Yalançı endirim, şişirdilmiş qiymət – Marketlərdə alıcılar necə ALDADILIR?

Yalançı endirim, şişirdilmiş qiymət – Marketlərdə alıcılar necə ALDADILIR?

Hazırda oxunan: Yalançı endirim, şişirdilmiş qiymət – Marketlərdə alıcılar necə ALDADILIR?

251407

Son zamanlar ölkədə fəaliyyət göstərən market şəbəkələrində süni qiymət artımı, yalançı endirim kampaniyaları və istehlakçıların aldadılması halları artmaqdadır. Bu vəziyyət ictimai narazılığa səbəb olmaqla yanaşı, istehlakçı hüquqlarının pozulması məsələsini də gündəmə gətirir. Xüsusilə, məhsulların əvvəlki qiyməti süni şəkildə şişirdilərək “endirimli” kimi təqdim olunması alıcıları çaşdırır və bazarda şəffaflığın pozulmasına yol açır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli marketlərdə baş verən süni endirim kampaniyaları və qiymət manipulyasiyalarına dair vətəndaşlara mühüm çağırış edib.

O, bildirib ki, bu cür halların qarşısını almaq üçün yalnız dövlət qurumlarının deyil, eyni zamanda vətəndaş cəmiyyətinin də aktiv iştirakına ehtiyac var:

“İstehlakçı hüquqlarının qorunmasına məsul olan İqtisadiyyat Nazirliyinin müvafiq qurumları və ictimai nəzarət orqanları bu məsələlərə nəzarət etməlidirlər. Lakin ölkə üzrə fəaliyyət göstərən minlərlə marketə hər gün yerində nəzarət aparmaq fiziki olaraq mümkün deyil. Xüsusilə də Bakıda bu say 16 minə yaxındır”, - deyə o, bildirib.

Ekspert qeyd edib ki, belə olan halda vətəndaşların rolu daha da ön plana çıxır:

“Əgər marketdə şübhəli qiymət dəyişikliyi, yalançı endirim və ya etik olmayan satış üsulu müşahidə edilərsə, istehlakçılar mütləq şəkildə aidiyyəti qurumlara - İqtisadiyyat Nazirliyinin istehlakçı hüquqlarının müdafiəsinə cavabdeh qurumlarına və ya istehlakçı hüquqlarını müdafiə edən təşkilatlara müraciət etməlidirlər”, - deyə ekspert vurğulayıb.

Natiq Cəfərli vətəndaşları bu prosesə biganə qalmamağa çağıraraq bildirib ki, istehlakçılar yalnız alıcı deyil, eyni zamanda ictimai nəzarətçi funksiyasını da yerinə yetirməlidirlər.

Qeyd edək ki, qiymət manipulyasiyaları, yalançı endirimlər və alıcıların çaşdırılması halları son dövrlərdə xüsusilə böyük market şəbəkələrində artıb. Mütəxəssislər hesab edirlər ki, bu hallarla mübarizədə ictimai iştirakçılıq və şikayət mexanizmlərinin işlək vəziyyətdə olması mühüm əhəmiyyət kəsb edir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO