Azərbaycanda kredit götürmək istəyən vətəndaşların ən çox verdiyi suallardan biri rəsmi iş yerinin vacibliyidir. İnsanların bəziləri əmək müqaviləsi olmadan da banka müraciət edir, amma bu zaman müəyyən risklər və əlavə şərtlər ortaya çıxır.
Bizim.Media “mətbuat.az”a istinadən xəbər verir ki, hüquqşünas Elcan Həsənlinin sözlərinə görə əsas şərt gəlirin sübut olunmasıdır:
"Rəsmi əmək müqaviləsi olmadan da kredit verilə bilər, amma bu halda bank girov və ya zamin tələb edə bilər, yaxud qeyri-rəsmi gəliri təsdiqləyən sənədlərə ehtiyac yaranır. Əgər kimsə evini və ya obyektini icarəyə verirsə, rəsmi müqavilə və ödəniş qəbzləri banka təqdim oluna bilər. Bu halda icarə gəliri gəlir mənbəyi kimi qəbul edilə bilər.
Əgər vətəndaş fərdi sahibkardırsa, vergi ödəyicisidirsə və ya kiçik biznesi varsa, bu zaman bankdan kredit almaq mümkündür. Bunun üçün vergi bəyannaməsi, icarə müqaviləsi və ya biznes fəaliyyətini təsdiqləyən digər sənədlər təqdim olunur".
Mövzu barədə iqtisadçı Eyyub Kərimli isə bildirib ki, rəsmi gəliri olmayan şəxslərə kredit verildiyi zaman banklar risk faktorunu nəzərə alaraq daha yüksək faiz tətbiq edirlər:
“Bu kreditlərə tətbiq edilən faizlər dəfələrlə çox olur. Bu qədər faizin tətbiq edilməsinə səbəb vəsaitlərin geri ödənilmədiyi təqdirdə həmin faizlər hesabına bağlanılması göstərilir. Vətəndaşlar kredit götürən zaman onun geri qaytarılma yolları barədə öncədən düşünməlidirlər. Yaxşı olardı bu məsələlərdə daha çox rəsmi məlumatlar üzəridən sənədləşmə aparılsın”.
Bizim.Media