Son dönəmlərdə özü haqqında ən çöx söz etdirməyi bacaran məhfumlardan biri də kriptovalyutalardır. Səsələndirilən fikirlər isə, heç də birmənalı deyil. Bəzi mütəxəssislər tərəfindən gələcəkdə fiat pulları əvəz edərək, əsas dünya valyutasına çevriləcəyi ehtimalları irəli sürülsə də, kriptovalyutaların “şişirilmiş balon” olduğunu irəli sürənlərin sayı da az deyil.
Lakin rəqəmsal dünyanın qarşımıza çıxardığı sözügedən yeniliyin istifadə imkanları günbəgün artmaqdadır. Son dövrlərdə yayılan məlumatlarda isə, bir sıra ölkələrdə milli valyutaların rəqəmsal versiyasının hazırlanması istiqamətində işlərin getdiyi qeyd olunub. Eyni zamanda, bəzi böyük transmilli korporasiyalar tərəfindən də digital valyutalara ciddi maraq nəzərə çarpmaqdadır.
Ölkəmizdə isə vəziyyət bir qədər fərqlidir.
MÖVZU İLƏ BAĞLI:
Dollar limiti yenidən GÜNDƏMDƏ – Göstərişi kim VERİR?
Hər nə qədər dünyada geniş müzakirə mövzusuna çevrilməyi bacarsa da, Azərbaycanda bu məsələ ilə bağlı ciddi irəliləyiş müşahidə olunumur. Azərbaycanda rəqəmsal valyutalardan istifadə edən insanların sayı inkişaf etmiş ölkələrə nəzərən xeyli azdır.
Təbii ki, hazırki vəziyyətin yaranmasına Azərbaycanda digital dünyaya əhali arasında inamın az olması da böyük təsir göstərməkdədir. Qeyd olunan fikirlə bağlı nümunə tapmaq üçün isə, çox uzağa getməyə isə ehtiyac yoxdur. Bank kartlarından istifadə formasına nəzər salmaq, yəqin ki, kifayətdir. Bir sıra ölkələrdə nağdsız ödənişlər, “canlı” formadan dəfələrlə çox olsa da, ölkəmizdə bank kartlarından əksər hallarda, yalnız nağdlaşdırma vasitəsi kimi istifadə olunur.
Bir sözlə, Azərbaycan cəmiyyətinin yeniliklərə gec inteqrasiya etməsi gerçəyi kriptovalyutalardan da yan keçməyib.
Doğrudur, pandemiya insanların onlayn ticarətə marağını xeyli artırıb. Lakin kriptovalyutaların populyarlaşması üçün ölkəmizdə hələ çox uzun müddətə ehtiyac var.
İnsanları rəqəmsal pullardan çəkindirən bir digər səbəb isə, sözügedən məsələdə hüquqi mexanizmlərin olmamasıdır. Belə ki, ölkəmizdə kriptovalyutalarla bağlı hələ də Mərkəzi Bank tərəfindən ciddi bir mövqe ortaya qoyulmayıb.
Bu cür vəziyyət isə, fırıldaqçılıq ehtimallarını artırdığından, əhali arasında rəqəmsal valyutalara yatırım edilməsi risk olaraq görülür.
Nəticə isə göz qabağındadır. Müasir dünyaya ayaq uydurmaq üçün innovasiyalara qarşı müsbət fikirdə olmağın vacibliyi tarix boyu dəfələrlə sübuta yetirilib. Bu səbəbdən də, kriptovalyutalarla bağlı, həm dövlət səviyyəsində lazımi tədbirlərin görülməsində, həm də insanların düzgün formada maarifləndirilməsində fayda var. Yoxsa sonrakı peşmançılıq böyük zərərlər gətirə bilər.
Murad Əhmədov, Bizim.Media