Dünyada hər keçən gün investisiyaların cəlbi istiqamətində ölkələr arasında rəqabət güclənməkdədir. Ölkələr bu rəqabətdə öndə olmaq üçün öz iqtisadiyyatlarını davamlı şəkildə liberallaşdırırlar. Çünki, investisiyalar ölkələrin inkişafı üçün “oksigen” rolunu oynamaqdadır.
“İnkişaf motoru” üçün siyasi iradə
Birləşmiş Millətlər Ticarət və İnkişaf Konfransı tərəfindən (UNCTAD) sərmayələr inkişaf etməkdə olan ölkələr üçün “inkişaf motoru” kimi qəbul edilir. Bu investisiyaların cəlbi üçün ilk növbədə əlverişli mühitin formalaşdırılması təşviq olunur.
MÖVZU İLƏ BAĞLI:
Ağdam və Füzulinin turizm konsepsiyası hazırlanır
Azərbaycan da investisiyaların cəlb edilməsi üçün əsas iddialı ölkələrdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildən bu günə qədər qəbul edilən iqtisadi qərarlar birmənalı olaraq investorlar üçün mühitin səmərəliliyinin artırılmasına hesablanıb. Bu da hədəflərin reallaşdırılması üçün çox önəmlidir. Belə ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək müəyyənləşdirilən 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4 milyard 527,7 milyon təşkil edib. Növbəti 4 ildə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 22 mlrd. manatdan çox olacaqı proqnozlaşdırılır. Ancaq ölkərə cəlb edilən bu investisiyanın 69%-i, yəni hər 3 manatdan 2-si Bakı və Abşeron yarımadasına yönlənir.
Regionlar investorları necə itirir?
Digər statistikaya əsasən, təkcə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci il üzrə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib.
Bu kreditlər hesabına 2725 yeni iş yerinin açılması imkanı yaranıb. Eyni zamanda pandemiya dönəmində həyata keçirilən çevi iqtisadi siyasət nəticəsində ölkədə ilk dəfə tibbi tekstil sənayesinin əsası qoyuldu və beləliklə Azərbaycan tibbi maska, və birdəfə istifadə edilən tibbi geyim ehtiyyacını qısa müddət ərzində daxili istehsal hesabına özü ödəyə bildi. Ümumiyyətlə, bu günə qədər regionlara investisiyalar birbaşa dövlət xətti ilə yatırılıb.
Azərbaycana investisiyaların cəlb edilməsində əsas flaqman rolunu mərkəzi icra hakimiyyəti orqanı oynayır. Yerli icra hakimiyyəti orqanları bu prosesdə yalnız mərkəzi icra hakimiyyətinin tapşırıqlarının icrası ilə öz funksiyalarını bitmiş hesab edirlər. Yeni təyin edilən icra başçılarını qəbul edən zaman məhz bu məqama diqqət çəkən prezident İlham Əliyev qeyd etdi ki, icra hakimiyyəti başçıları çalışmalıdırlar ki, regionlara sərmayə qoyulsun və bunun üçün səy göstərilməlidir.
Azərbaycan regionlarına investisiyaların cəlb edilməsi potensialı isə kifayət qədər yüksəkdir. Bu baxımdan ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə və qəbul edilən strateji qərarlar qlobal nəqliyyat dəhlizlərinin Azərbaycana yönəlməsinə nail olundu.
Yeni Bakı Beynəlxalq Dəniz ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və hər iqtisadi rayonda müasir hava limanları infrastrukturunun yaradılması imkan verir ki, Azərbaycanın şəhər və rayonları qlobal ixrac zəncirinə asan şəkildə qoşulsun.
Müşahidələr onu deməyə əsas verir ki, regionlar investisiyaların cəlbi prosesində o qədər də aktivlik nümayiş etdirmirlər. Məhs regionlara aid iqtisadi imkanlar barədə online resurslarda informasiyanın az olması potensial investorların digər ölkərə və ya regiona üz tutmasına səbəb olur.
Bakı niyə investisiya paytaxtına çevrilir?
Azərbaycan regionlarına daxili və xarici investisiyaların icra hakimiyyətləri tərəfindən cəlb edilə bilməməsinin əsas səbəblərindən biri də yerli icra hakimiyyətlərinin investisiya potensialları ilə bağlı vahid strategiyaya malik olmamalarıdır. Yenidən yerli icra hakimiyyətlərinin internet saylarına nəzər salaq. Xəbərlər bölməsində İcra Hakimiyyətlərində potensial investorlarla hər hansısa görüşün keçirilməsi və ya investorlara hər hansısa təqdimatların edilməsi ilə bağlı informasiya yoxdur.
Bu isə o deməkdir ki, yerli orqanlar investisiyanın cəlbi üçün yetərli səviyyədə iş həyata keçirmirlər. Ona görə də Bakının dialoq platformasına çevrilməsi, paytaxtın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi investisiya potensialını artırır və bu baxımdan gələn gəlirin böyük hissəsini Bakı və Abşeron yarımadası cəlb edir.
Bu isə regionla Bakı arasında iqtisadi fərqi artırır, daxili miqrasiya Bakı şəhərinə baş verir və paytaxt infrastrukturu həddindən artıq yüklənir. Bu prosesin uzun müddət davam etməsi regionların bacarıqlı işçi qüvvəsinin də azalmasına gətirib çıxaracaq ki, nəticədə regionlar əmək qüvvəsinin çatışmazlığını hiss edəcəklər.
İqtisadçı Ruçir Şarmada hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə paytaxtla ikinci şəhər arasında əhali sayının nisbəti 3/1 bərabər olarsa, bu, gələcəkdə disbalans yarada və iqtisadi inkişafı tıxaya bilər.
Çıxış yolu nədir?
44 günlük Vətən savaşı ilə uzun illər davam edən erməni işğalına son qoyulması, ölkə sərhədlərinin tam şəkildə bərpa edilməsi Azərbaycanın iqtisadi imkanları baxımından da yeni səhifə açdı. Xüsusən də Laçın-Kəlbəcər və Yuxarı Qarabağ iqtisadi rayonlarının ümumi Azərbaycan iqtisadiyyatına qoşulması yeni iqtisadi prioritetləri və idarəetmə modelini günün reallığına çevirdi.
Prezident İlham Əliyevin 2 fevral Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının məqsədi kəmiyyət deyil, keyfiyyət göstəricilərini yüksəltməklə dayanıqlı iqtisadi artımın təmin edilməsidir.
Yəni yeni dönəmdə əsas məsələ yalnız iş yerlərinin sayının artırılması deyil, eyni zamanda yaradılan iş yerlərinin dəyərinin yüksəldilməsi prioritet olaraq müəyyən edilir.
İqtisadi inkişafın birinci mərhələsində Azərbaycan üçün əsas hədəf aqrar sahənin istehsal potensialını artırmaqla həm daxili ərzaq təhlükəsizliyini təmin etmək, həm də kütləvi iş yerlərinin açılması idi. Azərbaycan qarşıya qoyduğu bu hədəfi 2020-ci ilə qədər uğurla reallaşdıra bildi.
Ancaq aqrar sahədə innovasiyaların tətbiqi məhsuldarlığı yüksəltsə də, əməyin dəyərini lazımi qədər artırmır. Ona görə də 2021-ci ildən sonra qurulacaq yeni iqtisadi modelin ana xətti qeyri-neft sənayesində istehsal zəncirinin qurulmasından ibarət olacaq. Xüsusən də sənaye parklarının və aqropark kimi müasir sənaye infrastrukturunun qurulması xammal ixracından yarımfabrikat və son məhsul ixracına qədər istehsalı genişləndirməyə imkan verir.
Dünya Bankının araşdırmaları da göstərir ki, istehsal zəncirində iştirakın 1% artırılması, adambaşına düşən gəlirlərin 1% yüksəlməsinə nail olmağa imkan verir. Ümumiyyətlə, bütün postmüharibə iqtisadiyyatlarının tarixinə nəzər saldıqda uğurlu inkişafın məhz fabriklərin yaradılması ilə müşahidə edildiyini görmək olar. Beləliklə, bu, tədricən insan resurslarının həm keyfiyyət, həm də dəyər artımına təsir edir. Başqa sözlə, geyim tikişindən başlanan istehsal tədricən daha dərin elm tutumlu sahələrin yaranmasına və beləliklə də, ixrac səbətinin çeşidi ilə paralel onun dəyərinin də artırılmasına müsbət təsir edir.
Dərin istehsal sahələrinin yaradılması isə müxtəlif şəhərlərin daha sürətli inkişafını, orada maliyyə, sığorta, xidmət sektorunun keyfiyyətinin artımını şərtləndirir. Bu da inklüziv cəmiyyət quruculuğu üçün vacibdir.
Ona görə xarici investisiyaların Azərbaycan regionlarına axın etməsi bu regionlarda istehsalın genişləndirilməsi, eyni zamanda əmək qüvvəsinin cəlbi üçün ciddi rəqabət mühiti formalaşdırır.
Misal üçün, 1920-ci illərdə Henri Ford öz istehsal sahələrində işçilərin əməkhaqqını hiss ediləcək dərəcədə artırırdı. O, bunu çox qazandığı və ya xeyirxah olduğu üçün etmirdi. Həmin dönəmlərdə ABŞ-da sənayeləşmənin sürətlənməsi Ford müəssisələrindən işçi qüvvəsinin rəqiblərə axını ilə müşahidə olunurdu. Buna görə də Henri Ford öz istehsalını qorumaq üçün işçilərə ödənişləri artırmaq məcburiyyətində qalmışdı. Bu mənada yeni iqtisadi modeldə istehsalın genişləndirilməsi, onun intellektual potensialının artırılması şirkətləri təkcə satış bazarı uğrunda deyil, eyni zamanda əmək bazarı uğrunda da rəqabətə sövq edir.
Bununda nəticəsində regionlarda yüksək dəyərli iş yerləri yaranır və daxili miqrasiya paytaxtdan regionlara doğru dəyişir.
Ona görə də Azərbaycan üçün yeni mərhələdə əsas məqsədlərdən biri də regionların iqtisadi inkişafını Bakının inkişaf səviyyəsinə yaxınlaşdırmaqdı. Ümumiyyətlə, Azərbaycanın bütün regionlarının tək ölkə iqtisadiyyatına deyil, ümumilikdə qlobal iqtisadi zəncirə qoşulmaq imkanı mövcuddur.
Burada təkcə regionun spesifik potensialı deyil, ümumilikdə daha geniş mənada qlobal dəyər zəncirində iştirak prioritet olmalıdır. Misal üçün, Mərakeş dövləti Fransanın “Renault” şirkətini, Polşa “Hyundai” şirkətini öz regionuna investisiya yatırmaq üçün cəlb edə bilib. Burada əsas faktor adıçəkilən ölkələrin böyük bazarlara yaxınlığıdır. Azərbaycan regionları da bu nümunədən uğurla istifadə edə bilərlər. Belə ki, Azərbaycan ətrafında 350 milyonluq böyük bazar mövcuddur və bu da xarici investorlara əlverişli bazar imkanı verir.
Başqa sözlə, regionlarda sırf xarici bazarlara yönəlik istehsal prosesini təşkil etmək üçün böyük potensial var.
Son dönəmdə dünyaca məşhur sərinləşdirici istehsal edən Transmilli Korporasiyanın 30 mln dollar dəyərində yatırımı Azərbaycanın İsmayıllı bölgəsinə yönəltməsi onu göstərir ki, artıq xarici investorlar ölkəmizin istənilən bölgəsində iştiraka hazırdır. Ümumiyyətlə, Azərbaycanın qeyri-neft sənayesində ilk dəfə hansısa Transmilli Korporasiya regiona investisiya yatırır. Bu faktın özü onu göstərir ki, artıq Azərbaycan yaxın gələcəkdə qlobal dəyər zəncirinə qoşulmaq imkanına malikdir.
“Place Branding and Public Diplomacy”nin təsisçisi Saymon Anxoltun "index good country" tədqiqatına əsasən, hansı ölkə ki, bəşəriyyətə daha çox fayda verir, o ölkələrin investisiya cəlb etmək imkanları daha yüksək olur.
Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi qlobal hümanitar siyasət strategiyası ölkənin tanınma əmsalını da yüksəldib, bu da yerli icra hakimiyyəti orqanlarına imkan verir ki, daha asan şəkildə təmsil etdikləri bölgələrə investisiya cəlb etsinlər.
Əsas məqamlardan biri də, Azərbaycanın aqrar rayonlarının istehsal zəncirinə qoşulmasıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin aylıq ixrac icmalı hesabatlarının bir neçə ildir ki, dəyişməz favoriti kənd təsərrüfatı məhsullarıdır. Bu məhsullar əsasən yaş formada və ən çox Rusiya bazarına göndərilir. Halbuki, prezident İlham Əliyevin müəyyən etdiyi əsas strategiya istehsal zəncirinin son məhsula qədər genişləndirilməsidir.
Bu istiqamətdə yerli icra hakimiyyətləri və bələdiyyələr xüsusi rol oynaya bilər. Bu sahədə isə əsas nümunə rolunda elə Azərbaycan modeli çıxış edə bilər. ABAD kəndli fermerlərin həyatının asanlaşdırılması istiqamətində ən gözəl nümunədir.
Ona görə də yerli icra hakimiyyətləri bu nümunəni yaxından öyrənib ayrı-ayrı lokal brendlər yaratmaqla regionlarda mikro-sahibkarlığın inkişafını sürətləndirə bilərlər.
Bir sözlə, yeni iqtisadi mərhələdə Azərbaycan iqtisadiyyatı qlobal trendlərə transformasiya olmalıdır. Bu transformasiya isə yalnız bütün regionların aktiv iştirakı ilə uğurlu ola bilər. Ona görə də İcra Hakimiyyətləri prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi kursa uyğunlaşmalı və fəallığı artırmalıdırlar.
Aqil Məmmədov, Bizim Media