ayrı şirkətlərin xaricdən aldıqları borcların miqdarını görə bilmirik. Ona görə də bizdə xarici borcla bağlı məlumatın tərkibində yalnız və yalnız Azərbaycan dövlətinin təminat verdiyi borclara rast gəlmək olur. Əslində Azərbaycanın xarici borclarının statistikasını Maliyyə Nazirliyi təqdim etməlidir. Amma təəssüf ki, Maliyyə Nazirliyinin son iki ildə  xarici borcların statistikasıyla bağlı verdiyi məlumat yalnız bir sətirdən ibarətdir. Ən son statistika isə 2011-ci il i iyul tarixindədir və 4,5 milyard ABŞ dolları ekvivalentində xarici borcların olduğu göstərilib. Amma biz hər il büdcə layihəsini alanda xarici borcların miqdarıyla bağlı məlumatları tapa bilirik, eyni zamanda hökumətin hesabatında da həmin borcların miqdarı öz əksini tapır. Ən son məlumat Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyətiylə bağlı hesabatda öz əksini tapıb və 6 milyard 205 milyon avro səviyyəsindədir. 

Ümumiyyətlə, inkişaf etmiş və etməkdə olan ölkələr üçün qiymətləndirmədə müəyyən fərqlər var. Adətən xarici borcların səviyyəsi Ümumdaxili Məhsulun 40 faizindən çox olanda bu həddi kritik hesab edirlər. Təbii ki, bu vəziyyəti xarakterizə etmək üçün yeganə göstərici deyil. Bildirim ki, Azərbaycanın xarici borcunun artım tempi əvvəlki illərə nisbətən xeyli yüksəlib. Əvvəllər hökumət xarici borclara çox ehtiyatlı yanaşırdı, ancaq son zamanlar xarici borcların artım tempi müəyyən narahatlıq doğurur. Doğrudur, Azərbaycanın xarici borcu ÜDM-nin hardasa 19 faizi həcmində tərəddüd edir. Təbii ki, Azərbaycanın valyuta rezervlərini nəzərə alsaq bu səviyyə narahatlıq doğurmur, daha doğrusu idarəolunan səviyyədədir. Ən son rəsmi məlumatsa xarici borcumuzun ÜDM-in 11, 6 faizi həcmində olmasıdır. Bu göstərici Rusiyada 10,8 faizdir. Bütövlükdə Qara Dəniz hövzəsi ölkələrini götürsək ən yaxşı vəziyyət Azərbaycan və Rusiyadadır. 

Ermənistanda isə xarici borcların səviyyəsi kritik həddə çatıb və 39,5 faizi keçib. Ukraynada 37,4, Türkiyədə isə 36,4, Gürcüstanda 32,7 faizdir. Son zamanlar gündəmdən düşməyən Yunanıstanda bu göstərici 156,9 faizdir, yəni ÜDM-dən də az qala 2 dəfə çoxdur. Belə ölkələri artıq defolt vəziyyəti kimi təsnif edirlər. Bir də xarici borcların müqayisəyə gələn göstəricisi adambaşına düşən xarici borclardır. Məsələn, Azərbaycanda adambaşına düşən xarici borclar 672 avro təşkil edir, Ermənistanda 1021, Gürcüstanda 902, Türkiyədə 2769, Rusiyada isə 1200 avrodur. Azərbaycandakı xarici borcların bir sıra problemi var. Birinci problem borcların artım tempidir. İkinci problem odur ki, xarici borcların strukturunda Azərbaycanın şirkətlərin xaricdən aldığı borclar öz əksini tapmır. Üçüncü problemsə budur-xarici borclar elə şirkətlərdən alınır ki, həmin şirkətlər demək olar ki, beynəlxalq maliyyə bazarlarında tanınan və tatirovka olunan şirkətlər deyil. 

Dördüncü problem odur ki, adətən xarici borcları dövlət təminatıyla alıb icraçıya verirlər, sonra isə həmin borcları büdcədən ödəyirlər. Yəni tutaq ki, “Azərenerji” və “Azərsu” kimi təşkilatların dövlət təminatıyla götürdükləri xarici borcların ödənilməsində çətinlik yaranır və son nəticədə həmin borclar yenə də büdcədən ödənilir.”  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO