“Qızıl durmadan bahalaşır. Bunun əsas səbəblərindən biri odur ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr müxtəlif səbəbləri rəhbər tutaraq öz ehtiyatlarını qızıl ifadəsinə keçirtməyə başlayıblar. Bunların arasında Çin, Hindistan, Rusiya, qardaş Türkiyə kimi aparıcı dövlətlər var.
Təbii ki, Azərbaycan da strateji ehtiyat gücünü qızılda görür. Bu proses çox sürətlə gedir. Klassik nəzəriyyənin prinsiplərinə görə tələbat artdıqca qızılın qiyməti bahalaşır. Təsadüfi deyil ki, bu il qızılın qiyməti dəfələrlə rekord səviyyəyə qalxıb”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib.
O bildirib ki, dünyanın aparıcı maliyyə institutları və araşdırma mərkəzləri əminliklə bəyan edir ki, qızılın qiyməti bundan sonra da artmaqda davam edəcək:
“Amma unutmamalıyıq ki, beynəlxalq bazarlarda da aldadıcı alətlər var. Bu alətlər vasitəsi ilə heç bir zərurət olmadığı halda qızılın qiymətində korreksiya edilə bilər və qızıl sürətlə ucuzlaşar. Bu hal da istisna edilmir.
Nəzərə alaq ki, dünya bazarında baş verənlər Azərbaycana da öz təsirini göstərir.
Məsələn qızılın qramının qiyməti bu gün daha çox dünya bazarındakı qiymət artımından formalaşır. Bunun üzərinə bizim zərgərlərin zəhmət haqqı gəlir. Sözügedən faktor da müəyyən mənada hazır qızıl məmulatlarının bahalaşmasına səbəb yaradır.
Təbii ki, qızılın durmadan bahalaşması bazarda müəyyən durğunluq yaradır. Çünki qızılın qiymətinin artımındakı sürətlə əhalinin gəlirlərindəki artım arasında tərs-mütənasiblik var”.
Yatırım kimi qızılı hansı formada alaq?
Müsahibimiz qeyd edib ki, qızılın qıyməti bahalaşdıqca hazır qızıl məmulatlarında əlavə aksesuarların çəkisi daha çox artır:
“Nəticədə həm zərgərlər, həm də alıcılar məmulatdakı qızılın həcminə yox, onun ümumi görünüşünə daha çox fikir verirlər. Bu da müəyyən problemlər yaradır. Çünki bahalaşma prosesində sadə insanlar da qızıla yatırım kimi baxırlar. Amma vətəndaşlar bir məsələyə xüsusi diqqət etməlidirlər ki, yatırım üçün alınan qızıl ancaq külçə formasında olduqda faydalı olur.
Ona görə ki, külçə qızılın qramının qiyməti birja qiymətlərinə uyğun olur. Amma hazır məmulat şəklində olan qızılın qiyməti isə çox aşağı qiymətləndirilir. Bu səbəbdən yatırım üçün alınan qızıl ancaq külçə formasında olmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media