Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə enerji həyatımızdakı əhvalımızı bayrama çevirən bir hadisənin şahidi olduq - Azərbaycanın enerji tarixində mühüm hadisələrdən biri olan Bakı Enerji Həftəsi öz qapılarını 30-cu dəfə iştirakçılara açdı.
Bakı Enerji Həftəsi
2-4 iyun tarixlərində Bakıda keçirilən enerji həftəsində imzalanan sənədlər, səsləndirilən cingiltili bəyanatlar məni istər-istəməz 90-cı illərin ikinci yarısına apardı. Onda da bu beynəlxalq tədbirdə belə aktivlik yaşanırdı. Çünki ölkə xarici enerji şirkətləri üçün təzə açılmağa başlayırdı və hərə bu imkanlardan yararlanmağa çalışırdı.
Təsəvvür edirsinizmi, 2025-ci ilin Bakı enerji həftəsində nə qədər sənəd imzalanıb? Bircə bp şirkəti Azərbaycanda yaxın illərdə reallaşdıracağı layihələr üzrə 6 sənəd imzalayıb. Bundan əlavə Azərbaycanın quru ərazisində kəşfiyyat işləri ilə bağlı 3 razılıq əldə edilib və dənizdə 2 kəşfiyyat layihəsi üzrə sənədlər imzalanıb. Yaşıl enerjiyə gəldikdə isə... müxtəlif təyinatlı imzalanan sənədlərin sayı 8-ə çatıb. Bəs Azərbaycanla enerji əməkdaşlığına yönələn bu maraq nədən qaynaqlanır?
Prezident İlham Əliyevin mesajları
Bu sualın cavabını iyunun 2-də Xəzər beynəlxalq enerji sərgisinin 30-cu yubiley tədbirinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin nitqini təhlil etdikdə aydınlaşdırmaq mümkündür.
Dövlət başçısı əvvəlcə Azərbaycanın müstəqillik dövründəki enerji tarixinin başlanğıc nöqtələrinə, daha sonra gələcəyə dair strateji baxışlara toxundu. O qeyd etdi ki, müstəqil Azərbaycanın enerji sektorunda dönüş nöqtəsinin əsası Ulu Öndər Heydər Əliyevin uzaqgörən qərarları nəticəsində qoyulub. Müstəqilliyin ilk illərində müharibədən çıxmış, ağır iqtisadi böhranla üzləşmiş bir ölkədə xarici sərmayələri cəlb etmək asan deyildi. Lakin Ümummilli Liderin 1994-cü ildə ərsəyə gətirdiyi “Əsrin Müqaviləsi” Azərbaycanın enerji xəritəsini və beynəlxalq imicini tamamilə dəyişmək qüdrətində oldu.
Bu gün isə mənzərə tam başqadır.
Azərbaycan sabit siyasi sistemi, güclü iqtisadiyyatı və azad edilmiş ərazilər üzərində suverenliyi ilə regional lider kimi çıxış edir. Dövlət başçısı tədbirdə vurğuladı ki, ölkənin xarici borcu ÜDM-in cəmi 7%-ni, maliyyə ehtiyatları isə xarici borcu 14 dəfə üstələyir.
Cənab İlham Əliyev xatırladıb ki, Azərbaycan zamanında infrastruktur layihələrinə böyük sərmayələr yatırdı. Nəticədə açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz artıq Avrasiya məkanının vacib nəqliyyat qovşaqlarından birinə çevrilmişik. Bununla yanaşı, məhz Azərbaycanın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib. Təbii ki, buna Azərbaycan ilk növbədə Xəzərin böyük qazının böyük bazarlara çıxışı ilə nail oldu və bu cür masştablı layihələrlə həm yeni-yeni tərəfdaşlar qazandı, həmçinin Avrasiya məkanının enerji bazarına yeni bir nəfəs gətirə bildi.
Dövlət başçısı Azərbaycanın dəniz yataqlarından İtaliyanın cənub sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizini enerji layihələrimizin tacı adlandırıb. “Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da ənənəvi enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır”, deyə İlham Əliyev vurğulayır.
Artan qaz ixracı
Azərbaycan Prezidenti bu məqamda xüsusi ilə Avropadakı istehlakçıların böyük marağına səbəb olan bir açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın təbii qaz ixracı ötən il 25 milyard kubmetri ötüb. “Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıb və proses irəliyə getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq”, deyə İlham Əliyev vurğulayıb.
Qeyd edim ki, Azərbaycan qazının ixrac dinamikasına nəzər yetirsək, görürük ki, ötən 5 ildə ixracı 87,4% artırmağa qadir olmuşuq. Demək, beş il sonra bunu təqribən 32% artırmaq heç də mürəkkəb məsələ olmamalıdır. O mənada ki, planlaşdırılan işlər zamanında həyata keçsin.
Yeni qaz layihələri
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan qazının gələcək artım həcmlərinə təsir edəcək bir neçə saziş imzalandı. Onlardan ən mühümü təbii ki, “Şahdəniz” Kompressiya layihəsidir.
İyunun 3-də “Şahdəniz” konsorsiumu yatağın işlənməsinin növbəti mərhələsi olan Şahdəniz Kompressiya layihəsi üçün yekun investisiya qərarını elan etdi. Bu, o deməkdir ki, Azərbaycan hökuməti layihə üzrə qoyulacaq 2,9 mlrd dollar dəyərində kapital qoyuluşunu müqavilə şərtlərinə uyğun olaraq təsdiq edir. Layihənin məqsədi yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarının hasilatına və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.
Layihə üzrə bir yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatı gözlənilir.
Heyətsiz olacaq platforma
Bu layihənin bir neçə özəlliyi var ki, bundan əvvəl Xəzərdə aparılan əməliyyatlarda baş verməyib. Əvvəla, dənizin 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” platformasından 3 km aralıqda tikiləcək yeni platforma tam şəkildə heyətsiz, yəni heç bir insan olmadan istismar ediləcək.
İkincisi, bu platformanın enerji təminatı sahildən çəkilən sualtı elektrik xətti ilə həyata keçiriləcək. Yəni digər platformalardan fərqli olaraq enerji təminatı üçün dizel generatorları və qaz turbinlərindən istifadə edilməyəcək. Bu isə hasilat zamanı atmosferə atılan karbon emissiyalarının minimuma endirilməsi deməkdir. Sual edə bilərsiniz ki, bəs Səngəçaldan gələn elektrik ənənəvi enerji hesabına əldə edilməyəcəkmi?
Hasilatın yaşıllaşdırılması
2029-cu ildə bu platforma istismara veriləndə artıq Səngəçal terminalı tam olaraq “yaşıl enerji” hesabına təmin ediləcək. Hansı mənbədən? BP və tərəfdaşları bu kimi məsələlərdə uzaqgörən addım atıblar. Elə Bakı Enerji Həftəsində Cəbrayılda tikiləcək 240 meqavatlıq “Şəfəq” adlı günəş elektrik stansiyası üzrə yekun investisiya qərarının verilməsi də buna hesablanıb. Orada hasil edilən yaşıl mənbəli elektrik Azərbaycanın enerji sisteminə ötürüləcək, əvəzində lazım olan həcmlər Səngəçal terminalına veriləcək, burada isə indiyə qədər qazdan elektrik enerjisi istehsal edən turbinlər istismardan çıxarılacaq. Nəticədə həm o ətrafda səs-küy olmayacaq, həm də ətraf mühitə karbon qazı atılmayacaq.
Alınan elektrik enerjisi əvvəlcə “Şahdəniz”in yeni platformasını, daha sonra bp-nin Xəzərdəki bütün platformalarını yaşıl enerji ilə təmin edəcək. Bu çoxpilləli dekarbonizasiya əməliyyatını Xəzəryanı ölkələr içərisində ilk tətbiq edən neft-qaz ölkəsi də Azərbaycan olacaq. Demək, Azərbaycan bərpa olunan enerji və təbii qaz istehsalı arasında balansı qorumağa çalışır – bu isə öz növbəsində onun “məsuliyyətli enerji oyunçusu” imicini beynəlxaq aləmdə daha da möhkəmləndirir.
Yeni neft-qaz bumu
Azərbaycanda 2026-cı ildən başlayaraq yalnız iri neft və qaz layihələrinə 10 milyard dollardan çox kapital qoyuluşu gözlənilir. Nəticədə Azərbaycan yeni bir ənənəvi enerji bumu yaşayacaq. Bu layihələr üzrə 3 platformanın tikintisi planlaşdırılır ki, onların da istismara verilməsi 2028-ci ilin sonları və 2029-cu il üçün nəzərdə tutulub. Bəs bunlar hansı layihələr üzrə icra ediləcək?
İlk olaraq “Şahdəniz Kompressiya” layihəsi çərçivəsində tikiləcək heyətsiz platformadır.
İkincisi, “Qarabağ” yatağı üzrə tikiləcək və yenə də heyətsiz bir platforma olacaq. Ancaq onun istismarı neft hasilatı üçün nəzərdə tutulub. Və nəhayət, “Abşeron” yatağının növbəti mərhələsi çərçivəsində ərsəyə gələcək platforma. Onun haqda hələ müfəssəl məlumat yoxdur, çünki yekun investisiya qərarı bu ilin ikinci yarıısında verilməlidir.
Təsəvvür edirsinizmi nu işlərin masştabını? Azərbaycan praktikasında indiyə qədər reallaşan layihələrdən çıxış edib deyə bilərəm ki, bir platformanın tikintisinin pik dövründə tikinti meydançasında adətən 5 minə yaxın işçi heyəti olur. Demək, 15 minə yaxın iş yeri açılacaq və bu, düşünürəm ki, nəinki ölkədə işsizliyin azalması yönümündə açılmış bir imkan, hətta ölkədə orta əmək haqqının artımına töhfə verə biləcək layihələr olacaq. Çünki rəsmi statistikaya görə, neft-qaz sektoru Azərbaycanda orta əmək haqqının göstəricisinə görə liderdir.
Ən yüksək əmək haqları
2025-ci il aprelin əvvəlinə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1083,8 manat təşkil etdiyi halda mədənçıxarma sənayesində bu göstərici 3 min 961,2 manat olub. Yəni ölkə üzrə orta əmək haqqından düz 3,65 dəfə çox. Dövlət Statistika Komitəsi həmçinin mədənçıxarma sənayesi üzrə özəl sektorda əmək haqlarının 4,7 min manatı keçdiyini də qeydə alıb. Hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən neft-qaz layihələrimiz isə dövlət sektoruna aid biznes deyil.
“Qarabağ”dan çıxarılacaq neft
Azərbaycanın müstəqiliyi dövründə ölkəmizdə açılan yeganə neft yatağı olan “Qarabağ” yatağından 2029-cu ilin sonuna qədər ilk neftin hasil edilməsi planlaşdırılır. Belə əminlik isə ondan irəli gəlir ki, bu layihəyə bp kimi təcrübəli, Azərbaycana bağlı və rəsmi Bakının inandığı bir şirkət artıq rəsmən daxil oldu.
Bununla bağlı rəsmi sənədlər Bakı Enerji Forumu çərçivəsində imzalandı. “Qarabağ” yatağı sualtı infrastrukturla Azəri-Çıraq-Günəşli layihəsi ilə birləşdiriləcək və nəticədə layihəni daha qısa müddətdə və daha az kapitalla istismar etmək mümkün olacaq. Bu yataqda çıxarıla bilən neft ehtiyatları 21 mln ton cıvarında qiymətləndirilir. Amma ola bilsin ki, qiymətləndirmə quyuları qazıldıqdan sonra ehtiyatlar artsın.
Azərbaycanın yeni kəşfiyyat layihələri
Həmçinin bp şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən bir kəşfiyyat layihəsinə də qoşulub. Bununla bağlı iyunun 3-də imzalanan sənədlərdə göstərilir ki, Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən “Əşrəfi - Dan ulduzu – Aypara” sahəsi bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. Britaniya şirkəti burada kəşfiyyat quyusu qazmaqdan öncə üçölçülü geoloji-kəşfiyyat işləri aparacaq.
“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycanın quru hissələrində geoloji kəşfiyyat işləri aparmaq məqsədi ilə 1 saziş və 2 anlaşma memorandumu da imzalayıb. İlk sənəd Macarıstanın “MOL Group” şirkəti ilə Şamaxı-Qobustan sahəsinin kəşfiyyatı və işlənməsi üzrə kommersiya şərtlərinin razılaşdırılmasını nəzərdə tutur.
Bundan əlavə SOCAR ABŞ-nin Exxonmobil şirkəti ilə Azərbaycanın mərkəzi və qərb bölgələrində geoloji kəşfiyyat işlərinin aparlmasına dair, həmçinin Kanadanın “Gran Tierra Energy” şirkəti ilə Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə Anlaşma Memorandumu imzalayıb.
Beləliklə, bu həftə Bakıda enerji həyatımızda yaşananları yekunlaşdırsaq, deyə bilərik ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu bundan sonrakı illərdə də yüksəlişə doğru gedəcək və bu mənada Bakı Enerji Həftəsi həm enerjimizin hesabat məntəqəsi, həm də yeni mərhələyə keçidin simvoluna çevrilir, çünki enerji keçidi, məsuliyyətli əməkdaşlıq və qlobal dialoq üçün mühüm platforma rolunda çıxış edir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:00 / 09.06.2025
Azərbaycanda UNİKAL LAYİHƏ – Bu platforma insan əməyi olmadan ÇALIŞACAQ
Hazırda oxunan: Azərbaycanda UNİKAL LAYİHƏ – Bu platforma insan əməyi olmadan ÇALIŞACAQ
Hazırda oxunan: Azərbaycanda UNİKAL LAYİHƏ – Bu platforma insan əməyi olmadan ÇALIŞACAQ
253540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.